Süleyman Rüstəm
Başını uca tut!
Əziz dostum İlyas Əfəndiyevə
Yalnız özü üçün yaşayanların,
Alnı açıq olmur, üzü ağ olmur.
Vətəni qəlbində daşıyanların,
Ömür bağçasının gülləri solmur.
Biz vəcdə gəlmişik həyat güləndə,
Zirvələrdə yanıb söz məşəlimiz.
Yox, yox, yorulmayıb yeri gələndə,
Qələmi silahtək tutan əlimiz.
Könül! Bu şənlikdə fərəhlən, öyün,
Ünvanı aydındır sevincimizin.
Gümrahdan da gümrah görürük bu gün,
Mahir ustadını söz incimizin.
Dostumuz nə zaman doğulub deyə,
Söhbət yaşdan gedir yenə bu axşam.
Yaşı mən biləntək təhlil etməyə,
İcazə veriniz mənə bu axşam.
Bir yaş calansa da yaş üstə hər il,
Bunu dərd eləmək nahaqdır,nahaq.
Dostumun yaşını – pasporta deyil,
Ürəyinə baxıb görürəm ancaq.
Qocalıq, cavanlıq yaşla deyidir,
Cavanlar görmüşəm qocadan qoca.
Yaşı bəlli edən nə ay, nə ildir,
Dostum, başını tut ucudan uca!
İlyas! Bu şad gündə Süleyman kimi,
Ömrünün ən qaynar çağındasan sən.
Uğurlu yollarda mərd insan kimi,
Xəzansız ilk bahar çağındasan sən.
Həmişəcavan gör özünü, dostum,
Bu, xoş məsələhətdir dostlardan, məndən.
Yoruldum, qocaldım sözünü, dostum,
Dilinə gətirsən küsərik səndən!
1984