İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Zəlimxan Yaqub

Köhnə kişi

Xalq yazıçısı İlyas Əfəndiyevin ruhuna bağışlayıram

 

Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.

«Bahar suları»tək axırdı dili,
Çəmən qucağında çeşmə kimiydi.
Nəsrin şeriyyəti Valeh dilində,
Bayatı kimiydi, qoşma kimiydi.

Fikrə, düşüncəyə, zehnə, yaddaşa,
Əlvan naxışları vurdu yaşadı.
«Büllur saray»lara tamah salmadı,
Könül sarayları qurdu yaşadı.

Onun əsərələri taleyimizdi,
Hey bizdən danışdı, hey bizdən dedi.
Kamran 1 Borçalıdan söhbət açandı,
«Şeyx Xiyabani» Təbrizdən dedi.

Onun qələmində tariximiz də,
Tarixi ən kəskin ittiham da var.
Möhtəşəm hökmdar 2 ucalığı da,
«Məhv olmuş gündəlik», sönən şam da var.

Saçı zirvələrin qarına döndü,
Sarvantək daşıdı karvan dərdləri.
Onun qələmiylə dindi, danışdı
Qarabağ, Borçalı, Şirvan dərdləri.

Enişli-yoxuşlu həyat yolunda
Neçə dərə keçib, neçə dağ çıxıb.
Zaman sınağında təmiz, ləkəsiz,
Sənət sınağından üzüağ çıxıb.

Təzələr içində təzədən təzə,
Köhnələr içində köhnə kişiydi.
Uca şəxsiyyəti, əsərləriylə
Tamaşa kişiydi, səhnə kişiydi.

 

25 may 2010

 


 

1 «Unuda bilmirəm» və «Bizim qəribə taleyimiz» pyeslərinin qəhrəmanı.

2 «Hökmdar və qızı» pyesinə işarədir.