Ramiz Rövşən
İlyas müəllimin xatirəsinə
Daş atanlar az olmadı
Bu kişinin əkdiyinə.
Sevənlərdən yaza-yaza
Çəkildi öz təkliyinə.
Hərdən yaşla doldu gözü,
Bir cüt gölə döndü gözü,
Hərdən elə döndü üzü –
Daş mat qaldı bərkliyinə.
Dünyayla küsdü-barışdı,
Ağ varağa könül açdı,
Qarışdı, ruhu qarışdı
Ağ varağın paklığına…