Məmməd Aslan
Nə qaldı ki…
(İlyas Əfəndiyevin unudulmaz xatirəsinə)
«Altında yatarkən də bizimdir yerin üstü»»
Midhət Camal Kuntay
«Geriyə baxma, qoca»…
Geridə nə qaldı ki?!
Nə vardı, o yandaydı,
Bəridə nə qaldı ki?!
Baxan yoxdu öyüdə,
Nökəri də, bəyi də…
Qurutmuşuq göyü də,
Yeri də… Nə qaldı ki?!
Elə baxma hüznlə,
Həsrət çəkib, az inlə.
Pəri getdi sizinlə,
Pəridə nə qaldı ki?!
Təzədən bir də göyər!
Hər əzan: «Aman!» - deyər…
Nə din qaldı, nə dəyər;
Diridə nə qaldı ki?!
Zaman qatı, tale kür,
Kipriklər yumub – tökür…
Mürşidlər getdi bir-bir:
Müridə nə qaldı ki?!
29 aprel 2010