İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Çingiz Əlioğlu

Cıdır düzündə düşüncələr

İlyas Əfəndiyevə

 

Bu dağın başından baxsan aşağı
O dərə necə də qorxunc görünür!
Dərdən o tayda Ziyarət dağı
Hər axşam dumana, çənə bürünür.

Aşağı tərəfdə, yaşıl ovlaqdan
Baş alıb üfüqə gedən çöllərdə
Ulu babalarım qalxıb torpaqdan,
Üzü mənə tərəf gəlirlər birdən…

Yeriyib gəlirlər… addımı ağır,
Rəngləri solğundur, özləri yorğun.
Zəhimli gözlərdən bir sərtlik yağır,
Quruyub… baxıram, mən fağır-fağır.

Köhnə dost-tanışlar görüşür indi,
Ah, nələr danışmır baxışlar, nələr!
Mürgülü duyğular oyanır, dinir,
Tapışıb-öpüşür solğun kölgələr.

Gəlir doğmalarım, gəlir el-obam,
Onların muradı boydan qırıqdır.
Gəlir Həsənbaba – o ata-babam,
Yenə ayağında köhnə çarıqdır.

Bu da Bayram babam, qımışıb gülür,
Yanında Bilqeyis – tək qız balası.
O Xanım nənəmdir, gör haçan ölüb,
Göynəyir köksündə güllə yarası…

Bir az tərəddüdlə, bir az inamsız
Qaçıram onların qabaqlarına:
«-Bu mənəm, nəvəniz, tanımırsınız?..»
Di gəl, sükut qonur dodaqlarına…

Sakitcə gedirlər tək-tək, ya qoşa,
Sanki, heç görmürlər məni qətiyyən.
Yoxsa, onlar məni düşmürlər başa,
Bəlkə, başqa dildə danışıram mən?

Baş alıb gedirlər kirimiş, səssiz,
Müdhiş tənələri yandırır məni.
Boşalır o düzlər, o çöllər təmiz,
Lal sükut bürüyür, çölü, çəməni.

Hələ fikirlərdən ayrılmamışam,
O sözsüz qınaqlar nə idi, görən?
Mən hansı ümidi doğrultmamışam,
Hansı fürsətləri vermişəm əldən?

Bu sirri kaş mənə bir açın ola…
Görəsən, varammı, yoxsa yoxammı?
Baxdıqca onların getdiyi yola
Narahat bir fikir didir yaxamı.

«Yüz il bundan sonra, həmən bu yerdə
Nəvəmlə, bax bu cür, gəlsəm göz-gözə
Şərik olacaqmı məndəki dərdə,
Ya sükut pərdəsi çökəcək üzə?

Görəsən, o məni tanıyacaqmı?..
Yoxsa öz yoluyla gedəcək hərə?
Görən nəvəm məni qınayacaqmı,
Yaxud mən nəvəmi? Bilmirəm hələ…»

… Bu dağın başından baxsan aşağı,
O dərə necə də qorxunc görünür!
Dərədən o tayda Ziyarət dağı
Hər axşam dumana, çənə bürünür…

 

1981