Vahid Əziz
«Məhəbbət tamaşası»
Xalq yazıçısı, böyük dramaturqumuz İlyas Əfəndiyevin «Sən həmişə mənimləsən» və «Mahnı dağlarda qaldı» pyeslərinin səhnə təcəssümünü xatırlayarkən.
Dayandım səhnənin astanasında;
şəkil dəyişmərəm, pərdə salmaram,
çünki, «Məhəbbət tamaşasında»
daha nə sən varsan, nə də mən varam.
İndi yaşayırıq xatirələrdə,
çoxu elə bilər, ölüb-itmişik.
Yarımçıq qalsa da sonuncu pərdə-
alıqışsız-filansız çıxıb getmişik.
Tale özü etdi «düzəlişləri»:
əlimiz haçansa üzüləsiydi,
salanda hər kəsin öz dərdi-səri,
bu eşq ikimizin faciyəsiydi!
Səhnə dünya boyda, tamaşa qısa,
birdə baxıb gördük – aralanmışıq!
Sən məni, mən səni unuduruqsa-
nə fərqi, yaddaşda nə cür qalmışıq?
Səhnədə ikimiz, bir də ki, söyüd-
o da ki, bir dilsiz şahid kimiydi.
Coşan alqışların verdiyi öyüd
həm kövrək, həm də ki, səksəkəliydi!
Sükutdan az qaldı dirəklər sına,
bəlkə dağılmışdı, görə bilmədik?
Kiminsə havalı bağırtısına
sonuncu pərdədə tab gətirmədik.
Dayandım səhnənin astanasında;
işıqlar qapanıb, səs açıq qalıb.
Bəlkə bu «Məhəbbət tamaşası» da
bir dəli haraydan yarımçıq qalıb…
26 yanvar 2007