İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Ramiz Məmmədzadə

Məhəmməd oğlu İlyas

Böyük sənətkarımız
İlyas Əfəndiyevin işıqlı ruhuna

 

Üzündə, gözündə
peyğəmbər nuru vardı,
Saçları rüzgardan qopmuş dalğalardı.
Yerindəydi danışığı, gülüşü, yerişi,
Əfsanəydi, möcüzəydi bu kişi.

Burulğanlı, tufanlı günlərdən
Şimşək kimi sıyrılıb çıxdı
Məhəmməd oğlu İlyas,
Böhtanlardan, iftiradan uzaqdı
Məhəmməd oğlu İlyas!

Duyğuları şeh kimi
Səpildi ömrünün yarpaqlarıına,
O dağların, dərələrin
büllur bulaqlarına.

Hərdən qanrılıb geriyə baxanda
Gizli bir sızıltı keçdi ürəyindən…
Yox, üzmədi əllərini
Sevdalı günlərinin ətəyindən.

Könüllərdən-könüllərə
sevgi körpüsü saldı,
Ülvi istəklərin
fövqündə ucaldı.

Hələ oxunmamış neçə mahnısı qaldı –
orda – dağlarda,
O dağların arxasında
qalan dostları harda?

Bir dənizdi, dalğasıyla,
Bir aləmdi, qovğasıyla,
Bir ürəkdi, sevdasıyla,
Sirrini bilən oldumu?

Zəmisi, xırmanı vardı,
Dəni, dəyirmanı vardı,
Öz dərdi, dərmanı vardı,
Dərdini bölən oldumu?

Ömür yolu – halal, haqdı.
Qismət bildi belə bəxti.
Qılıncsız vuruşan vaxtı
Hayına gələn oldumu?

Ruhunda – Araz, Köndələn,
Sarı sim üstə köklənən,
Baharda doğulub gələn,
Payızda ölən oldumu?

Köksündə bir Qarabağ
düyünü qövr elədi,
Gördü bu fələk belədi.
Əlində ələk ələdi…
Hər gecə şam kimi
yandırdı barmaqlarını.
Sonra işıq kimi
Səpdi qaranlıqlara könül varını.

İndii doğma yuvasından
ucalır fəxri, vüqarı,
Nur balaları –
Elçini, Timuçini,
Nəvəsi, nəticəsi…
Rəngi solmayan səsi.
İndii otağı darıxır,
Qələmi, varağı darıxır,
Gecələr onunla yanan
Kövrək çırağı darıxır.

O qanadlar
səmada görünməz indi.
O göylər üfüqlərə endi…
Məkanını dəyişmiş planetdi
Məhəmməd oğlu İlyas.
Dostu-yarı tərk eləmiş
Bir ömür qatarından düşüb getdi
Məhəmməd oğlu İlyas…

 

 

9 noyabr 1996