Abbas Abdulla
Dünyadan gedişi. Dünyaya gəliş
İlyas Əfəndiyevin əziz xatirəsinə
İstanbula ölüm xəbəri gəldi.
Onsuz dünyanın
Zülmət gecələri,
Dərdli səhəri gəldi,
Qırıldı əlim-qolum.
Onunla görüşmək üçün
Bu dünyadan getmək istədim,
Bağlandı hər yana yolum.
Ağladım,
Göz yaşımı silməyə əlim yox,
Dərdimi deməyə dilim.
Dərdli-dərdli fikirləşdim,
İnanmadım ölüm xəbərinə.
Xəyalən yol gəldim
Bakı şəhərinə,
Görüşdüm ustadımla.
Yenə iftixar etdim
«Abbas kişi» söylədiyi adımla.
Ruhumu oxşadı
Yenə söhbəti – sözü.
Səsi qulağımda,
Gözüm önündə özü.
O, mənimçün Günəşdir, Aydır,
Aya, Günəşə taydır.
Günəş batanda yenidən doğar,
Ay batanda yenidən doğar,
İkisi də zülməti boğar.
Bütün bunlar Allahın işidir.
Böyük ustadın dünyadan gedişi
Dünyaya gəlişidir.
1996. İstanbul.