Vilayət Rüstəmzadə
Zirvə laylası
İlyas Əfəndiyevə ithaf
Bir gün yer yarıldı, bir zirvə uçdu,
Dağlar başsız qaldı, qayalar yetim.
Demədim: dünyanın axırı puçdu,
Bu yara bəlkə də sağalmaz - dedim…
Verdi öz hökmünü həyat qovğası-
Silindi güneydən sirli qalalar.
Uçdu qayalıqdan qartal yuvası,
Qalxıb qonşu dağa köçdü balalar.
Dəyişdi səmtini zərif şırnaqlar,
Üçquna dağ çayı tək sinə gərdi.
Yamacdan teylənib qopan irmaqlar
Enib, nəfəsini yarğanda dərdi.
Zirvəylə bir nəğmə köçdü dünyadan –
Dağların dağ ruhu, halal mayası.
Deyirlər həmin gün söküləndə dan
Bir layla doğuldu, zirvə laylası…
1977