Mədinə Gülgün
Könlümdən ucalan səs
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin 70 illiyinə
Ömrün yetmiş illik təntənəsidir,
İllər də, ellər də eşitsin, qardaş.
Könlümdən ucalan nəğmə səsidir,
İllər də, ellər də eşitsin, qardaş.
Rahatlıq bilmədin bir an da belə,
Bizi sevindirdin əsərlərinlə.
Sevincimiz bənzər çağlayan selə,
İllər də, ellər də eşitsin, qardaş.
Söyüdlər su içdi «Söyüdlü arx»dan,
Hey sorağın gəldi arandan, dağdan.
Yazdıqca güc aldın doğma torpaqdan,
İllər də, ellər də eşitsin, qardaş.
«Körpüsalanlar»la bir körpü qurdun,
Ona pozulmayan naxışlar vurdun.
Sənəti dincliyin fövqündə gördün,
İllər də, ellər də eşitsin, qardaş.
Bu gün bayramına gəlibdir yəqin
Sənin Valehinlə Sarıköynəyin. 1
Var olsun bu eşqin, bu məhəbbətin,
İllər də, ellər də eşitsin, qardaş.
Gəlib Natəvan da bir dəstə güllə,2
Çırpınan, kövrələn, yanan könüllə.
Gəl onun mehriban səsini dinlə,
İllər də, ellər də eşitsin, qardaş.
Kim deyir ki, «Mahnı dağlarda qaldı»?
Dağların mahnısı bir xalqın oldu.
Mahnı da ürəkdən-ürəyə yoldu,
İllər də, ellər də eşitsin, qardaş.
Aşıb Qaradağdan, keçəydin çaydan,
Gərək mən gələydim bu gün o taydan.
Fəqət «Təbriz» gəlib «Büllur sarayda»n,3
İllər də, ellər də eşitsin, qardaş.
Yurd sal ürəklərdə hər təzə sözdən,
Adın düşməsin heç bu səhnəmizdən.
Sənin yüz yaşına gələk Təbrizdən,
İllər də, ellər də eşitsin, qardaş.
1 iyun 1984.
1 «Sarıköynəklə Valehin nağılı» romanının qəhrəmanları (Şərhlər redaktorundur).
2 «Xurşidbanu Natəvan» pyesi nəzərdə tutulur.
3 Təbriz – «Büllur sarayda» pyesindəki surətin adıdır.