Firuzə Məmmədli
Adın gələndə
Xalq yazıçısı İlyas Əfndiyevə
Sözlər əzizlənir adın gələndə,
Ey ustad, Tanrıya ucalır sözün.
Deyən arzusuna çatır qələmlər,
Həzin duyğuların açılır gözü.
«Dağlar arxasından» əl edir «üç dost»,
Dağlar – xan qızının «Büllur sarayı».
İlişib «dağlarda qalan mahnını»
Daha nə axtaraq, nə də arayaq.
Daşsın gözümüzdən «Bahar suları»,
Su deyil, qan axsın «Söyüdlü arxdan».
Nahaqca qurutduq axar suları,
Bu qanı su ilə yuduq nahaqdan.
«Üçaçılan» qınında qalıb paslanır,
«Salınan körpülər» laxlayır daha.
Cavanlar sabahı görmək istəmir,
«Qocalar geriyə baxmayır» daha.
«İşıqlı yollardan» keçdi min kərə,
«Mənim günahım»ın sınağı yoxdur.
Baxıram «Məhv olmuş gündəliklərə»,
«Qəribə oğlan»ın günahı yoxdur.
Sözlər əzizlənir adın gələndə,
Ey ustad, Tanrıya ucalır sözün.
Deyən arzusuna çatır qələmlər,
Həzin duyğuların açılır gözü.
2010