İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Musa Ələkbərli

Unuda bilmirik

Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə

 

Axdı könüllərə «Bahar suları»,
Ayrı bir sehr oldu «Söyüdlü arx»da.
Sirli qələminin meyvəsi, barı,
Hələ qarşıdaydı, hələ qabaqda…

Söz-söz, kəlmə-kəlmə duruldu hissin,
Ömrün dərslik oldu dil sevgisinə.
Ən ülvi hisslərə vuruldu hissin,
Çevrildi tükənməz el sevgisinə…

Açsın, açıqlasın sənət bu sirri,
Qoyduğun adlar da əsl şeirdi.
«Dağlar arxasında üç dost»dan biri
Kimi dindirirdin, - mənəm, deyirdi.

İlham ocağının kökü dərində,
Oxunmaq, baxılmaq düşdü baxtına.
Xan qızı Natəvan bir əsərində
Ucaldı sənətin şahlıq taxtına!

Könlünü atəşə bələdikcə sən,
Ən zərif duyğular kükrədi, daşdı!
Nəsrdə şairlik elədikcə sən
Şeirdə nasirlik edənlər çaşdı!

Ömrün təlatümdə, hayda, harayda,
Başının ayrı cür tufanı oldu.
Bizə göstərdiyin «Büllur sarayda»
Dustaq ürəklərin üsyanı oldu!

Ay «Şəhərdən gələn ovçu»ya yanan,
Necə hörmət qoydun Səməd haqqına!
Bəylik, bəyzadəlik haqqını danan
Toxuna bilmədi sənət haqqına!

Arzular, ümidlər çırpıldı daşa,
Etiraz duyuldu ötkəm səsində.
Şöhrət başağrısı olurmuş başa,
Gördük «Atayevlər ailəsində».

Sənsiz qarşıladı neçə dağ bizi,
Xoşbəxtlik o ötən çağlarda qaldı.
Yaman günə qoydu Qarabağ bizi,
Doğrudan da «Mahnı dağlarda qaldı».

Tanrı dara çəkir indi bizləri,
Ağlar ruhumuzu soyub gəlmişik.
Kövrək duyğuları, nəcib hissləri,
Ustad, Qarabağda qoyub gəlmişik.

Şeirimi ruhunla bu gün dinləsən,
Vallah dinləyərsən…
Düz deyir hissim.
Hər yerdə, həmişə sən bizimləsən,
Unuda bilmirik, İlyas müəllim!!!