İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Məmməd Kazım

Əbədi saxlanc

Ustadımız İlyas Əfəndiyevin ailəsinə töhfəm

 

Tatarıstan, doğma yurd,
Türk uluslar ocağı.
Dostların qonağıyam
Yazın bu süslü çağı.

Burda səadət tapıb
Neçə nəsil tərlanım.
Onların qayğısıyla
Xoş keçir günüm, anım.

Keyfin belə saz vaxtı
Təzə, xoş soraq gəlir.
Azəri teatrımız
Kazana qonaq gəlir.

Qırx seçimli aktyor
«Arılar arasında»1
Qəlblərin hənrində,
Gözlərin qarasında.

Yer tutur, rəğbətlənir
Aktyorlar yerinə
Coşğun, isti ürəklər
Özləri daşır, dinir.

Kamal Milli Teatrı2
Olub diqqət nöqtəsi.
Könül-könül çağlayır
Elçin İlyas oğlunun3
Ürək titrədən səsi

«Arılar arasında»,
Dərin qatlı fəlsəfə.
Fikrin şimşək siqləti
Zülmətlərədən sıyrılıb,
Axıb düzülür səfə.

Dinləyənlər gözündə
Parlaq görünür səma,
Qalxıb dirilir inam.
Səmimiyyət selini
Ruha içirir ilham.

Nurəddin Mehdixanlı4
Səhnə üfüqlərində.
Fikrinin qanadları
Kəhkəşanda bərq vuran
Ulduzların yerində.

Özündən yox xəbəri,
Söz-söz özündən çıxır.
Fikri bahar daşqını
Daşıb dözümdən çıxır.

Çırpınan ağ qanadlar
Düzülüb qatar-qatar.
Tərcüməyə yox hacət,
Fikri yanarlığından
Duyub-anlayır tatar.

Mütəllimli Firəngiz5
Dalğalanan ağ dəniz.
Hisslər hissə calanır,
Çağlayıb çalxalanır.
Xəyal atəşgahları
Ənginlikdə qalanır.

Qalaktika arzular
Qızıllanıb gərilib.
Göz işləyən hər yerə
Zərdüşt odu sərilib.
Nəsillik saxlancdı bu
Tanrı özü saxlasın.
Tarix sıxıb köksünə
Əbədi qucaqlasın!

 

 

2008. Kazan.

 


 

1 Xalq yazıçısı Elçinin pyesinin adı.

2 Tatarıstan Dövlət Akademik Dram teatrı nəzərdə tutulur.

3 İlyas Əfəndiyev – Azərbaycanın böyük yazıçı-dramaturqu.

4 Əsərin baş rolun ifaçısı

5 Əsas rollardan birinin ifaçısı