Oqtay Rza
Müdrik yazıçımız İlyas Əfəndiyevə
Yenə izdihama qoşulub mən də
Gəldim Xiyabana, İlyas müəllim!
Kaş bu sətirlərim anım günündə
Yayıla hər yana, İlyas müəllim!
Əsərlər – ədəbi sərvətin, varın,
İncisi, yaqutu çoxsaylı, min-min.
Fəxrimiz-sevimli yadigarların:
Şöhrətli Elçin, hörmətli Timuçin…
Sənətkar yaşamaz həyatdan ayrı,
Sağ olsun əhdinə sadiq qalanlar –
Coşub çağlayanda «Bahar» suları»,
Dağ çayı üstündə «Körpü salanlar».
« Natəvan» özünün gül bağındadır,
Ruhu Şuşamızın Kirs dağındadır.
Bir gözəl boylanır «Büllur saray»dan,
«Hökmdarın qızı» otağındadır.
Yoxdur yad hüceyrə türkün qanında,
Fəqət çən çoxalıb, duman sürünür;
Çağdaş ədəbiyyat, söz meydanında
Ustad, həmişəlik yerin görünür.
Dərinlik, ucalıq rəmzidir adın,
Məzarın-müqəddəs, xatirən – əziz!
Möhtəşəm salnamə yaratmasaydın,
Kimə güvənərdi milli səhnəmiz?!
Yenə izdihama qoşulub mən də
Gəldim Xiyabana, İlyas Əfəndi!
Kaş bu sətirlərim anım günündə
Yayıla hər yana, İlyas Əfəndi!
29 aprel 2010