İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Ramiz Heydər

Canlı bir heykəldin

 

«Bahar suları»yla çağladın, daşdın,
Gör necə sürətlə dindin, danışdın.
Sənət atəşiylə yandın, alışdın, -
Guruldayan seldin, İlyas müəllim.

Yurda «Xan qızı»1 tək əsəri verdin,
Həmişə vüqarla öndə gedirdin.
Xalqa oğul kimi xidmət edirdin
Bir gör neçə ildi, İlyas müəllim.

«Sarıköynək…»2 gözəl nağıl, inci, zər,
Tarixə həkk olub gör neçə əsər;
Hər incə mətləbdən verirdin xəbər,
Sarı simdin, teldin, İlyas müəllim.

Şəfəqin, nurundur – uca dağa bax,
Qəlbinin ağrısı doğma Qarabağ,
Köksündə açılan yaralara bax, -
Sağalan deyildi, İlyas müəllim.

Tükənmək bilmirdi şövqün, həvəsin,
Verirdin bizlərə həqiqət dərsin.
Gedirdi, gəlirdi xalqla nəfəsin,
Vətən, oba, eldin, İlyas müəllim.

Hey yazır, yazırdın iş otağında…
Bir qızıl tac idin sənət bağında.
Əbədiləşmişdin öz varlığında,
Canlı bir heykəldin, İlyas müəllim.

 

 

10 oktyabr 1996

 


 

1 «Xurşidbanu Natəvan» pyesi nəzərdə tutulur.

2 «Sarıköynəklə Valehin nağılı» romanı.