İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Ağacəfər Həsənli

Hamısı getdi

Sevimli yazıçımız İlyas Əfəndiyevin əsərlərini oxuyarkən

 

Böyük kişilərin hamısı getdi;
ətəyində namaz qılmağa,
kölgəsinə sığınmağa
bir adam qalmadı.

Dastan danışmağa, söz uydurmağa,
naşının üstünə göz ağartmağa,
ocaq yandırmağa, köz üfürməyə
bir başıpapaqlı tapa bilmədim.

Bir ağzıyaşmaqlı,
bir qaşqabaqlı
yoxdu kündə yapsın, xəmir yoğursun.
Gəlsin umac ovsun, əriştə kəssin,
getsin təndir salsın, cəhrə fırlatsın,
nehrə çalxalasın, dəhrə işlətsin-
deməsin bağ belə, ya bostan belə.

İtdi kənd-kəsəyin köhnə havası,
adı unuduldu köhnə halvanın,
dadı yaddan çıxdı motal pendirin.
Heç kəs ayranına turş demir indi,
bığı yağa batmır indikilərin-
çalınan havaya oynamır heç kəs,
ağzı qatıq kəsmir uşaq-muşağın…

Axı yuvasında rahat kirimir,
kürt yatan kəkliyi gedib tutasan,
təkliyin əlindən bezib itəsən.
Yetənə yetəsən, yetməyənə də
yerdən götürdüyün daşı atasan,
hoppanıb keçəsən «Söyüdlü arx»ı…