İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Hikmət Mahmud

Heykəl yaratdım

Ədəbiyyatımızın böyük simalarından olan, görkəmli dramaturq, sevimli xalq yazıçısı İlyas Əfəndiyevin əziz xatirəsinə

 

Söz elminlə neçə heykəl yaratdın,
El-obamı zirvələrə ucaltdın,
Qəlbindəsən həm yaxının, həm yadın.
Söz sərrafı, söz insanı olub sən
Dil-dodaqda, ürəklərdə gəzirsən.

Səntək yazar az-az olar dünyada,
Dar məqamda çox çatmısan imdada.
Sinə gərdin min alova, min oda,
Bu dövranın hər üzünü görmüsən,
Həm kədərin, həm sevincin dərmisən.

Çətin gündə arxa oldun elimə,
Söz şərbətin içirmisən dilimə,
Hər bir kəlmən bir məlhəmdir könlümə.
Neçə-neçə şah əsərlər bitirdin,
Elçin kimi müdrik övlad yetirdin.

Söz mülkünün sən ey böyük loğmanı,
Şan-şöhrətin bürüyübdür dünyanı,
Tariximdən yazdın neçə dastanı.
Ömrümüzdən ötsə əsir, keçsə il
Fikrin bizə tərtəzədir ilbəil.

Səhnələrdən gəlir arzı-muradın,
Haqqı sevib, nahaqqısa qınadın.
Sən bir dağsan var şöhrətin, var adın,
Qoca Qafqaz neçə dağdan qocadır,
Müdrik kəslər el gözündə ucadır.

Yüz imtahan, min sınaqdan keçmisən,
Saf suyu da üfürübən içmisən,
Büllurluqda, saflıqda dürr-incisən,
Çox dostları sən bərk gündə sınadın,
Ata yurdun olub qolun- qanadın.

Ağ tellərin Şah dağının qarıdır,
Qəlbin yanar günəşdən də nurludur
Sənətinsə bu dünyanın varıdır.
Hər ürəkdə öz sevimli yerin var,
Bu həyatda silinməz izlərin var.

Əsərlərin səhnəmizin bəzəyi,
Əks eləyir min arzu, min diləyi.
Yetirmisən neçə səhnə mələyi.
Bu dünyayla çox döş-döşə durmusan,
Azğınları yerində susdurmusan.

Göz önümdə başı qarlı bir dağsan,
Söz yurdunda axar-baxar bulaqsan.
İlyas müəllim! Ən nurlu bir ocaqsan,
Sən şan-şöhrət gətirmisən adına,
Doğulduğun Azərbaycan yurduna.