Tofiq Nurəli
«Mahnı dağlarda qaldı»
İlyas Əfəndiyevə
Bir gün bir bulağa dönüb qayıdır,
Çağlar şəlaləyə qonub qayıdır
Dönüb bənövşəyə,
nərgizə dönüb,
Lalələr oynayan bir düzə dönüb,
Şimşək işığında bir yolçu kimi
Atıb heybəsinə mənim qəlbimi
Ağ – çəhrayı çiçəkli
alma bağlarından keçib,
«Sevirəm» sözünün həyəcanıyla
Sevənlərin dodaqlarından keçib,
Qayıdır dağlarda qalan mahnılar…
Dəyib qayalara, sınıb qayıdır,
Payız güllərinə dönüb qayıdır.
Xəzərin sop-solğun təbəssümüylə,
Köhnə gitaranın qırıq simiylə,
Dağılmış qarınqac yuvalarından
Dağların boşalmış obalarından
Keçib, bu kədərli duman içindən
Bir lələk götürüb durna köçündən
Ömür qürubunun təlaşlarıyla,
Bir də ki, gecikmiş göz yaşlarıyla
Qayıdır dağlarda qalan mahnılar…
Qayıdır min illik uzaq səfərdən
Bu bariton səsli, yovşan qoxulu,
Bu yorğun avazlı, qəzyə-qədərli
Gözləri çuxura düşən mahnılar…
Çəliyə söykənib, başı hərlənən,
Al günəş altında üşüyən mahnılar…
Qayıdır yaşanmış ömür boyunca
Deyir ki,
geriyə baxma,
Ey QOCA!