İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Zülfüqar Şahsevənli

«Geriyə baxma, qoca…»

Əziz İlyas müəllimə

 

- Salam, yavrum, İlyas bəy!
- Ah, anamın səsidi…
Pıçıl-pıçıl açılan
Güllərin nəğməsidi.
- Geriyə baxma, qoca!
- Necə?
Nə dedin?
Qoca?!
- Açın,
qapını
açın!
- Ay uşaq, yoldan qaçın!
- Baxşəli bəy!
Vəli bəy!
- Geriyə baxma, qoca!
Baxsan…
Qırılır yuxu,
axır gedir buludlar…
Yaxşı ki, bu dünyada
Yaxşı-yaxşı kişilər,
Yaxşı-yaxşı umud var.
Umud var ki, qayıda
Şahsevən atlıları.
Əriyib, yoxa çıxan
Qıratın qanadları.
Qanadlana bəy qızı
Gümüştelli Bilqeyis,*
Uzana karvan yolu
Qarabağ,
Gəncə,
Təbriz…
Uzana nağıl kimi
Ərzurumun yolları.
Dolana boynumuza
Anamızın qolları.
Yaza, yoza yüz yerə
Dünyanın taleyini,
Qarabağlı balası.
Ucala qəlbimizdə
Azərbaycan qalası:
«Əziziyəm Qarabağ,
Şəki, Şirvan, Qarabağ
Dünya cənnətə dönsə,
Yaddan çıxmaz Qarabağ…»
Yaddan çıxmaz torpağın
Taleyini yazanlar.
İlahi bir səs deyir:
- Sən səbr elə, yazan var.
Yazan var, sözlərini
Qəlbinə, ürəyinə.
Halallıq qatılıbdı
Bu xalqın çörəyinə,
- Eheyy!
Dayan!
Səs gəlir:
- Geriyə baxma, qoca!
Baxıram,
İlyas müəllim
Dayanıb dağdan uca!..

 

 

2 iyun 1989

 


 

* İlyas Əfəndiyevin anası