İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Ramiz Qusarçaylı

Su dəyirmanı

Böyük yazıçımız İlyas Əfəndiyevin
«Su dəyirmanı» hekayəsini oxuyarkən
yazılan şeir

 

Gecə… Ay işığı… Dəyirman yolu…
Hıçqırır bir ölü sükutun səsi.
Boynumda yamyaşıl həsrətin qolu,
Üstümdə bəmbəyaz ayın kölgəsi…

Bu gecə bir baxış, bir naz ölürdü…
Bu ölümün dadı necəydi, gözəl?..
Mənim gözlərimdə dan sökülürdü,
Sənin gözlərində gecəydi, gözəl…

… Mənim hər çiçəyə quşum qonmayıb,
Hər ləçək qonmayıb qolumun üstə…
Fələk saymayanı sən özün sayıb,
Sən gəlib çıxmısan yolumun üstə…

Bir qara şüşədə gecənin canı,
İndi hər gecənin qara arxı var.
Həsrət özü boyda su dəyirmanı –
Bizi ürək-ürək çəkən çarxı var.

Sürüşür çiynimə gecənin donu,
İçimdə bir gözəl,
çölümdə bir gül.
Bu da ilk sevginin bitməyən sonu
Bu da son əvəzi,
nöqtəli vergül…