İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Qabil

Fədai

Xalq yazıçısı, qüdrətli dramaturqumuz İlyas Əfəndiyevə

 

Cəfər Cabbarlının ustad varisi
İlyasla səhnəyə nur axdı, gəldi.
Verginin cövhəri, təbin xalisi
«Bahar suları» tək, gur axdı, gəldi.

Teatr – ən ülvi məbədgah, ehram,
Ucuz şan-şöhrətə qapısı bağlı.
Sənətin əlçatmaz zirvəsi – dram,
Sıldırımlı yolu qarlı-sazaqlı.

Neynək…
Dünya dolu gəldi-gedərlə,
Sənət meydanı da doludu, heyhat!
Sərçə öz işində ciggiltilərlə,
Qartal əzəmətlə açır qol-qanad.

Asiman qaralar günəşsiz-aysız,
Böyük el yoluna bəzəkdi karvan.
Dəniz dayazlaşar nəhrsiz, çaysız,
Səhnə sənsiz olar dənsiz dəyirman.

Dünyaya gətirən gətirib səni,
Mirzə Fətəlilər sonsuz qalmasın.
Cavid təxəyyülü, Vurğun yelkəni
Üfüqdə varissiz qanad çalmasın.

Vaxtında yetirib yetirən səni,
Boşluğun əlinə keçmədi fürsət.
Böyük ehtiraslar böyük səhnəni
Bu saat səninlə qaldırır əlbət.

Bir var ötəri səs, ötəri nəfəs,
Gül-çiçək ötəri, alqış ötəri…
Beş günlük afişa – ötəri həvəs,
Ötəri cəlb edir fikri-nəzəri.

Bir də var – anadangəlmə – elə sən,
Fədai olasan, Fərhad olasan.
Qaçıb xırım-xırda şirnikmələrdən,
Əsərdən əsərə ustad olasan.

Bir var – bir yol dəyə güllən hədəfə,
Kifayətlənəsən – «Dəydi ki… bəsdir!»
Düz nişan alasan – bir var hər dəfə,
Bu, fitrətdən gələn sonsuz həvəsdir.

Yox-yox, bir düşünüb-daşınım gərək.
Təkcə «həvəs» sözü azdır, məncə az.
İti külüng gərək, zorlu qol gərək,
Bir həvəs gücünə dağlar çapılmaz.

Əsil sənətkarlıq çətin bir aləm,
Səhnə yazarlığı çətindən çətin.
Məkr və məhəbbət, sevinc ilə qəm
Baxtına paylanır neçə surətin.

Gəzirəm surətlər xiyabanında,
«Şeyx Xiyabani»ylə salamlaşıram.
O deyir: «Səhnənin bu dastanında
Təzə ümidlərlə coşub-daşıram.»

Ən nadir zərrəbin – sənətkar gözü,
Həm görür, həm də ki, göstərir aşkar.
Ən adi hökm də – sənətkar sözü,
Uçur bünövrəsiz «Büllur saray»lar.

Atayevlərin1 də tale kitabı
Bir gün varaqlandı sənin əlinlə.
Nargilə2 qızların pünhan əzabı
Şölə çəkib yandı sənin əlinlə.

Tutmusan nəbzini günün-rüzgarın,
Ürəklərdən keçir sənətin yolu.
Yaşıl pöhrəsidir Natəvanların
Qırmızı komandir – Baltaçı oğlu.3

Qəribə taleli sevgililərin4
Qiyamətə qaldı vüsalı, ustad!
Yaman təzələdi təzə əsərin
Bu köhnəlməz dərdi, məlalı, ustad!

Gəncliyin həyatı çağlar çay kimi,
Əbədi nəğməndir bu axar sənin.
Gəncliyin həyatı günəş, ay kimi,
Gün nurlu, ay bərqli aynan var sənin.

Səhrayi-Kəbirdə tikan deyilsən,
Mehdi var, Sabit var, Ənvər, Mirzə var.5
Heç kimdən təmənna uman deyilsən,
Bayrağın sancılmış neçə zirvə var.

Səhnə ulduzları parlayır bir-bir,
Ad alır, san alır, şöhrətə çatır.
Təzə aktyorlar nəsli yetişir,
«İlyas teatrı» məktəb yaradır.

Tarix yetişdirib Şekispirləri,
Görməmiş deyildir bəşər övladı.
Ancaq misilsizdir məndən ötəri
Xalqımın fədai oğlunun adı.

Eh…
Nə payız…
Nə qış, nə ömür, nə yaş?!
Yelkən qabarırsa, ümman daşırsa.
Bahar fəslindəsən – sənə ki, qardaş,
Hər ilk tamaşada gül yaraşırsa.

 


1 «Atayevlər ailəsi» pyesi nəzərdə tutulur

2 «Sən həmişə mənimləsən» pyesinin qəhrəmanı

3 «Mahnı dağlarda qaldı» pyesinin qəhrəmanı Nicat Baltaçı oğlu

4 «Bizim qəribə taleyimiz» və «Sevgililərin cəhənnəmdə vüsalı» pyesləri nəzərdə tutulur

5 Mehdi Hüseyn, Sabit Rəhman, Ənvər Məmmədxanlı və Mirzə İbrahimov