Cavad Zeynal
Yaradan yaşayır yaratdığında
Böyük yazıçı-dramaturqumuz
İlyas Əfəndiyevin unudulmaz xatirəsinə
«Unuda bilmirəm» o günləri mən,
O günlər gözümdə diri görünür.
Boylanıb baxanda bu günlərimdən
O günlər necə də iri görünür.
Yaxınlar, uzaqlar axardı sizə,
Ziyalı gözündə – qıraq nə idi?!
Sən arxa durardın arxasız kəsə,
Üzünə baxanda – çıraq nə idi…
Olmuşlar, keçmişlər hər anılanda
Durnalar Cabbara lələk salardı.
Hər təzə əsərin oynalınanda
Biletim evimdə hazır olardı.
Gələrdi tarixdən dərdli Natəvan,
Haray qoparardı, hay qoparardı.
Yayardı sürünü dağda Xançoban,1
Muğanda… Saranı sel aparardı.
Atayev çıxardı şəhər taxtına,
«Bahar suları»nda hey boğulardı.
Qulluqçu Gülgəzin2 qara baxtına
Dağların başında gün doğulardı.
Millətə qənimlər, xalqı əzənlər
Baxardın – qafası cinlilər olur.
Mümtaza, Müşviqə güllə kəsənlər
Erməni əsilli çinlilər olur.
Dərdlilər dərdinə dərdsizlər gülər,
Dərdləri dərdlilər bölüşərdilər.
Xalqına bağlılar – gənc sevgililər3
Yalnız cəhənnəmdə görüşərdilər.
Beləcə yaratdın, sürdün bir ömür,
İncilər topladın söz yatağında.
Mən indi görürəm yaradan ölmür,
Yaradan yaşayır yaratdığında.
1 «Apardı sellər Saranı» hekayəsinin qəhrəmanı.
2 «Mahnı dağlarda qaldı» pyesində personal.
3 «Sevgililərin cəhənnəmdə vüsalı» pyesi nəzərdə tutulur