Əjdər Qiyaslı
İftixarısan
Xalqımızın müdrik ağsaqqalı,böyük iftixarı, görkəmli yazıçı
İlyas Əfəndiyevin əziz və unudulmaz xatirəsinə
Sən elə dağ idin, zirvəsi qarlı,
Əyilən deyildin tufana, qara.
Bir ömür yaşadın qışlı, baharlı…
Sədaqət gətirdin elə, ilqara.
Vüqarın bənzərdi uca çinara,
Min cürə nemətli, barlı bağ idin.
Zülmətə qərq olub düşsən də dara,
Kəhkəşan qoynunda çilçıraq idin.
Zəkan nur saçırdı… Hikmətin dərin,
Sənin dərdini idi xalqın da dərdi.
Can qoyub yazdığın hər bir əsərin
Ən yüksək dəyərli gövhərdi, zərdi!
Darm əsərlərin düşdü dillərə,
Oldu səhnəmizin nəcib zinəti.
İncilər bəxş etdin bizim ellərə,
Ucaltdın göylərə eşqi, sənəti.
Nurlu olsun deyə Vətənin yazı,
Canını bu yolda sən fəda etdin.
Bizə ibrət qoyub «Hökmdar və qızı»
Qəlbində Qarabağ yarası getdin…
Adına layiqdir övladların da,
Xalqının fəxridir alim Timuçin.
Tanınır sınanmış etibarında
Yolunu yaşadan yazıçı Elçin!
Canından çox sevdin Ana Vətəni,
Bu yurdun şöhrəti, düz ilqarısan.
Unudan deyilik heç zaman səni,
Xalqımın həmişə iftixarısan…