Əkrəm Qaflanoğlu
Eheyyy… Sadıqcan!!!
Azərbaycan mədəniyyətinin beşiyi olan Şuşa mövzusu, ümumən Qarabağın keçmişi, bu günü və sabahı hələ sağlığında İlyas Əfəndiyevin, eləcə də Elçin müəllimin daim diqqət mərkəzində olmuş, bir çox yazılarının əsas qayəsini – nüvəsini təşkil etmişdir. Zaman-zaman həm İlyas Əfəndiyevin, həm də Elçin müəllimin yazdıqlarını mütaliə etmişəm (bəzən də ilk oxucu kimi). İlyas Əfəndiyevin əziz xatirəsinə həsr etdiyim bu şeir də elə o oxuduğum əsərlərin cövhərindən mayasını tapmış təəssüratlarımın ifadəsidir.
Eheyyy… Sadıqcan!!!
«İsa bulağı»n daşdımı
Bir az dikdirdə –
«Cıdır düzündə»,
Atların şahə qalxıb,
yorğa –yorğa qaçdımı?!
Dinsənə, tarını dilləndirsənə…
Bu gecə təknədə
Yuxumu yoğururdu
Natəvan,
Xəmirinə maya qatıb
«Şuşa qalası»nın daşından!
Bir fayton təkəri də
çıxıb oxundan
Gəlirdi fır-fır fırlanaraq
məhəllənin o başından.
Açırdı kündələri bir oxlovtək
Pərçimləyirdi Şuşanın
Saca dönmüş küçələrinə…
Şələsi qarpız yükü
Bir bəy oğlu da
Sürütləyərək ayaqlarını
Keçirdi dolanbac küçələrdən,
«Çuxur məhəllə»dən
dikə gedirdi bu bəy oğlu
Dikdirdəki mülkün
Müsafirləri vardı bu gün.
Ata idi, bir də iki oğlu;
Yükün ünvanı -
onlara idi…
Bu gün çiynimizdə
ağır bir yük
Basır bizi torpağa,
soxur bizi torpağa,
Az qalır xıncım-xıncım
Olsun sümüklərimiz,
Dözə bilmirik Şuşanın
yoxluğuna
Bir də çiynindən «Üçatılan»
Sallanan o qocanın da
Ayrılığı üzür bizi,
üzür bizi,
«Qırx pilləkən»in ətəyinə
Düzür bizi, düzür bizi.
Son otağa –
qırxıncı otağa
Ruhunu zəncir edib
Dövrələmə çəkir bizi.
Ordadır Şuşanın özü,
Ordadır Qocanın sözü…
Eheyyy…Sadıqcan!!!
Dinsənə, tarını dilləndirsənə!..
26 may 2010