Cəlaləddin Budadoğlu
Günəşə bənzəyir sənin yoxluğun
XX əsrin klassiki İlyas Əfəndiyevin əziz xatirəsinə
Ustad, çiçək açır baharın sənin.
Yaşıla bürüdü bahar ömrünü.
Vətən sevə-sevə yaşadır səni
Yazdığın əsərlər yanar ömrünü.
Canlı tarix idin, canlı əfsanə
Sən kərəm sahibi, pirəfəndimiz.
Eşq olsun tanrıya, eşq olsun sənə
Xızırmı, Nəbimi sirr əfəndimiz.
Nə tərifə getdin, nə mədhə uydun,
Könül rübabımın sarı simisən
Mahnını əmanət dağlarda qoydun,
Dərin dəryalarda üzən gəmisən.
Gör kimlər tor qurub sözün lığında,
Gör kimlər toy tutur sözə arxayın.
Bazar şairləri bazarlığında
Sözü taptamayın ayaq saxlayın.
Ədəbi işbazlar, ədəbsiz rəylər
Qaldırır-endirir, irəli-geri,
Bakının içində cəbhəsiz bəylər
Xalqından xəbərsiz xalq şairləri.
Bu qisas hökmüdür, yoxsa qiyamət.
Məni yoldan çıxar az, başım üstə.
Kərəmi çaldırıb oynayır millət,
Odlanıb kül olur saz, başım üstə.
Qarabağ qaralmış qara damımdır,
Qara mağarı da Cıdır düzündə.
Şuşada toy quran balalarımdır…
Vağzalı çalınır göyün üzündə…
Ustad, kamanını bir də çalsana!
Yoxsan, yoxluğuna zaman günahkar.
Dərd məni öldürür, durub baxsana.
Başımın üstündə duman günahkar.
Başımın üstündən çəkilən deyil,
Qarğışı qarımış qara buludlar.
Dizimiz dözümlü, bükülən deyil,
Vaxt gələr çəkilər dara buludlar.
Ustad, qəm eləmə, rahat yat, uyu.
Vətən göylərində narahat ruhun…
Yaşadın yaratdın bir ömür boyu,
Günəşə bənzəyir sənin yoxluğun.