İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Fikrət Qoca

İlyas Əfəndiyevin unudulmaz xatirəsinə

İlyas Əfəndiyevlə bağlı xatirəm çoxdu. Elə ki, yazmaq istəyirəm, hamısı pərən-pərən düşür. Qalıram boşluqda. Nəhayət, anladım ki, insan haqqında xatirəni onu itirdiyinə daxilən inandıqdan sonra yazmaq asan olur. Mən İlyas müəllimin ölümünə-yoxluğuna inana bilməmişəm. Onun yoxluğunu qəbul etməyə hazır deyiləm. Mən xatirə yazmaq istəyəndə bu şeir yarandı:

 

Dağların Bəbir qadını,
Doğdu bir eşqin odunu,
Xızır İlyasın adını
Verdi əziz balasına.
Bu diyarda ömür boyu,
Xəyalında dağ çiçəyi,
Nəğmə oldu adı, soyu,
Ürəyində bulaq suyu,
Bu şəhərdən keçdi, getdi…
Zaman piyada, o atlı,
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.

Nə dostlarla yarışardı,
Nə də dərdin danışardı,
Öz yolunda, öz ilhamı
Bir şam kimi alışardı.
Hava tutqun, yollar çətin…
Həmişə təmiz saxladı
Öz varlığın, öz siqlətin.
Təmiz, saf bir parçasıydı
O, dağların, təbiətin.
Adı məşhur, sözü dadlı…
Elçin,Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.

Hələ bizim aramızda
Ömür sürür söz Paşası.
Dillərdə sözü-söhbəti,
Səhnələrdə tamaşası.
İlham şamı sönməyibdi,
Xatirəyə dönməyibdi.
Evdə ayaq izi isti.
Heç mürəkkəb qurumayıb,
Hələ səsi, sözü isti…
Hələ,
hələ bundan belə
Ruhu, mehriban xəyalı
Üzümüzə gülə-gülə
Neçə nəvə böyüdəcək
İlyas qəlbli, İlyas adlı…
Elçin, Timuçin qanadlı
İlyas Məhəmməd oğlu.

2 oktyabr 1998