Fikrət Sadıq
Bayatılar
Xalq yazıçısı İlyas Əfəndiyevin xatirəsinə
Külli Qarabağın abi-həyatı
Nərmənazik bayatıdır bayatı…
Adı - Xıdır İlyasdandı.
Hər kəlməsi bir dastandı.
Tale yazardı qələmi,
Bu qışdandı, bu yazdandı.
Dili beçə ballı idi.
Fikri xalqa bəlli idi.
Özü elin əziz oğlu,
Sözü el xəyallı idi.
Qara bəxtilə Qarabağ
Sinəsinə çəkmişdi dağ.
Dağ boyda əzaba döndü
Ürəyində doğma torpaq.
Bu «Mahnı dağlarda qaldı»,
Bu dağlar da yada qaldı.
Xeyir baş götürüb qaçdı,
Şər hələ dünyada qaldı.
Atılıb vaxtın oduna,
Çatdı Qəribin 1 dadına.
Uğur 2 desən də yaraşar
Xıdır İlyasın adına.
Uğur - onun əməlində,
Nuru mübarək əlində.
Əbədiyyət dil açıbdı
Təmiz, şirəli dilində.
Yazdıqları birər-birər,
Uzaq gələcəyi görər.
Sehirli söz bağbanıdı,
Gəl, bu bağdan bir nübar dər.
Bu bayatı onun səsi,
Xatirələr xatirəsi,
Həmişəoyaq sözləri
Oyadar baxan hər kəsi.
21 aprel 2010
1 «Körpüsalanlar» romanının qəhrəmanı.
2 «Bahar suları» pyesinin qəhrəmanı.