İLYAS ƏFƏNDİYEV VƏ POEZİYA

 

 

Hüseyn Kürdoğlu

Yüz il yaşamağa haqqın var sənin

İlyas Əfəndiyevin 70 illiyinə

 

Bələyə bükəndə səni Qarabağ,
Bir qartal lələyi taxdı qundağa.
Qəlbinə od verdi halal bir ocaq,
Bir gün iməkləyib qalxdın ayağa.
Baxtını yazmışdır o dağlar sənin,
Yüz il yaşamağa haqqın var sənin!

Dünyanı qanlı bir tufanda gördün,
Dağlar sinə gərdi ildırımlara.
Nalə də eşitdin, hicran da gördün,
Yolun dikəlsə də sıldırımlara.
Əlindən tez tutdu bu diyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!

Torpağa kök atıb, eldən güc aldın,
Sal qayalar kimi bərkidi dizin.
Tufanlar önündə göyə ucaldın,
Yaşıl yarpaq kimi açıldı sözün,
Budağın gətirdi təzə bar sənin,
Yüz il yaşamağa haqqın var sənin!

Misri qılınc verib döyüşən sözə,
Yamanın, yalanın bağrını yardın.
Tamahı qul kimi çökdürüb dizə,
«Büllur saray»ları viran qoyardın,
Olsaydı əlində ixtiyar sənin,
Yüz il yaşamağa haqqın var sənin!

Düşmədin dalınca şöhrətin, adın,
Çeşmədən durusan, aydan arısan.
Yaratmaq eşqindən sən ki, doymadın,
Baharın, gəncliyin nəğməkarısan.
Saçına yağsa da vaxtsız qar sənin,
Yüz il yaşamağa haqqın var sənin!
Min il yaşamağa haqqın var sənin