ARXİVLƏR





 

 

XRONOLOGİYA

                                             

Həyat və yaradıcılığının əsas tarixləri


  • İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Füzuli şəhərində anadan olmuşdur.

  • 1930-cu ildə orta məktəbi bitirdikdən sonra şəhər orta məktəbində və 2-ci dərəcəli partiya məktəbində dil və ədəbiyyatdan dərs demişdir.

  • 1933-cü ildə V.İ.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun ədəbiyyat fakültəsinin əyani şöbəsinə daxil olmuş, 1938-ci ildə qiyabi olaraq coğrafiya fakültəsini bitirmişdir.

  • 1938-ci ilin axırlarında Bakıya gələn İlyas Əfəndiyev «Yeni yol», «Kommunist» və «Ədəbiyyat qəzeti» redaksiyalarında işləmişdir.

  • İlk mətbu əsəri «Buruqlar arasında» oçerki 1938-ci ilin noyabr ayında dərc olunmuşdur.

  • 30-cu illərin axırlarında xırda hekayələri ilə ədəbiyyata gələn yazıçının 1939-cu ildə «Kənddən məktublar» adlı ilk kitabı Azərnəşr tərəfındən nəşr edilmişdir.

  • «Berlində bir gecə» adlı ilk hekayəsi «Ədəbiyyat qəzetində» (1939-cu il 26 yanvar) çap olunmuşdur.

  • İlyas Əfəndiyev 1940-cı il yanvar ayının 10-da Yazıçılar İttifaqına qəbul olunmuşdur.

  • İlyas Əfəndiyev 1943-cü ildə Mehdi Hüseynlə birlikdə ilk dram əsəri olan «İntizar» pyesini yazır. Əsər 1944-cü ilin dekabr ayında M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrında tamaşaya qoyulmuşdur.

  • 1946-cı ildə yazıçı özünün ilk müstəqil dram əsəri - «İşıqlı yollar» pyesini yazır.

  • Yazıçının 1947-ci ildə tamaşaya qoyulmuş «İşıqlı yollar» əsəri M.Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının 1948-ci ildə Moskva qastrolu zamanı paytaxt tamaşaçılarının böyük rəğbətini qazanır.

  • İlyas Əfəndiyev 1949-cu ildə «Şərəf nişanı» ordeni ilə təltif olunmuşdur.

  • Yazıçının rus dilində ilk kitabı («Rasskazı») 1951-ci ildə Bakıda nəşr olunmuşdur.

  • Yazıçı 1958-ci ildə özünün ilk böyük nəsr əsəri olan «Söyüdlü arx» romanını yazmışdır. İlyas Əfəndiyev Azərbaycan yazıçılarının II qurultayında  (1954,  aprel)  «Azərbaycan  sovet dramaturgiyası», III qurultayında (1958, dekabr) isə «Azərbaycan dramartugiyasının inkişafı haqqında» məruzələri ilə çıxış etmişdir.

  • Ədib 50-ci illərin axırlarından iri həcmli roman və povestlər yazmağa başlamış, «Söyüdlü arx» (1958), «Körpüsalanlar» (1960), «Dağlar arxasında üç dost» (1963), «Sarıköynəklə Valehin nağılı» (1976-78), «Geriyə baxma, qoca!» (1980), «Üçatılan» (1981), «Qaçaq Süleymanın ölümü» (1993), «Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı» (1996) əsərləri oxucular tərəfındən yüksək qiymətləndirilmişdir.

  • 1960-cı ildə Azərbaycanın Əməkdar İncəsənət xadimi fəxri adına layiq görülmüşdür.

  • 1964-cü ildə tamaşaya qoyulmuş «Sən həmişə mənimləsən» pyesi ilə Azərbaycan səhnəsində lirik-psixoloi dramın əsasını qoymuş, sonralar bu yolu «Mənim günahım» (1967),  «Unuda bilmirəm» (1968),  «Məhv  olmuş gündəliklər» (1969), «Qəribə oğlan» (1973), «Bağlardan gələn səs» (1976), «Büllur sarayda» (1983), «Bizim qəribə taleyimiz» (1988), «Sevgililərin cəhənnəmdə vüsalı» (1989) və s. pyesləri ilə davam etdirmişdir.

  • İlk tamaşası  1968-ci ildə olmuş «Unuda bilmirəm» pyesi M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrında 424 dəfə tamaşaya qoyulmuşdur.

  • Yazıçı Azərbaycan Milli Dram Teatrı üçün 20 pyes yazmışdır ki, bunların da 19-u artıq uğurla tamaşaya qoyulmuşdur.

  • Azərnəşr 1969-73-cü illərdə yazıçının dörd cilddən ibarət «Seçilmiş əsərləri» kitabını oxuculara təqdim etmişdir.

  • Müasir mövzulara daha çox üstünlük verən yazıçı 1971-ci ildə ilk dəfə tarixi mövzuda «Mahnı dağlarda qaldı» pyesini yaratmışdır.

  • Yazıçı 1971-ci ildə Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edilmişdir.

  • İlyas Əfəndiyev 1972-ci ildə «Mahnı dağlarda qaldı» pyesinə görə Azərbaycanın Dövlət mükafatına layiq görülmüşdür.

  • 1974-cü ildə yazıçının anadan olmasının 60 illiyi təntənəli surətdə qeyd edilmişdir.  Yubileylə əlaqədar olaraq İlyas Əfəndiyev Oktyabr İnqilabı ordeni ilə təltif olunmuşdur.

  • Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 30 iyul 1979-cu il tarixli fərmanı ilə İlyas Əfəndiyevə Azərbaycanın xalq yazıçısı adı verilmişdir.

  • 1984-cü ildə yazıçının anadan olmasının 70 illiyi qeyd olunarkən ona Lenin ordeni verilmişdir.

  • 1984-cü ildə «Yazıçı» nəşriyyatı ədibin «Seçilmiş əsərləri»nin 6 cildliyini buraxmışdır.

  • 1994-cü ilin may-iyun aylarında İlyas Əfəndiyevin anadan olmasının 80 illiyi təntənə ilə qeyd edildi. Sənət adamları arasında o, ilk dəfə respublikamızın «Şöhrət» ordeni ilə mükafatlandırılmışdır.

  • İlyas Əfəndiyev müxtəlif mövzularda yazılmış 400-dən çox məqalənin müəllifıdir.

  • Bu günə qədər yazıçının yalnız Bakıda Azərbaycan və rus dillərində 60-a yaxın kitabı nəşr edilmişdir.

  • İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur.

  • 2001-ci ilin mart ayında Respublika Prezidenti cənab Heydər Əliyev yazıçının xatirəsinin əbədiləşdirilməsi haqqında sərəncam vermişdir.

  • 2002-ci ildə «Çinar-Çap» nəşriyyatı yazıçının 7 cilddən ibarət «Seçilmiş əsərləri»ni Azərbaycan dilində, 2 cilddən ibarət «Seçilmiş əsərlər»ni isə rus dilində çap etmişdir.