İLYAS ƏFƏNDİYEV HAQQINDA SÖZ
HEYDƏR ƏLİYEV - Azərbaycan Respublikasının prezidenti
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir. Öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.
Azərbaycanın bir qrup mədəniyyət xadimlərinə
DövIət mükafatlarının verilməsi zamanı etdiyi çıxışından.
Ədəbiyyat və incəsənət, 1980, 23 may
SƏMƏD VURĞUN - Xalq şairi
İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir...
Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki, həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də gözəl bir insan mənəviyyatı yaradılır.
Ədəbiyyat və incəsənət, 974, 23 noyabr
NAZİM HİKMƏT - Beynəlxalq Sülh mükafatı laureatı, türk şairi
Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi, yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası haqqında da eyni şeyi söyləmək mümkündür.
Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
MƏMMƏD ARİF - Akademik
İlyas Əfəndiyev hər cür milli məhdudluqdan uzaq bir yazıçıdır. Ədəbiyyatımızın beynəlmiləlçilik, ümumbəşəri ideyalarına sadiq olan ədib, cəmiyyətdə müxtəlif millətlərdən olan insanların necə qardaş kimi əlbir çalışıb, xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir.
Kommunist, 1974, 17 noyabr
MEHDİ HÜSEYN - Xalq yazıçısı
İlyas Əfəndiyev yenə də öz yaradıcılıq xüsusiyyətlərinə sadiq qalaraq, təbii insan psixologiyasını təbii və sadə boyalarla göstərdiyi üçün «Atayevlər ailəsi» pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir.
Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
MİRZƏ İBRAHİMOV - Xalq yazıçısı,akademik
Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal diqqəti cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir.
İlyas Əfəndiyev yaradıcılıqda gözəlliyə, incəliyə, estetik zərifliyə meyl edən yazıçıdır. O, bədii əsər üçün vacib xüsusiyyətlərə dilin ifadəli və obrazlı olmasına, xarakterlərin canlı və dolğun çıxmasına, süjet və kompozisiya bütövlüyünə ciddi diqqət yetirir, böyük əmək sərf edir, bu da nəticəsiz qalmır, onun əsərlərinin maraqlı, oxunaqlı olmasına kömək edir. Bu əmək və səyin mükafatı isə oxucuların məhəbbətidir ki, İlyas onun azlığından şikayət edə bilməz.
Şəfalı işıqlar // Azərbaycan 1974, №11, s.12.
SÜLEYMAN RƏHİMOV - Xalq yazıçısı
İlyas Əfəndiyev yaradıcılığı Azərbaycan sovet ədəbiyyatının münbit zəminindən doğan, rişələnən, getdikcə köklənən qoşa qardaş kimi qoşalıqda yaradıcılıqdır. Bu yaradıcılıq istedadlı nasirlə mahir dramaturqu birləşdirib, birlikdə söykək-söykəyə qaldırır... İlyas nəsri onun dramartugiyasına, dramaturgiyası da onun nəsrinə dayaq durur, kömək göstərir. İlyasın nəsri də, dramartugiyası da ahəngdardır, cazibədardır... Sən İlyas nəsrini oxuyursan, istər onun romanı, povesti olsun, istərsə bir-birindən gözəl hekayəsi olsun, heç birisi səni - oxucunu yormur...
İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə fəxri yer tutur. Fəxri yer tutur, ona görə ki, biz İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər Cabbarlı ənənələrinin mahir davamçısını görürük.
Qoşa qanadlı // Ədəbiyyat və incəsənət,
1974, 23 noyabr
MEHDİ MƏMMƏDOV - Xalq artisti,professor
Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida verən budur ki, İlyas artıq teatrın təbiətinə, səhnənin sirlərinə yaxşı bələd ola bilmişdir. O, mövzu seçməyi, məntiqli süjet qurmağı, dramatik vəziyyətlər, xarakterlər yaratmağı, öz fikirlərini bəyanat yolu ilə deyil, canlı hadisələrdə, yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.
Səhnəmizin müttəfiqi //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
ƏLİ VƏLİYEV - Xalq yazıçısı
İlyas Əfəndiyev bir sənətkar kimi həmişə həyatın işıqlı cəhətlərinə xüsusi diqqət verir və qələmə alır. Onun qəhrəmanları dövrümüzün qabaqcıl adamlarıdır. Bu qəhrəmanlar yaşayıb yaratmaqdan, xarüqələr yaratmaqdan həzz alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə ömür sürən, əliəyrilərə, gözüdağmıqlara, vəziyyətdən sui-istifadə edən şöhrətpərəstlərə qarşı barışmaz olan bu adamlar ilk görüşdən oxucu və tamaşaçıların ürəyinə yol tapır, özünü sevdirir.
Görkəmli sənətkar //Azərbaycan gəncləri, 1974, 16 noyabr
İSMAYIL DAĞISTANLI - Xalq artisti
Azərbaycan Dövlət Akademik Dram teatrının son otuz ildəki inkişafını İlyas Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil...
Onun pyeslərində həmişə təzə, təravətli görünən bir müasirlik var. Bu müasirlik isə həyatımızın daxili məzmunundan, onu irəli aparan qəhrəmanların fəaliyyətindən və bu fəaliyyətin konfliktlərindən, poeziyadan doğur... İlyas Əfəndiyevin dramaturgiyasında realizm və romantika, sərt həyat həqiqətləri ilə şeriyyət həmişə vəhdət təşkil edir.
Aktyora ilham verən rollar // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
KAMAL TALIBZADƏ - Akademik
İlyas Əfəndiyev ən çox oxunan, sevilən, özü də heç kimə oxşamayan yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və üsulu vardır. Bu yaradıcılığını məşhur edən problemlərində özünəməxsusluq, orijinallıq güclüdür. Ədib, adətən, hamı üçün aydın və məlum olan həyat problemlərinə müraciət etməyi sevmir, gerçəkliyin elə həqiqətlərini, elə məsələləri üzə çıxarmağı bacarır ki; onlar həm də yeni olur, ədəbi maraq oyadır, müasir problemləri barədə düşünənləri hərəkətə gətirir və təsadüfı deyil ki, ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.
Yazıçının ideyası və təhkiyə //Ədəbiyyat və incəsənət, 1980, 4 aprel
CƏFƏR XƏNDAN - Professor
«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından alınmışdır. Burada hadisə və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq üçün heç bir boyasını əsirgəməmişdir. Əsərdə sovet adamlarının həyatında ola bilən və ya konfliktlər, tamaşaçını intizarda qoyan səhnələr, bədii cəhətdən təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi mənafeyini öz şəxsi mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni adamlardır.
«Bahar suları» // Ədəbiyyat qəzeti, 1948, 28 dekabr
ƏLİ SULTANLI - Professor
«Atayevlər ailəsi» əsərində verilmiş müsbət surətlər əsl mənada xalq nümayəndələridir. Onların mədəni səviyyəcə, zəka və düşüncə etibarilə mənfi surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur...
Dramaturq maraqlı, həyati bir süjet seçmiş, burada insanların əlaqələrini, təbiətlərindəki ziddiyyətləri, rəğbət və mütəqabil münasibətlərini vermiş, yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır.
«Atayevlər ailəsi» //Azərbaycan, 1955, №6, s. 150-151
BƏXTİYAR VAHABZADƏ - Xalq şairi, akademik
İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz deməyə çalışan, müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus xətti ilə başqalarından seçilən qələm sahibidir. Mən onu hələ müharibə illərində yazdığı lirik-romantik hekayələri ilə sevmişəm. Bu sevgi ildən-ilə artmış, heç zaman azalmamışdır. Ona görə ki, İlyas adi həyat hadisələrini olduğu kimi, adi şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir sözlə - sənətin ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.
Azərbaycan, 1974, №11, s.13.
ƏKBƏR ÄĞAYEV - Tənqidçi, professor
İlyas Əfəndiyev müasirliyi dərindən duyan, orijinal, həssas yazıçıdır, onun qələmi, istedadının təkraredilməz xüsusiyyətləri öz təbiiliyi və aydınlığı ilə seçilir, əsərlərində incə bir lirika, romantik vüsət vardır, dili axıcı, şəffaf və poetikdir. Buraya yazıçının mənəvi aləminin dərinliklərinə baş vurmaq bacarığı da əlavə olunsa, gozümüz önündə İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan məziyyətlərin geniş və əlvan mənzərəsi açılır...
İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim hərəkət və inkişafdadır, yeni əsərlərlə zənginləşir və dolğunlaşır.
Vüsətli və şairanə // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
CƏLAL MƏMMƏDOV - Yazıçı
İlyas Əfəndiyev müasirlərimizdən yazır. Cəmiyyətin inkişafının müxtəlif mərhələlərində inqilabın qələbəsi və elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan mürəkkəb ictimai-siyasi, iqtisadi-mədəni, mənəvi-əxlaqi problemlərin həlli yolunda çalışan, axtaran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun əsas bədii tətbiq hədəfidir.
İlyas Əfəndiyev (həyat və yaradıcılığı haqqında müxtəsər oçerk), Bakı: Azərnəşr, 1975, s. 9.
BƏKİR NƏBİYEV - Akademik
İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq kimi məşhurdur. Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var ki, Azərbaycan teatrının repertuarındakı əsərlərinin sayı etibarı ilə o, müasir dramaturqlarımız arasında birinci yeri tutur... İ.Əfəndiyev əsərlərində insani borc, vətəndaş vəzifəsi, fərdi və cəmiyyətin qarşılıqlı münasibətləri, ailə və əxlaq problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.
Müasirlik böyük şərtdir //Ədəbiyyat və incəsənət,1977, 14 may
QULU XƏLİLOV - Professor
Onun bütün hekayələri, oçerkləri, dramları, roman və povestləri, kino ssenariləri, məqalələri - tam halda yaradıcılığı müasir həyatın duru və şəffaf çeşməsindən su içmişdir... Onun bütün əsərlərində əsas, aparıcı problem müasir insan, bu insanın psixoloji, əxlaqi cəhətdən formalaşması, onun davranışı, fikir və düşüncələri, mənəvi dünyasıdır.
Müasir həyatımızın tərənnümçüsü//Bakı, 1974, l6 noyabr
SƏİD RÜSTƏMOV - Xalq artisti, bəstəkar
Cəsarətlə deyə bilərəm ki, böyük dramaturqumuz Cəfər Cabbarlıdan sonra teatrımız üçün yananlardan biri də İ.Əfəndiyev olmuşdur. Onun bütün əsərlərində... aləlvan rənglərə, naxışlara rast gəlirik... O, zəngin təfəkkürə, geniş müşahidə qabiliyyətinə malik sənətkarlardandır. Həm də mən deyərdim ki, elə bəstəkar qəlbli sənətkardır. Onun dram əsərlərindəki müsbət obrazlar təkcə xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda qalırlar.
Sevinc gətirir //Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
İSMAYIL ŞIXLI - Xalq yazıçısı
İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı əks etdirməyə çalışan, psixoloji ziddiyyət və çarpışmaları əsərlərin mərkəzi konfliktinə çevirən yazıçıdır. Onun əsərlərində, xüsusilə pyeslərində xarici toqquşmalar, zahiri effekt xatirinə düzəldilmiş səhnələr yoxdur. O, həmişə qəhrəmanların səciyyəsini, onların həyata, ictimai hadisələrə münasibətini psixoloji cəhətdən araşdırır, çox zaman ilk baxışda xırda, intim görünən konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zənginləşdirir.
Hər şeydən əvvəl // Xatirəyə dönmüş illər. Bakı: Yazıçı, 1980, s. 297
HÜSEYN ABBASZADƏ - Əməkdar incəsənət xadimi, xalq yazıçısı
Mən İlyas Əfəndiyevin «Sarıköynəklə Valehin nağılı» romanının oxucular və ədəbi ictimaiyyət tərəfindən hərarətlə qarşılanmasının əsas səbəbini onun bədii keyfıyyətində, sənətkarlıqla yazılmasında görürəm. Xalqı narahat edən problemlərə toxunmaq, onlardan bədii əsərlərdə vətəndaşlıq məsuliyyəti ilə söz açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən biridir...
Romanda hadisələr dramatik gərginlik və ardıcıllıqla bir-birini izləyir, dərin maraq hissi ilə oxucunu arxasınca aparır.
Müasirlik böyük şərtdir.
Ədəbiyyat və incəsənət, 1977, 14 may
YAŞAR QARAYEV - AMEA-nın müxbir üzvü
Yazıçı İ.Əfəndiyev son illər nəsr sahəsində daha məhsuldar və səmərəli işləmişdir. Onun povest və romanları, xüsusən, əxlaqi-psixoloji problemlərin qoyuluşu və həlli sahəsində, müasir nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı əks etdirən əsərlərdəndir. Sevindirici haldır ki, İ.Əfəndiyevin son pyesi də bu nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır.
Məhz buna görədir ki, «Sən həmişə mənimləsən» pyesi ədəbi həyatımızda yeni söz, müvəffəqiyyətli bir hadisə olub lirik, perspektivli dramaturgiya, müasir psixoloji teatr yaratmaq yolunda yaxşı bir təşəbbüs, təcrübə kimi də səslənə bilmişdir.
Səhnəmiz və müasirlərimiz - Bakı: Azərnəşr, 1972, s. 117-118
SEYFULLA ƏSƏDULLAYEV - Professor
Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mühüm məziyyətlərindəndir. Yenilik hissi onda qüvvətlidir. O, daim axtarışda olan məzmun, mövzu və bədii formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan yazıçılardandır. İlyas Əfəndiyev romantik üslubda yazılmış hekayə və povestlərin, psixoloji dramların və lirik səpkili realist romanların müəllifıdir. Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.
Yenilik duyğusu //Ədəbiyyat və incəsənət, 1968, 12 oktyabr
ƏLİ ZEYNALOV - Xalq artisti
Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə dəmir ağacın həyat eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə lirik bir səhnə və yaxud vəziyyət yaratmaq xatirinə meyl etmir. Onun lirikası qəhrəmanların psixoloji vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə bağlı olur.
«Sən həmişə mənimləsən» // Ədəbiyyat və incəsənət, 1974, 23 noyabr
AMALYA PƏNAHOVA - Xalq artisti
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq var. «Unuda bilmirəm»də Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti dünyada hər şeydən üstün tutur. Onun üçün məhəbbət həyat deməkdir. Bu rolda mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amalya olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə alan İlyas Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.
Coşğun ilhamla //Ədəbiyyat və incəsənət,1974, 23 noyabr
|