Müasir dövrdə Azərbaycanda təhsil prosesində informasiya texnologiyalarından istifadə olunması ilə bağlı dövlətimiz tərəfindən böyük işlər görülür.
Azərbaycan İnternet şəbəkəsində ilk dəfə olaraq, İlyas Əfəndiyevin əsərləri əsasında, yeni formatda – video, audio və çap mətninin qarşılaşdırılması şəklində hazırlanmış “Ustad dərsləri” təqdim olunur.
İnnovativ metodların tətbiqi səhnə mədəniyyətinin, səhnə danışığının tədrisi üçün zəruri olub, gənc aktyorlar və rejissorlar nəslinin yetişdirilməsinə aktual bir istiqamət verir.
Böyük sənətkarlarımızın yaradıcılığını, onların ifaçılıq üslubunu tamaşa və filmlərin müqayisəsi əsasında, əyani surətdə öyrənməyə yönəldilən bu “Ustad dərsləri” milli-mənəvi sərvətlərimizin qorunmasında mühüm əhəmiyyətə malikdir.
İlyas Əfəndiyevin ayrı-ayrı əsərlərinin müxtəlif illərə aid səhnə, ekran və efir versiyalarından parçalar, müəllif mətni ilə birlikdə təqdim olunmuşdur ki, bu da teatr sənətinin sintetik xarakterini canlandırmağa xidmət edir.
Burada gözəl obrazlar yaratmış aktyorlarımızın sənətkarlığını öyrənmək və ayrı-ayrı aktyorların təkrarolunmaz ifalarını müqayisə etmək üçün geniş imkanlar özünü göstərir.
Eyni zamanda, həmin əsərlərin səhnələşdirilməsində iştirak edən rejissorların dəst-xəttinin, rəssam və operator işinin özünəməxsus cəhətlərinin araşdırılmasına yol açılır.
Video və audio materialların müqayisəsi səs xəzinəsinin zənginliyini üzə çıxarır, əsərlərin təfsir xüsusiyyətlərini, ədəbi əsərlərin canlandırılması prosesində səhnə və ekran sənətlərinin janr özəlliklərini əks etdirir.