ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Xurşidbanu Natəvan"

 

     
Akademik Milli Dram Teatrı, 1981 Radio tamaşası
Quruluşçu rejissor: Mərahim Fərzəlibəyov
Rejissor: Ramiz Məlikov
Rəssam: Elçin
Bəstəkar: Arif Məlikov
Məsləhətçi: Bəylər Məmmədov
Rollarda: Xurşidbanu – Amaliya Pənahova,
Seyid Hüseyn – Əliabbas Qədirov,
Nəvvab- Ramiz Novruzov,
Ter Vahan – Firuz Xudaverdiyev
Zahir bəy Fəda – Elxan Ağahüseynoğlu
Mamayı – Saleh Babayev
Mirzə Ruhulla – Mustafa Süleymanov
Quruluşçu rejissor: Mərahim Fərzəlibəyov
Rejissor: Ramiz Məlikov
Bəstəkar: Arif Məlikov
Məsləhətçi: Bəylər Məmmədov
Rollarda: Xurşidbanu – Amaliya Pənahova,
Seyid Hüseyn – Əliabbas Qədirov,
Nəvvab- Ramiz Novruzov,
Ter Vahan – Firuz Xudaverdiyev
Zahir bəy Fəda – Elxan Ağahüseynoğlu
Mamayı – Saleh Babayev
Mirzə Ruhulla – Mustafa Süleymanov

 

Əsərin mətni

 

Birinci pərdə
Dördüncü şəkil

 

Nəvvab, Mamayı, Zahir bəy, Ter Vahan, Seyid Hüseyn və
Mirzə Ruhullah daxil olur. İşıq sönüb-yanır və bu zaman şair Mamayının öz şeirini oxuduğunu görürük.

Mamayı. Bir bikəsi zarəm vətənimdə, vətənim yox, Bir bülbülü bibalpərəm, bir çəmənim yox. Bir yanda vətən təhlükəsi canımı almış, Bir fəhm edənim, ağlayanım, dərk edənim yox.
Zahirbəy. Abidar mənzumədir. Siz bir kəlamə baxın: "Bir bikəsi zarəm vətənimdə, vətənim yox..." Gözəl deyib şair...
Nəvvab. Şairin nidasında həddindən ziyadə ümidsizlik var, bu əhvali-ruhiyyə bizim xalqımıza xas deyil.
Seyid Hüseyn. Banu bəyim, icazənizlə möhtərəm şairə bir sual vermək olar?
Xurşidbanu. Əlbəttə. Ağalar, Seyid Hüseyn cənabları sənət və ədəbiyyat aləmindən baxəbər, açıqfikirli bir ziyalıdır. Mən istəyirəm ki, bizim ədəbi məclislərimizdə o da iştirak eləsin.
Zahirbəy. Da...a?!
Seyid Hüseyn. Cənab Mamayı, siz bu şeirinizlə nə demək istəmisiniz?
Mamayı. Məgər, aydın olmurmu ki, mən millətimizin dərdini tərənnüm edirəm? Arazın o tayında İran şahlarının bizim qardaşlarımıza nə divan tutduqları gərək ki, sizə daha yaxşı məlumdur, cənab Seyid Hüseyn!
Seyid Hüseyn. Məlumdur... yaxşı məlumdur. Fəqət millətə vuruş lazımdır, ağalar, inilti yox!
Zahirbəy. Bizim əfkari-amalımız məhəbbət və şəfqət olmalıdır. Binaənəley cənab Seyid Hüseyn, bilmək istərdik ki, siz nə cür vuruş nəzərdə tutursunuz?
Seyid Hüseyn. Mən xalqı həqiqi azadlığa, birliyə qovuşduracaq mübarizədən danışıram, cənab Zahir bəy.
Zahirbəy. "Həqiqi azadlıq" bir qədər mücərrəd məfhumdur, bəlkə lütfən fikrinizi izah eləyəsiniz?
Nəvvab (zarafatyana). Cənab Zahir bəy, siz neçə ildir qubernatora dilmanclıq eləyirsiniz, doğrudanmı, "həqiqi azadlığın" nə demək olduğunu anlamırsınız?
Zahirbəy. Bu olmadı... Olmadı, cənab Nəvvab! "Anlamırsınız" bir qədər qeyri-məqbul kəlamdır. Bilirsiniz ki, mən izzət-nəfsimi sevən adamam.
Nəvvab (zarafatyana istehza ilə). Əlbəttə... Bağışlayın, bəy.
Seyid Hüseyn. Cənab Zahir bəy, həqiqi azadlıq odur ki, insanlar yaltaq, rəzil, casus olmağa məcbur edilməsin! Hamı, sizin buyurduğunuz kimi, izzət-nəfsinin sahibi olsun! Cənab Mamayı şeirində bizim öz vətənimizdə vətənsiz olduğumuzu ürək yanğısı ilə yazır, fəqət neyləmək lazım olduğunu göstərmir!
Zahirbəy. Əfv buyurun, sizcə, neyləmək lazımdır?
Nəvvab (eyni zarafatyana ifadə ilə). Bəy, yenə deyəcəm, xətrinizə dəyəcək, məgər, siz bilmirsiniz ki, neyləmək lazımdır? Nə üçün məhz o sözü bu oğlandan eşitmək istəyirsiniz?
Zahirbəy. Yox, bu olmadı, olmadı!
Seyid Hüseyn. Cənab Zahir bəy, ilanı birdəfəlik məhv etmək üçün dərhal başını əzmək lazımdır, indi aydındırmı? İndicə siz də bir gözələ həsr etdiyiniz qəzəlinizi oxudıınuz, axı, siz qul halına salınmış gözəlin nəyini vəsf edirsiniz? Şahın ərbabları Azərbaycan qızlarının namusunu ayaqlar altına salıb tapdalayırlar! Ağalar, siz əvvəl o gözəli azad eləyin, sonra hüsnünə şeir yazın. Əl çəkin bu fars-ərəb sözləri ilə dolu qəzəlçilikdən, mədhiyyəçilikdən, ağalar! Qəzəl - mədhiyyə öz dövrünü çoxdan bitirmişdir, ağalar! İrəliyə baxın!
Nəvvab. Doğrudur.
Zahirbəy (coşur). Deməli, biz gərək Nizamidən, Füzulidən, Nəsimidən sərf-nəzər eləyək?
Xurşidbanu.O parlaq ulduzların əsərlərindəki fars, ərəb təbirləri əsrlərlə bizim torpaqları at tapdağı eləyən yadelli qəsbkarların təsiri idi ki, indi biz özümüz də o bədnam təsirdən qurtara bilmirik.
Zahirbəy (coşur). Ağalar, ərəb, fars dilləri milləti islamın iftixarı olduğu üçün, onların təsiri bizim kəlamımızı müzəyyən edir. Milləti islamın fituhatı bizi ərəb-fars münəvvərlərinə yaxınlaşdırmışdır.
Nəvvab. Zahir bəy, bağışlayın, mən deyəndə ki, siz öz millətimizi tanımırsınız, rəncidə olursunuz. İslam millət deyil, dindir!
Ter Vahan. Rus şairi Lermontov Azərbaycan dilinə valeh olub, onu Şərqin fransız dili adlandırmışdır.
Xurşidbanu. Fransızların məşhur ədibi Aleksandr Düma bizə qonaq gələndə Azərbaycan dilinin musiqisinə heyran olduğunu söyləyirdi, fəqət hamıdan qabaq biz özümüz öz dilimizin qədir-qiymətini bilməliyik, ağalar.
Ter Vahan. Vaqifin təmiz Azərbaycan dilində yazdığı şeirləri oxuyanda insanın ruhu təzələnir. Elə bil, qayalardan qaynayıb çıxan bulaqların səsini eşidirsən...
Nəvvab (zarafatyana). Bəh... Bəh... əcəb deyirsən, Vahan.
Seyid Hüseyn. Öz dilinə, öz milli varlığına sahib sənətkar bütün millətlər üçün əzizdir.
Ter Vahan. Erməni ədibi Mirzə Yusif Nersesov Vaqifin şeirlərini toplayıb Tiflisdə kitab halında nəşr etmişdir.
Xurşidbanu. Dil bizim milli varlığımızdır. Ağalar, nə qədər ki, Azərbaycan xalqı yaşayır, Azərbaycan dili də yaşayacaq! Mən Azərbaycan balalarının Homeri, Danteni, Şekspiri, Höteni, Puşkini öz doğma - gözəl ana dillərində oxuyacaqları günü görürəm!