ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Mahnı dağlarda qaldı"

 

     
Akademik Milli Dram Teatrı, 1971 Bədii film "Gözlə məni" "Azərbaycanfilm" kinostudiyası, 1980.
Quruluşçu rejissor: Əliheydər Ələkbərov
Rejissor: Məmməd Kamal Kazımov
Quruluşçu rəssam: Nüsrət Fətullayev
Bəstəkar: Süleyman Ələsgərov
Rollarda:
Nicat – Əliabbas Qədirov
Şahnaz – Amaliya Pənahova
Gülgəz – Vəfa Fətullayeva
Ssenari müəllifi: Elçin (Elqa Lındinanın iştirakı ilə)
Rejissor: Kamil Rüstəmbəyov
Operator: Zaur Məhərrəmov
Rəssam: Nadir Zeynalov
Bəstəkar: Aqşin Əlizadə
Səs operatoru: Ağahüseyn Kərimov
Rollarda:
Nicat – Rasim Balayev
Şahnaz – Tamara Yandiyeva
Gülgəz – Fərqanə Quliyeva

 

Əsərin mətni

 

Birinci pərdə
Birinci şəkil


Şahnaz.  (Qulluqçuya) Gülgəz, aşpaz sənə basdırma üçün kəklikotu tapşırmadı?
Gülgəz. Başa düşdüm, mən qaçdım kəklikotu yığmağa...

Gülgəz yüyürərək gedir. Şahnaz qızın sözünə bərkdən gülür və Nicatı qucaqlayıb öpür.

Şahnaz. Yaxşı, bir de görüm, beş gün idi hara yox olmuşdun?
Nicat. Bakıya getmişdim...
Şahnaz. Nəyə?
Nicat. Elə-belə. Orda bir dostum var. Onun yanına getmişdim.
Şahnaz. Dostun nəçidir?
Nicat. Mədəndə işləyir. Keçən dəfə satmaq üçün Bakıya quş aparanda tanış olmuşuq.
Şahnaz. Sənin üçün yaman darıxmışdım. (Nicatın əlindən yapışır.)
Nicat. Yavaş...
Şahnaz. Qorxursan?
Nicat. Mən qorxmuram... Onsuz da günüm bu dağlarda keçir... Sənin üçün yaxşı deyil... Deyərlər ağa qızı...
Şahnaz (əli ilə Nicatın ağzını qapayaraq). Qoy desinlər. Mən də heç nədən qorxmuram... Bilirsən nə fıkirləşmişəm?.. Dünən bir roman oxuyurdum, oğlan gecə xəlvətcə bağa girir... Bağbanın nərdivanını pəncərənin qabağına qoyaraq, qalxır sevgilisinin otağına.
Nicat (maraqla). Sonra?
Şahnaz. Tay nə sonra?
Nicat (gülümsəyərək). Deyirsən biz də elə eləyək? (Şahnaz məzəli bir əda ilə «hə» mənasında başını tərpədir.) Sonra?
Şahnaz. (hövsələdən çıxır). Sonra da balqabaq!..
Nicat (gülür). Yaxşı, başa düşdüm. Bunu da elədik, sonra?
Şahnaz. Yenə sonra? (Ötkəm səslə) Sonra da qoşulub qaçarıq.
Nicat. Hara?
Şahnaz. Hara istəsək. Arazın o tayına. Təbrizdə mənim əmizadələrim var.
Nicat. Bəs, onlar deməzlər ki, niyə qoşulub qaçmısan?
Şahnaz (zarafatyana). Deyərəm bu ovçunun dərdindən ölürdüm. Bunsuz yaşaya bilmirdim. Lap deyərəm, bu yox, mən bunu götürüb qaçmışam...
Nicat. Ələ salırsan?
Şahnaz (başını bulayır). Yox!.. Yox!.. Yox!..
Nicat. Birdən əmizadələrin soruşdu ki, bu oğlan kimdir?
Şahnaz. Deyərəm Həsənalı bəyin oğludur.
Nicat. Həsənalı bəy kimdir?
Şahnaz. Atanın adı Həsənalı deyil?
Nicat. Məgər, mənim atam bəydir?
Şahnaz. Onlara elə deyərik. Gəlib yoxlamayacaqlar ki.
Nicat. (bərk hirslənir). Yüz sənin kimi qız olsa, mən yenə əslimi danmaram! Mənim atam Həsənalı, kasıb da olsa, sənin bəylərindən əskik kişi deyil!.

Heybəsini və tüfəngini götürüb düzəlir yola. Şahnaz yüyürüb onun qolundan yapışır.

Şahnaz. Dayan!
Nicat. Burax!
Şahnaz. Mən ölüm dayan!
Nicat (ayaq saxlayaraq). Mən sənə yalvarmamışam. Sən özün...
Ş a h n a z (onun sözünü kəsərək). Mən özüm səni istəmişəm... Mən özüm sənə vurulmuşam!
Nicat (bir qədər yumşalaraq). Yaxşı...
Şahnaz. Sənsiz mənim bir günüm olmasın!
Gülgəzin səsi. Xanım, yenə kəklikotu yığım?
Şahnaz. Hə... bir az da yığ. (Nicata) Əgər, sən mənim üçün əziz olmasaydın, günün günortaçağı bura gələrdimmi?
Nicat. İstəyirsən, gəlmə.
Şahnaz(zarafatyana). Kobud! Gələcəyəm! (Nicat xəfıfcə gülümsəyir, Şahnaz onu öpür. Barışırlar.) Məğrur ovçu, zalım ovçu. (Oxuyur.)

Aman ovçu, vurma məni,
Mən bu dağın maralıyam...
Yaralıyam, yaralıyam...
Mən bu dağın maralıyam.

Məni istəyirsən? (Nicat «hə» mənasında başını tərpədir.) Bir pud başını tərpədincə, üç misqal dilini tərpədə bilmirsən?
Nicat (mehribanlıqla gülümsəyir). İstəyirəm.
Şahnaz. Onda, özümüzə qapısında çarhovuzu, qızılgülləri, yasəmənləri olan, bağlı-bağatlı bir ev alarıq. Min bir gecə nağıllarındakı qalaçalar kimi. Heç kəs də bilməz biz kimik, haradan gəlmişik.
Nicat. Sonra neyləyərik?
Şahnaz. Sonra da bir-birimizi doyunca sevərik.
Nicat. Bir iş-zad görmərik?
Şahnaz. Nə iş? Biz fəhləliyə getmirik ki...
Nicat. Bəs, bizim yaşamağımız üçün pul-zad lazım deyil?
Şahnaz. O barədə narahat olma. Anamın bütün brilyantları, qızılları mənə qalıb. Onları da götürüb gedəcəyik. Nəinki özümüzə, uşaqlarımıza da bəsdir.
Nicat (zarafatyana). Birdən sənin qızıllarını, brilyantlarını oğurladılar?
Şahnaz. Nə üçün oğurlayırlar... Yiyəsiz qalmayacaq ki... (Xəyal içində) Sən gündüzlər ova gedərsən. Mən də qırqovullu plov bişirərəm. Özüm bişirərəm, başa düşdün? Aşpaz-zad tutmarıq. Sonra da bağçaya çıxıb qızılgüllər, sənubərlər arasında gəzə-gəzə sənin yolunu gözlərəm. Sən gələrsən...
Nicat. Axı, mən kişiyəm. Kişi səhərdən-axşamacan oturub arvadı tumarlamayacaq ki...
Şahnaz (inciyir). Arvad sənin üçün at deyil, tumarlayasan.
Nicat (gülümsəyir). Sözgəlişi deyirəm... Yaxşısı budur, mən orada bir sənət öyrənim.
Şahnaz (təəccüblə). Nə sənət?
Nicat. Məsələn, dəmirçilik.
Şahnaz (ürəkdən). Axmaq!.. Şahnaz xanımın əri dəmirçi olacaq?
Nicat (tutulur). Nə olsun? Bəyəm mən baltaçı Həsənalının oğlu deyiləm?
Şahnaz (onun əlindən tutaraq). Yaxşı, hirslənmə, ay dəli, məgər, mən səni sevəndə kimin oğlu olduğunu bilmirdim? (Nicat ala-bəzək tənbəki kisəsini çıxarıb, qəzet kağızında papiros bükür.) Axı, sənin bəy oğlanlarından nəyin əskikdir? Kim sənin kimi nişana atır? Kim sənin kimi təpəsi üstündə at çapa bilir?
Nicat. Yaxşı, az təriflə.
Şahnaz (zarafatyana). Tərifləyəcəyəm! Tənbəkinin iyindən xoşum gəlir.
Nicat (gülümsəyir). Yalan danışma... Bahalı papirosların ətrinə adət eləyən bəy qızının acı tənbəkinin iyindən xoşu gəlməz.
Şahnaz Gələr! Bildin? Çünki sən çəkirsən!
Gülgəzin səsi. Xanım, daha Cıdır düzündə kəklikotu qalmadı. İndi nə yığım?
Şahnaz (bərkdən gülür). İndi də reyhan. (Nicata) Qaçırıq?
Nicat (tərəddüd içində). Sən bir az da fıkirləş.
Şahnaz. Mənim bütün fıkrim, xəyalım sənsən. (Oxuyur.) Sən... sən... sən...
Nicat. Belə işlə zarafat olmaz.
Şahnaz. Mən zarafat eləmirəm. Payıma düşən mülkümün başqa adama qismət olmaması üçün qardaşım arvadı Fəxrəndə xanım istəyir ki, mən onun bacısı oğlu Yunis bəyə gedim.
Nicat. Heyf deyilsən? Sənin kimi qız da ona ərə gedər?
Şahnaz (gülümsəyir). O qədər gözəldir ki, deyirsən, bəs, oğlan paltarı geyinmiş qızdır.
Nicat. Sənin elə oğlanlardan xoşun gələ bilər?
Şahnaz (eyni şıltaqlıqla). Yox! Məniın ceyranı gözündən vuran zalım ovçudan xoşum gəlir. Qaçırıq, ya yox?
Nicat. Mən ölüm, doğru sözündür?
Şahnaz. Lap.
Nicat. Yadından çıxartma ki, qohum-qardaşdan ayrı düşmək asan məsələ deyil...
Şahnaz. Qohum-əqrəba içində ən əziz adamım bircə qardaşım Böyük bəydir. Biz qaçandan sonra mən yerimizi bildirmədən ona tez-tez məktub yazacağam!
Nicat (yaşına uymayan ağır düşüncə içində). Mən sənin bir sözünlə lap ölümə də gedərəm. Ancaq yenə də deyirəm: yaxşı fıkirləş, sən ağa qızısan, Böyük bəy kimi adamın bacısısan. Mən isə...
Şahnaz (əli ilə onun ağzını tutur). Çərənləmə! Mən sənin sevgilinəm, sən də mənim ürəyim, canım, ciyərim. Bildin?!
Nicat. Bəlkə Bakıya qaçaq?
Şahnaz. Yox, Bakının istisinə, toz-torpağma mən dözə bilmərəm. Bir də, Bakıda bizi tez taparlar. Uzaqlara... İrana... Mən firəngcə də bilirəm, farsca da... Hara getsək, sənin dilmancın olaram.
Nicat (dərindən nəfəs alaraq). Mənim də oxumağa yaman həvəsim var idi. Heyf ki, kasıblıq qoymadı beş sinifdən yuxarı qalxım.
Şahnaz. Eybi yoxdur... rus dilini bilirsən... Orada da mən sənə farsca öyrədərəm. Biz qaçarıq uzaqlara... Təbrizə... İsfahana... Min bir gecə qəhrəmanlarının xəyalları dolaşan yerlərə... Elə deyilmi?
Nicat (dərindən nəfəs alaraq). Yox!
Şahnaz. Necə yox?
Nicat. Gedək Bakıya.
Şahnaz. Nə üçün, axı, məhz Bakıya?
Nicat. Çünki... Bakıda bizim böyük adamlarımız yaşayırlar. Ana dilində qəzetlər, jurnallar çap olunur... Fəhlələr tez-tez küçələrə çıxıb, çarın qarasına nə ki lazımdır deyib, heç olmasa, ürəklərini boşaldırlar. Orada yaşamaq maraqlıdır.
Şahnaz (zarafatla). Deyirəm, axı, bu niyə tez-tez Bakıya qaçır. Demək sənin də ürəyin dolu imiş...
Nicat. Eh, xanım...
Şahnaz. Yaxşı, indi ki, belə oldu, mən gözlərimi yumub, özümü tapşırıram sənə... Hara istəyirsən apar.
Nicat (ciddi). Qəti sözündür?
Şahnaz. Qəti!..