ARXİVLƏR






 

 

USTAD DƏRSLƏRİ

"Sarıköynəklə Valehin nağılı"

 

     
Eyniadlı roman əsasında televiziya tamaşası Bədii film "Bircəciyim". "Azərbaycanfilm" kinostudiyası, 1986.
Səhnələşdirən: Əli İsmayılov
Quruluşçu rejissor: Lütfü Məmmədbəyov
Quruluşçu operator: Fərman Nəbiyev
Quruluşçu rəssam: Rafael Əlizadə
Səs operatoru: Sabir Əliyev
Rollarda:
Sarıköynək – Zemfira Nərimanova
Yusifov – Rafael Dadaşov
Ssenari müəllifi: Yuriy Çulyukin
Quruluşçu rejissor: Ənvər Əbluc
Quruluşçu operator: Kənan Məmmədov
Quruluşçu rəssam: Fikrət Əhədov
Bəstəkar: Mobil Babayev
Səs operatoru: Akif Nuriyev
II rejissor: Yusif Əlizadə
Rollarda:
Sarıköynək – Mehriban Xanlarova
Yusifov – Ramiz Məlikov

 

Əsərin mətni

 

Altıncı nağıl

... Səhəri gün Ali məhkəmədə mənə bildirdilər ki, iş yenidən istintaq üçün respublika prokurorluğuna göndərilmişdir.
Mən oradan birbaş qaçdım respublika prokurorluğuna. Öyrəndim ki, Valehin işini tapşırıblar müstəntiq Yusifova.
Ortayaşlı, dolubədənli, çəhrayısifət bir adam olan bu müstəntiq də məni çox mehribanlıqla qarşıladı. Ancaq dərhal hiss elədim ki, bu mehribanlıq srağagün Ali məhkəmədə məni qəbul eləyən yüksək vəzifəli kişinin mehribanlığından deyil; hiss elədim ki, Yusifov bir anın içində mənim bütün bədənimi, üz-gözümü nəzərdən keçirdi. Bu andan da göy gözləri aramsız gülümsəməyə başladı. Mənim harada oxuduğumu, nə iş gördüyümü, Valehi nə vaxtdan tanıdığımı nöqtəbənöqtə xəbər aldı. Sonra gözləri gülə-gülə soruşdu:
- O oğlanla nə vaxt nişanlanmısınız?
- On altı yaşımızdan...
- Nə tez? - deyə o gülüb, bir az aralıda oturan, nə vəzifədə olduğunu bilmədiyim kişiyə baxdı.
Sonra yenə də gözləri gülə-gülə soruşdu:
- Deyirsiniz qohum-əqrəbanız yoxdur, bəs, sizi kim nişanladı? Doğrusu, onun bu sual-cavabından dilxor oldum.
-  Bəyəm, - dedim, - ata-anası, qohumu olmayanlar nişanlanmırlar?
O, bir anlığa ciddiləşdi. Ancaq mən bu bir anda onun göy gözlərinin dərinliyində, nə isə, qəddar, amansız bir şey hiss elədim. Sonra o, yenə də gözləri ilə gülə-gülə dedi:
-  Mən işlə hələ tamam tanış olmamışam. Sabah gəlin, bəlkə sizdən də bəzi şeyləri soruşmaq lazım oldu.
-  Baş üstə, - dedim, - ancaq, yoldaş Yusifov, xahiş edirəm işə mümkün qədər tez baxasınız.
O güldü:
- Nişanlınız sarıdan darıxırsınız?
- Mən işdən üç-dörd günlüyə icazə almışam.
- O barədə narahat olmayın. Nə qədər ləngisəniz, kağız verərik. Burada hara düşmüsünüz?
- Mehmanxanaya.
- Hansı mehmanxanaya?
- «Azərbaycan»a.
- Kiminlə?
-Tək.
- Biradamlıq otaqdasınız?
- Bəli.
Bu suallar mənə birtəhər görünsə də, fikirləşdim, yəqin müstəntiqin bunları da bilməsi lazımdır ki, soruşur.
... Səhəri gün o elə geyinmişdi ki, elə bil, toya, konsertə gedəcəkdi. Hiss olunurdu ki, dəlləkxanadan təzə çıxıb. Özündən də dəbdə olan fransız ətrinin iyi gəlirdi. (Kişilərin ətirlənməsindən xoşum gəlməzdi.)
O, iş barədə məni sorğu-suala tutmağa başladı. Mən də Məcidovun oğlu ilə aramızda olan söhbəti, onun təklifini olduğu kimi danışdım. Sonra Yusifov, Valehlə mənim münasibətimizə keçərək yenə də gözləri gülə-gülə soruşdu:
- Siz Valehlə nə vaxtdan yaşamağa başlamısınız?
- Biz Valehlə lap balacalıqdan, yeddi-səkkiz yaşımızdan bir yerdə yaşamışıq. Onuncu sinfə qədər, uşaq evində.
- O cür yaşamağı soruşmuram, - deyə o, sözümü kəsdi.
Mən bu anda yenə onun göy gözlərində o amansız qəddarlığı duydum.
- Nə vaxtdan onunla əlaqədəsiniz?
- Mən sizə dedim ki, yeddi-səkkiz yaşından...
- Necə yəni yeddi-səkkiz yaşından? Mən cinsi əlaqəni soruşuram.
Mən qıpqırmızı olduğumu hiss edərək:
- Ayıb deyil, - dedim, - belə şey soruşursunuz?
O, yenə də gözləri ilə gülə-gülə:
- İstintaqda heç bir sual ayıb deyil, - dedi, - lazım olmasaydı, soruşmazdım. Təkrar edirəm, siz nə vaxtdan Valehlə cinsi əlaqəyə başlamısınız?
Bir xeyli susandan sonra onun üzünə baxmadan cavab verdim:
- Mən bakirə qızam.
O, gülə-gülə dedi:
- Mən səni həkimə göndərə bilərəm!
- Hara göndərirsiniz, göndərin! - Bu dəfə mən acığımı güclə boğaraq cavab verdim.
O dedi:
- Yaxşı... sənə inanıram.
Sonra gülən gözlərini bütün bədənimdə gəzdirərək, qəribə bir ifadə ilə əlavə etdi:
- Ayrı adam inanmaya da bilər. Siz belə gözəl, müasir bir qızsınız. Bu saat mənim bütün fıkrim, xəyalım, bütün varlığım, bütün ürəyim ancaq Valehlə məşğul idi. Mən müstəntiqə dedim:
- Siz mənə də, Valehə də inanın. Onun günahı yoxdur. Bizə kömək eləyin.
O, gülə-gülə dedi:

- Arxayın olun.
Bu dəfə mən otaqdan ümidlə çıxdım...
Mən Yusifovun həyasız baxışları, namünasib sualları barədə düşünürdüm. Valehin işi barəsində dediyi «arxayın ol» sözləri məni qanadlandırmışdı. Məndə bir gümrahlıq, bir ruh yüksəkliyi yaratmışdı.