|
İLYAS ƏFƏNDİYEV ÖZ MÜASİRLƏRİ HAQQINDA
Onun əsərləri boyük xalq ürəyinin tərcümanı idi. Aydının, Oqtay Eloğlunun iztirabları, Elxan Biləgənlinin, Sevilin, Almazm mübarizəsi məhz Azərbaycan xalqının iztirabları, mübarizəsi idi. Cavan ərini sevə-sevə onun üçün hər bir fədakarlığa hazir ola-ola Dövlət bəylərin cəhənnəminə düşən Gültəkinin faciəsi keçmiş, məsum, fədakar Azərbaycan qadınının faciəsi idi. Cəfər Cabbarlı bütün ruhu ilə, bütün istedadı ilə Azərbaycan xalqına bağlı idi.
Sənətkarın ömür qüdrəti //Ulduz,1979, № 3
Qara Qarayev heç bir zaman unudulmayacaq. Ü.Hacıbəyovun başladığı böyük və tarixi işi yeni yüksəkliyə qaldıraraq azəri musiqisini ən qabaqcıl dünya musiqi mədəniyyəti xəzinəsinə daxil etdi... Qara Qarayevin musiqisində azəri xalqının milli ruhu ilə müasir mədəniyyətin ab-havası, müasir, mütərəqqi ideyalar təbii bir gözəlliklə birləşmişdir.
Qüdrətli sənətkar //Ədəbiyyat və incəsənət,1968, 25 may
Həqiqi sənətkar səmimi olmaya bilməz. Xalq isə bu səmimiyyəti duymaqda fövqəladə həssaslığa malikdir. Xalq, deyək ki, dünya satirik poeziyasının ən amansız nümunələrini yaratmış, böyük Sabirdəki el dərdini duyduğu üçün ürəyində onun əbədi abidəsini yaratmışdır. Sənətkar səmimiyyəti sehrkar bir qüvvəyə malikdir. Heç bir tərif, heç bir mövzəçilik onu əvəz eləyə bilməz... Şaiqə sönməz maraq və hörmətin də əsl sirri bundadır!
Biz ilk dəfə gözümüzü Abdulla Şaiq şeirləri, nağılları ilə açmışıq. İllər keçəcək, yeni-yeni nəsillər gələcək, Şaiq bizim üçün olduğu kimi, onlar üçün də həmişə əziz olacaq.
Böyük humanist //Azərbaycan,1972, №3
Səmədin dili sanki Vətənimizin hər gülündən bir rəng, hər çiçəyindən bir ətir almışdır, sanki suların almaz parıltısından, dağların əzəmətindən, Azərbaycan günəşinin həyatverici istisindən gözəllik və qüvvət almışdır...
Bu ahəng, bu musiqi, bu sadəlik sanki qəlbimizdə çırpınan duyğuların özüdür.
Onu xatırlarkən //Ədəbiyyat və incəsənət,1959, 28 mart
Məlumdur ki, şairin hökmü bədii təfəkkürün tərliyindən, romantik reallığından, zamanın pozitiv həqiqəti düzgün duymasından irəli gəlir! Həmişə S.Rüstəm şeirinin forması məzmundan doğur, pafosun, coşqunluğun, fikrin vuruş sürətinə tabe olur.
İstedadın sönməzliyi // Ədəbiyyat və incəsənət,1976, 27 mart
Azərbaycan sovet poeziyasının yüksəlişində, şeirimizin zənginləşməsində, saflaşdırılmasında Rəsul Rza yaradıcılığının tarixi xidməti vardır. Onun poeziyası hər cür sadəlövh fəlsəfəçiliyə, saxta xəlqiliyə, ucuz heyranlığa zidd olan, həyatın real hadisələrindən doğub mərdanə romantika ilə uzaq üfüqlərə qanadlanan poeziyadır. Nə qədər ki, dilimiz yaşayır, nə qədər ki, poeziyaya mənəvi ehtiyacımız var, Rəsul Rza da bizimlə olacaq.
Təskinliyimiz // Ədəbiyyat və incəsənət, 1981, 10 aprel
Osman Sarıvəllinin tərənnüm etdiyi hisslərdə, həyat lövhələrində daima insana xoş gələn bir təravət vardır. Onun rübabının səsi qocalara da, cavanlara da, ziyalılara da, azsavadlılara da təsir edir, həyəcanlandırır... Onun şeirlərindəki duyğular bahar gecələrinin ətirli nəsimi kimi ürəkləri oxşayır.
Gözəl sənətkar // Ədəbiyyat və incəsənət,1955, 19 dekabr
Mir Cəlalın... geniş və xeyirli yaradıcılığı haqqında düşünməmək mümkün deyildir... O nədən yazırsa yazsın, daim səmimi olmuş, daim özünə, öz məslək və vicdanına sadiq qalmışdır.
Mən hələ yazıçı olmadığım zamanlarda onun əsərlərini diqqətlə izlərdim. Mir Cəlalın əsərlərindəki səmimiyyət, doğruçuluq və ilıq həyati yumor həmişə məni cəzb edərdi.
Yaradıcılıq ömrü //Kommunist, 1968, 18 may
Mən onu ilk dəfə Xuraman rolunda görmüşəm. Onun müxtəlif psixoloji anlarda, tez-tez baş verən ruhi dönüş məqamlarında göstərdiyi ustalıq, məharət və incəlik mənə o qədər təsir etmişdi ki, teatrdan çıxandan sonra da uzun müddət Xuraman gözümün qabağından çəkilmirdi... O azərbaycanlı Xuramanı necə təbii yaradırsa, rus qadını Katerinanı da elə koloristik və gözəl ifa edir.
Fatma Qədri geniş yaradıcılıq vüsətinə malik sənətkardır.
Səhnəmizin fəxri //Ədəbiyyat və incəsənət,1957, 26 may
Hökumə Antonionun zühuru ilə Misir çariçasının qəlbində başlayan məhəbbət tufanını o qədər təbii, o qədər həssas, o qədər dərin ehtirasla yaradır ki, adam səhnəni unudur, qarşısında yalnız sevən və bu sevgini bütün varlığı, bütün vücudu ilə hiss edən bir qadın görünür. Bir an adama elə gəlir ki, onun bütün taxttacı bu məhəbbətin, bu ehtirasın qarşısında bir heçdir.
«Antonio və Kleopatra» //Ədəbiyyat və incəsənət,1958, 22 mart
O, insan qəlbinin, insan hisslərinin fövqəladə dərəcədə güclü bir tərcümanı kimi meydana çıxmışdı... Tolstoy bütün əsrlərin böyük sənətkarıdır!
Dühanın qüdrəti//Ədəbiyyat və incəsənət,1978, 9 sentyabr
Ostrovskinin həyatı və əsərləri dünya ədəbiyyatının maraqlı və ən təəccüblü hadisələrindən biridir. Bu həyat insan iradəsinin, həqiqi insan ləyaqətinin bir təntənəsidir.
Nikolay Ostrovski//Ədəbiyyat və incəsənət,1954, 25 sentyabr
|
|