2001
"Ümumiyyətlə, Lütfi müəllimin (Məmmədbəyov- tərt.) Azərbaycan televiziyasında tamaşaya qoyduğu "Atayevlər ailəsi", "Söyüdlü arx" (İlyas Əfəndiyev)... və bu kimi tamaşalar geniş tamaşaçı auditoriyasında yüksək qiymətləndirilmişdir."
Adilə Qocayeva
("İki sahil" qəzeti, 12 yanvar 2001.)
* * *
"Vağzalda..." hekayəsi (rəhmətlik Vidadi Məmmədovun- tərt.) elə bir səs gətirdi ki, hətta ağsaqqal yazarımız İlyas Əfəndiyev özünü saxlaya bilməyib bu hekayə haqqında böyük bir yazı yazdı... Bu bir həqiqətdir ki, böyük-böyük romanlar haqqında belə yazılar yazılmadığı və qismən də qısqanclıqla yazıldığı bir zamanda İlyas Əfəndiyev kimi böyük bir yazarın belə bir yazı yazması, təbii, geniş bir söz-söhbət yaratdı. Oxucular "Ulduz" jurnalının səhifələrində onun imzasını axtarmağa başladılar. Vidadi isə susdu..."
Tofiq Abdin
("525-ci qəzet", 13 yanvar 2001.)
* * *
"Onda (əllinci illər nəzərdə tutulur- tərt.) yerindən duran şair olmaq istəyirdi. Bir dəfə biri gəldi ki, piyoma yazmışam, içində şer də var. Əgər piyomanı bəyənməsəz, şerlərimi çap edərsiniz.
İlyas müəllim dedi: "- Keç Nəbinin yanına. Poyomoya da, şerə də o baxır..."
Nəbi Xəzri
("Yeni müsavat" qəzeti, 30
yanvar 2001.)
* * *
"- Bir vaxt sizin hazırladığınız "Sevgililərin cəhənnəmdə vüsalı" və "Bizim qəribə taleyimiz" tamaşaları Milli Dram Teatrının Türkiyəyə qastrolunda uğurla oynanılmışdı. Türkiyədə o tamaşalara hansısa fərqli münasibətlərin şahidi oldunuzmu?
- Bu gözəl sualdır. 70 ildə ilk dəfəydi ki, Azərbaycanın Milli Teatrı Türkiyəyə qastrola gedirdi. Onda hələ sovet dövrü idi. Türkiyənin tanınmış ziyalılarından olan Turan Yazqan gəlib bizim teatrın bir neçə tamaşasına baxdı və dedi ki, mən filan tamaşaları Türkiyəyə dəvət edirəm. O dəvətlə də sözügedən tamaşalar Türkiyəyə aparılmışdı. Biz o tamaşaları Ankarada, İstanbulda oynadığımız zaman Türkiyənin bütün sənətçiləri , o cümlədən görkəmli teatr və kino aktyorları gəlib tamaşalarımıza böyük maraqla baxırdılar... Əslində, o səfər böyük bir bayram təntənəsi idi. O vaxt həmin bayram bizim televiziyada da göstərildi. Təəssüf ki, sonra həmin kasetlər it-bata salındı. İnanın ki, bizə orada yarım saat əl çalırdılar. Türkiyənin 50-dən artıq qəzeti tamaşalarımız haqqında gözəl, obyektiv rəylər yazmışdılar. Orada Türkiyə Böyük Millət Məclisinin sədri şərəfimizə ziyafət verdi...
- Yeri gəlmişkən, mərhum dramaturqumuz İlyas Əfəndiyevin yazmış olduğu pyeslərin əksəriyyətinin səhnə taleyi sizin adınızla bağlıdır. Onun səhnə yaradıcılığında hansı səciyyəvi cəhətlər özünü daha qabarıq göstərir?
- Mən İlyas Əfəndiyevi hər şeydən əvvəl ona görə sevirdim ki, o yazdığı tarixi mövzulu əsərlərə çox həssaslıqla yanaşırdı. Əsərlərini elə tarixi dəqiqliklə işliyirdi ki, sanki hansısa bir tarixi dərslik yazırdı. Onun tarixi mövzuda yazdığı "Natəvan", "Şeyx Xiyabani", "Hökmdar və qızı" tamaşaları Azərbaycan tamaşaçısına çox şey verdi, çox tarixi hadisələrdən onu xəbərdar etdi. Mən İlyas müəllimin tamaşalarının mərkəzindən qırmızı bir xətt kimi keçən vətəndaşlıq mövqeyini yüksək qiymətləndirirəm. O belə cidii, dramatik əsərlər yazmaqla yanaşı melodramatik əsərlər də yazırdı. Bir yazıçı, bir dramaturq kimi İlyas müəllim qadın psixologiyasını çox gözəl duyurdu. Əsərlərində çoxlu konfliktlər, təzadlar olduğuna görə, onun dramları güclü alınırdı...
- İlyas Əfəndiyev kimi dramaturqunu itirmiş rejissor Mərahim bəy bir də o cür qüdrətli sənətkara rast gələcəyinə əmindirmi?
- ... O rəhmətə gedəndən sonra mənəviyyatımda bir boşluq əmələ gəldi. İlyas Əfəndiyevin şinelindən çıxmış öz dramaturqumu gözləyirəm..."
Mərahim Fərzəlibəyov
(«Ekspress" qəzeti, 15 fevral 2001.)
* * *
"Uzun müddət Yazıçılar İttifaqının orqanlrında -- "Ulduz" jurnalında, "Ədəbiyyat və incəsənət" qəzetində çalışmışam. Sevimli yazıçımızı (İlyas Əfəndiyevi- tərt.) çox nadir halarda adı çəkilən ünvanlarda görərdim. Sinəsi, qəlbi, ürəyi o qədər doluydu, bütün aylarda, fəsillərdə yazardı, yaradardı, biz oxucuları işıqlı təfəkkürü ilə sevindirər, düşündürərdi. Və İlyas müəllim oxucu şüuruna hakim kəsilərdi. Bu səbəbdən də hər işıq üzü görən əsəri, kitabı əl-əl gəzərdi. Çünki onlarda həyatın, talelərin özü təsvir və tərənnüm olunardı. Məhz bu baxımdan da o, hələ yaşaya-yaşaya dahiləşmiş, bütləşmiş, klassikləşmişdi."
Sabir Məmmədov
("Naxçıvan" qəzeti, 16 fevral 2001.)
* * *
"- Adətən, aktrisaların ən çox sevdiyi, vurğunu olduğu rolu olur. Hansı ki, illər keçsə də, hətta evdə belə boş vaxtlarında o rolla ara-sıra məşğul olur...
- Sevdiyim rol "Poçt şöbəsində xəyal" (Elçin) tamaşasındakı Ədilədir. Onu alanda o qədər təsirlənmişdim ki, gecələr də rahat yata bilmirdim. Amma siz deyən kimi, vurğunu olduğum "Hökmdar və qızı" tamaşasındakı rolumdur. Bu tamaşa mənə ən çox uğur gətirən oldu. Artıq xalq artistiyəm. 22-23 yaşımda olarkən mərhum yazıçımız İlyas Əfəndiyev mənə deyirdi ki, sən xalq artisti adı almalısan. Və bu zirvəyə çatmağıma ən böyük səbəbkar İlyas Əfəndiyev və onun gözəl əsərləri olub."
Bəsti Cəfərova
("Azad Azərbaycan" qəzeti, 21 fevral 2001.)
* * *
Vəfa Fətullayevaya həsr olunmuş essedə aktrisanın gündəliyindən belə bir parça oxuculara təqdim olunur: "İstəyirdim institutu bitirib aspiranturaya qəbul olunum. Teatrşünas olmaq keçir könlümdən. Gözəl rejissorumuz Tofiq Kazımov qoymadı. Teatra dəvət etdi. İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesini tamaşaya hazırlayırdı. Pyesdə Fəridə rolu mənə tapşırıldı."
Sonra müəllif yazır: "...Cəmi 42 il yaşadı... Bu illər ərzində istədiyinə nail oldu. Bir-birindən gözəl, fərqli obrazlar, rollar yaratdı. Həmin rollarla da yaddaşlara həkk olundu. "Mahnı dağlarda qaldı" (Gülgəz), "Atayevlər ailəsi" (Lətafət)... (Eyni adlı televiziya tamaşası nəzərdə tutulur- tərt.)"
Bahar
("Palitra" qəzeti, 28 fevral 2001.)
* * *
"Mənə C.Məmmədquluzadənin, H.Cavidin, C.Cabbarlının, S.Vurğunun, İlyas Əfəndiyevin, İbrahimbəyovlar qardaşlarının, Anarın, Elçinin əsərlərində zəngin milli xarakterli obrazlar yaratmaq qismət olub."
Hacı Murad Yegizarov
("Xalq qəzeti", 28 fevral 2001.)