1 9 9 8 / səhifə 1
Səhifələr : 1 2 3 4 5 6 7 8
"...Biz İlyas Əfəndiyevi itirdik... Bu günümüzün, demək olar ki, bütün dərdləri onun dramaturgiyasında öz əksini tapmışdı. Mənim fikrimcə, İlyas Əfəndiyevdən sonra Azərbaycanda dramaturq yox dərəcəsindədir.
- Quruluş zamanı daha çox zəhmət çəkdiyiniz əsər hansıdır?
- İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" əsəri. Bu mənim Azərbaycanda səhnələşdirdiyim ilk əsərdir. Çətin idi ona görə ki, əvvala rus teatr məktəbini qurtaran və rus teatrlarında işləyən bir rejissorun Qarabağın tarixi mövzusuna müraciət etməsi hər şeydən əvvəl böyük risk tələb edirdi. Həm də İlyas Əfəndiyev kimi bir dramaturqla dil tapmağın özü də asan deyildi. Mən böyük aktyorları dəvət etdim və biz məşqlərə başladıq. Sonra belə oldu ki, həmin böyük aktyorlar haqqımda yersiz söz-söhbətlər yaydılar. Mətbuatda təhqiramiz yazılar verməkdən belə çəkinmədilər... Nə isə... Əsərin məşqləri dayandırıldı. O vaxt İlyas müəllimə də təklif etdilər ki, gəlin bu əsəri Mərahimdən alaq. Rəhmətlik İlyas müəllim isə bildirdi ki, mən əsəri Mərahimə inanıb vermişəm və əsərə də qurluşu o verməlidir. Beləliklə, əsərə ikinci dəfə quruluş verməli oldum. Təbii ki, başqa aktyorları dəvət etdim."
Mərahim Fərzəlibəyov
("Şəhriyar" qəzeti, 15-21 yanvar 1998.)
* * *
"Tofiq Kazımov... klassiklərdən M.F.Axundovu və Cəlil Məmmədquluzadəni, müasir müəlliflərdən İlyas Əfəndiyevi yüksək qiymətləndirirdi. Bu müəlliflərin əsərləri əsasında hazırlanan tamaşalar teatr tariximizə, rejissor və aktyor yaradıcılığı təcrübəsinə yeni səhifələr əlavə edib, istər rejissor sənətinə, istər aktyor yaradıcılığına, istərsə də teatr tənqidinə yeni söz demək üçün geniş meydan verib. Tamamilə təbiidir ki, tənqidimiz həmin tamaşaların ədəbi-bədii, eləcə də elmi-nəzəri təhlili zamanı onların birinci növbədə teatr tariximizə, sonrası çağdaş teatr prossesinə faydalı təsirindən söhbət açırdı. Ən başlıcası isə, bu tamaşaların Azərbaycan teatrının repertuar aclığının həllinə, rejissor və aktyor yaradıcılığının tamamilə yeni istiqamətdə irəliləməsi işinə xidmət etməsi açıq-aşkar bəyənilirdi."
İsrafil İsrafilov
("Ədəbiyyat qəzeti", 16 yanvar 1998.)
* * *
"Gənc rəssam Samir Hüseynovun iş otağı sərgi salonunu xatırladır... Xalq yazıçısı İlyas Əfəndiyevin iş stolu arxasındakı yeni əsəri üzərində işlədiyi anı təsvir edən portret xalça eskizi orijinallığı ilə seçilir."
Ş. Tağızadə
("Bakı" qəzeti, 23 yanvar 1998.)
* * *
"- Amalya xanım, siz toyunuz olmamışdan çox əvvəl, hələ tələbə ikən artıq məşhurlaşmışdınız. Əlbəttə ki, 1964-cü ildə yaratdığınız Nargilə ("Sən həmişə mənimləsən", İlyas Əfəndiyev) obrazı ilə. Və elə bu tamaşadan az sonra da Azdramaya əmriniz verildi. Bu isə hər aktrisaya nəsib olmur.
- Doğrudan da, heç ağlıma da gətirməzdim ki, bir tamaşadan sonra belə məşhurlaşmaq olar. Görünür, tamaşanın özünün yüksək səviyyədə yazılması, obrazın yaşıma, hissimə, duyğularıma uyğunluğu məni bir gecədə belə məşhurlaşdırdı. Bəlkə də Nargilə əvəzinə başqa bir rol olsaydı, heç də o qədər rəğbətlə qarşılanmazdı.
- Belə çıxır ki, məşhurlaşmağınızda istedadınızdan daha çox tamaşanın mükəmməlliyi rol oynadı?
- Əlbəttə, mən belə düşünürəm.
- Və beləliklə, hörmətli dramaturqumuz İlyas Əfəndiyevin əksər pyeslərində baş rolları ifa etdiniz.
- Mən İlyas müəllimin, demək olar ki, bütün yaradıcılığını əzbər bilirəm."
Amalya Pənahova
("Xalq qəzeti" - cümə əlavəsi, 20-26 fevral 1998)
* * *
"- Amalya xanım, səhnəyə gəlişiniz bir təsadüfdür, yoxsa ürəyin hökmü?
- Aktyorluq sevib-seçdiyim sənətdir. Səhnəyə ilk gəlişim 1964-cü ildə olub. İncəsənət İnstitutunun 2-ci kursunda oxuyurdum. Adil İsgəndərov sənət müəllimim idi. Milli Teatrın baş rejissoru Tofiq Kazımov rejissorlara dərs deyirdi. Mən aktyorluq fakültəsində oxuyurdum. O məni imtahanlarda gördü: "Romeo və Cülyetta"da Cülyetta rolunda çıxış edərkən... Tofiq Kazımov çıxışımı bəyəndi. Və beləliklə mən 1964-cü ildə İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsəri ilə səhnəyə gəldim.
- Aktyor kimi müxtəlif üslublu dramaturqların tamaşalarında oynamısınız...
- Bəli, öz dramaturqlarımızla yanaşı dünya klassiklərinin əsərlərində də çıxış etmişəm. Şekspir, Şiller, Ostrovski, Drayzer və bir çoxlarının... 33 illik yaradıcılıq fəaliyyətimin 30 ilini səhnəyə bağlamışam. O illərdə 25 filmə çəkildiyimi, 100-dən artıq televiziya işini, teatrda 200-ə yaxın rollarımı götürsək, demək olar ki, indiyə qədər səhnə ömrümün yarısı klassik dramaturgiyada keçib. Azərbaycan klassikasına isə Cavid, Haqverdiyev, Axundovun yaradıcılığı ilə bağlıyam. Amma çoxluğu İlyas Əfəndiyev dramaturgiyası təşkil edir. O, teatra çox bağlı dramaturq idi. Hər il tamaşa yazıb gətirirdi. Tofiq Kazımovun rejissorluq etdii "Sən həmişə mənimləsən" tamaşası mənim səhnə həyatımda dönüş yaratdı. Bu uğurlu çıxışdan sonra, teatra axın-axın tamaşaçılar gəldi.
60-cı illərdə Milli Teatr tənəzzül keçirirdi. Çünki aktyorlar artıq yaşa dolmuşdular, gənc nəsil yox idi. Nəsə boşluq əmələ gəlmişdi. İlyas Əfəndiyev yazdığı tamaşalarda mənim iştirakımı istəyirdi. "Dostluqdan yaranan sənət" adlı bir məqalə yazmışam. Bu yazı onun kitabına daxil olacaq. Həqiqətən də bizim sənətdə böyük dostluğumuz olub. O hər hansı bir əsəri yazdıqda ilk oxucusu mən olurdum. Onun "Mahnı dağlarda qaldı" əsəri 1970-ci ildə Dövlət Mükafatı aldı. "Unuda bilmirəm" tamaşası 450 dəfə göstərildi və hamısı da böyük uğur qazandı. Tamaşada mən, S. Bəsirzadə və M. Avşarov qalmaqla bir-neçə nəsil dəyişdi. Hamısının baş rollarının ifaçısı olmuşam. Sonra bir az fasilə yarandı. Həm teatr təmirə dayandı, həm də mən getdim oradan. Axırıncı oynadığım tamaşa "Sevgililərin cəhənnəmdə vüsalı" oldu. "Bizim qəribə taleyimiz"də ikinci ifaçı olmadan hamısında mən oynamışam. "Büllur sarayda" 500 dəfədən çox çıxış etmişəm..."
Amalya Pənahova
("Ədalət" qəzeti, 24 fevral 1998.)
* * *
"Bahar suları"nın uğuru və ədəbiyyatımızın Məməd Arif, Səməd Vurğun, Cəfər Cəfərov kimi müxtəlif zövqlü görkəmli simalarının diqqətini cəlb etməsinin əsl səbəbi bu pyesin orijinallığı və yüksək bədii səviyyəsi idi. Bir də "Bahar suları"nda "İlyas Əfəndiyev teatrı"nın ( mənə çox xoşdur ki, hələ neçə il öncə onun pyeslərindən birinin quruluşu barəsində yazdığım məqalədə "İlyas Əfəndiyev teatrı" ifadəsini ilk dəfə mən işlətmişəm) əlamətləri artıq özünü göstərirdi. Və bu görkəmli dramaturqun məhsuldar işləyib bir-birinin ardınca yazdığı gözəl psixoloji dram əsərləri öz yeni səhnə xadimlərini də yetişdirdi. Və indi xalqın sevdiyi neçə-neçə seçilib sayılan artist öz istedadının parlamasında İlyas Əfəndiyevə borcludur."
Hüseyn Abbaszadə
("Ədəbiyyat qəzeti", 27 fevral 1998.)
* * *
"- Vaqif, deyəsən, uğurların səni arxayınlaşdırıb?
- Xeyr, sadəcə olaraq, növbəti müvəffəqiyyətə hazırlaşıram.
İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında yeni film çəkməyə hazırlaşıram. Bu tarixi dram XYIII əsrdə Azərbaycanda baş vermiş hadisələrdən bəhs edir.
- Səni "arxivarius" rolunda təsəvvür etməyə çətinlik çəkirəm, deyəsən, öz dəsti-xəttini dəyişmək istəyirsən?
- Yox, elə deyil. Sadəcə olaraq, bu pyes çox xoşuma gəldi. Əsərdə bəhs edilən problemlər məni son dərəcə maraqlandırıb.
- Çəkiliş nə vaxt başlanacaq?
- Hələlik ssenari yazılır. Ssenarini Elçin yazır. Təxminən iki aydan sonra ssenari mənə çatacaq. Çəkilişin nə vaxt başlayacağını deyə bilmərəm, amma zənnimcə, gələn il tamaşaçılar bu filmə baxa biləcəklər. Bu, çoxsaylı maraqlı personajların iştirakı ilə çəkilən, geniş əhatəli və çox bahalı bir film olacaqdır."
Vaqif Mustafayev
("Günay" qəzeti, 14 mart 1998.)
* * *
"Möhtərəm Prezidentimiz Heydər Əliyev cənabları Milli Dram Teatrında xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərinin tamaşasına baxarakən bu əsər əsasında gözəl bir film alınacağı fikrini bildirdi. Bunu nəzərə alaraq, hazırda rejissorumuz Vaqif Mustafayev yazıçı-dramaturq Elçinlə birlikdə ssenari üzərində işləyirlər."
Ziyafət Abbasov
("Bakı" qəzeti, 3 aprel 1998)
* * *
"- "Sən həmişə mənimləsən"dəki Fərəc rolundan sonra mənə elə gəlirdi ki, siz ailədə də "Fərəcsiniz"...
- "Sən həmişə mənimləsən" pyesindəki Fərəc surəti çox dərin tədqiqatımın məhsuludur. Çünki aktyorun yaratdığı obraz heç vəchlə digərinə bənzəməməlidir."
Muxtar Maniyev
("Xalq qəzeti", cümə əlavəsi, 3-9 aprel 1998.)
* * *
"Amalyanın "ulduz saatı" II kursda oxuyarkən gəlib çatır. O tələbə-rejissorların imtahan verərkən Şekspirin "Romeo və Cülyetta" faciəsində bir parçada çıxış edir və bu zaman Azərbaycan Dövlət Akademik Dram Teatrının baş rejissoru Tofiq Kazımovun diqqətini cəlb edir. Amalyaya təklif olunan rol İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" pyesindəki Nargilə obrazı idi. O 6 aylıq məşqlərdən sonra, həmyaşıdı olan qızın qəribə taleyini ilk dəfə 1964-cü il
oktyabrın 14 - 15-də səhnədə canlandırır. Nargilə obrazı əslində Amalya Pənahova sənəti üçün uğurlu başlanğıc olur. İlk rolu ilə, həyatda bəxti gətirməyən, xarakterindəki təzad və ziddiyyətlərdən əzab çəkən, özü öz hisslərinin əlində əsir qalan, bunlardan baş çıxarmayan və ətrafındakılar üçün də tapmacaya çevrilən yeniyetmə bir qızın daxilinə nüfuz etməsi, onun həm sevincini, həm də qüssə və kədərini məharətlə tamaşaçıya çatdıra bilməsi sayəsində Amalya Pənahova dramaturq və rejissorların diqqətini özünə tərəf çəkir.
.. Nargilənin ardınca Amalya Pənahovanın səhnədə canlandırdığı, bəzi cəhətlərinə görə bənzəyən, bəzi xüsusiyyətlərinə görə əksilik təşkil edən onlarca qadın obrazı yaratdı.
Amalya xanımın dediyinə görə, hətta o illərdə məhz onun üçün qadın surətləri yaradılırmış (xüsusən və əsasən İlyas Əfəndiyev tərəfindən), əsər yazılıb qurtardıqdan sonra, tamaşaya qoyulmaq üçün baş rolun ifaçısını axtarmağa ehtiyac qalmırmış. Məsələn, "Unuda bilmirəm"də Nərmin, "Qəribə oğlan"da Kəmalə, "Mahnı dağlarda qaldı"da Şahnaz, "Xurşidbanu Natəvan"da Natəvan, "Şeyx Xiyabani"də Mahnur, "Bizim qəribə taleyimiz"də Nərmin, "Büllur saray"da Aynur (hamısı İlyas Əfəndiyevin əsərləridir)..."
Ruqiyyə Abdullayeva
("Günay" qəzeti, 4 aprel 1998)
* * *
"- İlham müəllim, ötən söhbətdə mövzu problematikasına toxundunuz. Rəhmətlik İlyas Əfəndiyev uzun müddət teatrın dramaturji yükünün əsas ağırlığını çiynində daşıdı. İndi isə Elçinin pyesləri repertuardadır. ("Ah, Paris, Paris...", "Dəlixanadan dəli qaçıb" və s.) Bu varislik öz yerində, teatr həmişə arzuladığı əsəri repertuara çıxarmaq üçün dramaturq sarıdan korluq çəkmir ki?
- Sualınızı bu cürə qoymalıydınız ki, nə üçün İlyas Əfəndiyevdən başqa, digər milli dramaturqlara az müraciət etmisiz? Cavabında da mən deyərdim: çünki bizdə uzun müddət peşəkar dramaturgiya ilə məşğul olan dramaturq olmayıb (Rüstəm İbrahimbəyovu çıxmaq şərtilə, o da rusdillidir). 1943-cü ildən indiyədək teatr İlyas müəllimin onlarla əsərinə səhnə ömrü verib və həmin dövrdə bizə digər nasir və şairlər də çoxlu pyes təqdim ediblər. Lakin tək-tək istisnaları çıxmaqla, o əsərlərin 50 faizi də olsa, klassik dramaturji tələbləri ödəməyib."
İlham Rəhimli
("Müxalifət" qəzeti, 4 aprel 1998.)
* * *
"- Sevdiyiniz yazıçı?
- İlyas Əfəndiyev!"
Sənubər İsgəndərli
("Xalq qəzeti", cümə əlavəsi, 10-16 aprel 1998.)
* * *
"Çox qəribədir ki, teatr təmirə mənim baş rolu oynadığım İlyas Əfəndiyevin "Tənha iydə ağacı" pyesi ilə bağlanır, neçə illik təmirdən sonra, yenə İlyas Əfəndiyevin baş rolu oynadığım "Hökmdar və qızı" tamaşası ilə teatrın pərdəsi qalxır..."
Bəsti Cəfərova
("Ekspres" qəzeti, 12 aprel 1998.)
* * *
"- Sevdiyiniz yazıçı?
- İlyas Əfəndiyev.
- Xoşladığınız tamaşa?
- "Sən həmişə mənimləsən" (İlyas Əfəndiyev)."
Səyavuş Aslan
(Xalq qəzeti", cümə əlavəsi, 17-23 aprel 1998.)
* * *
"- Sevdiyiniz şair və yazıçı?
- Məhəmməd Füzuli və İlyas Əfəndiyev..."
Zenfira Nərimanova
("Yeni Azərbaycan" qəzeti, 21 aprel 1998.)
Səhifələr : 1 2 3 4 5 6 7 8