"İ.M.ƏFƏNDİYEVİN XATİRƏSİNİN
ƏBƏDİLƏŞDİRİLMƏSİ HAQQINDA
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycanın xalq yazıçısı İlyas Məhəmməd oğlu Əfəndiyevin xatirəsini əbədiləşdirmək məqsədi ilə QƏRARA ALIRAM:
1. Bakı Şəhər İcra hakimiyyəti Bakı şəhərinin küçələrindən birinə İlyas Əfəndiyevin adının verilməsini və yaşadığı binaya (Hüsü Hacıyev küçəsi, 19) xatirə lövhəsinin vurulmasını təmin etsin.
2. Azərbaycan Respublikasının Təhsil Nazirliyi Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün İlyas Əfəndiyev adına xüsusi təqaüd təsis etsin və orta məktəblərdən birinə onun adını versin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki,
- İlyas Əfəndiyevin əsərlərindən ibarət oncildliyin nəşrini təmin etsin;
- İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri əsasında iki seriyalı bədii filmin çəkilişini təmin etsin;
- bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
HEYDƏR ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 mart 2001-ci il."
("Azərbaycan" qəzeti", 10 mart 2001.)
* * *
"Xalq da, yaradıcı düha sahibləri də teatrla, sənətlə bağlı nə lazımsa, onu edib. Nankorluq etmək olmaz. Bəs xarakter və xasiyyət komediyasının əsasını qoymuş Mirzə Fətəli Axundov epoxasından sonra dərin ictimai situasiyalar dramlarına yol açmış Cəfər Cabbarlı epoxası, lirik-psixoloji dramlarını yaratmış İlyas Əfəndiyev epoxası -- bunları inkar etməkmi olar?"
Cəmil Əlibəyov
("Ədəbiyyat qəzeti", 6 aprel 2001.)
* * *
"Sizin (İnqlab Kərimovun- tərt.) 1960-2000-ci illər arasında Azərbaycanın görkəmli dramaturqları M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, İlyas Əfəndiyev və başqalarının dram əsərlərinin səhnə taleyi haqqında yazdığınız tədqiqat işləri diqqətəlayiqdir."
Azərbaycan Yazıçılar Birliyi
("Ədəbiyyat qəzeti", 6 aprel 2001.)
* * *
"Elçinin dram əsərləri xalq yazıçısı İlyas Əfəndiyevdən sonra milli teatr və dramaturgiyada yaranan boşluğu doldurmağa da uğurla xidmət edir."
İsa Həbibbəyli
("Şərq qapısı", 12 aprel 2001.)
* * *
"Yaxşı yadımdadı, Soltan Hacıbəyov İlyas Əfəndiyevə deyirdi:
- Mən bir əsər yazanda, fikirləşmirəm ki, musiqişünaslar, görəsən, nə deyəcək? Fikirləşirəm ki, görəsən, Əmir (İlyas Əfəndiyevin və Soltan Hacıbəyovun yaxın dostu, riyaziyyatçı, professor Əmir Həbibzadə nəzərdə tutulur- tərt.) nə deyəcək?
İlyas Əfəndiyev isə xüsusən 80-ci, 90-cı illərdə gözəl bir yağış yağan zaman pəncərədən baxarkən, ya Bakının küçələrini quşbaşı bir qar bürüyəndə eyvana çıxarkən, ya ağaclar yazqabağı tumurcuqlamağa başlayanda bağçada-bağda gəzərkən birdə-birə soruşurdu:
- "Görəsən, indi Əmir nə eləyir?"
Elçin
("525-ci qəzet", 28 mart 2001.)
* * *
Xalq yazıçısı Hüseyn Abbaszadəyə həsr olunmuş Xüsusi Buraxılışda İlyas Əfəndiyevin vaxtıyla yazdığı "Müasir problemlər yazıçısı" adlı məqaləsi yenidən dərc edilmişdir.
(Hüseyn Abbaszadə. Azərbaycan
Yazıçılar Birliyinin "Yurd"
nəşriyyatının ayrıca
buraxılışı, mart, 2001)