"Nömrə: 321. 06. 04. 2001
BAKI ŞƏHƏRİNDƏKİ 41 SAYLI ORTA
ÜMUMTƏHSİL MƏKTƏBİNƏ AZƏRBAYCANIN
XALQ YAZIÇISI İLYAS ƏFƏNDİYEVİN
ADININ VERİLMƏSİ BARƏDƏ
Azərbaycan Respublikası Prezidentinin "İ.M.Əfəndiyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" 9 mart 2001-ci il tarixli 642 saylı sərəncamının II bəndinə uyğun olaraq
ƏMR EDİRƏM:
1. Bakı şəhəri Nəsimi rayonundakı 41 saylı orta ümumtəhsil məktəbinə XX əsr Azərbaycan ədəbiyyatının görkəmli ədibi, xalq yazıçısı İlyas Əfəndiyevin adı verilsin.
2. Bakı Şəhər Baş Təhsil İdarəsinə (A.Cahangirov) və Nəsimi Rayon Təhsil Şöbəsinə (M.Qəzənfərov) tapşırılsın ki, bu əmrdən irəli gələn digər məsələlərin icrasını təmin etsinlər.
3. Əmrin icrasına nəzarət nazir müavini İ.İsgəndərova həvalə edilsin.
Təhsil naziri: Misir MƏRDANOV."
("Azərbaycan müəllimi" qəzeti,
12 aprel 2001.)
* * *
"İstedadlı yazıçı, qüdrətli dramaturq" adlı böyük məqalədə deyilir: "İlyas Əfəndiyevin həyatı və irsinin tədrisi zamanı əsərlərindəki təhkiyə lirizmi şagird və tələbələrə dərk etdilirməli, bu əsərlərdə Azərbaycanın bütövlüyünün bədii ifadəsi faktları təbliğ olunmalı, insan əsrarəngizliyini təsvir və təbliğdə söz-psixologiya vahid elementindən ustalıqla istifadə məsələləri öyrədilməlidir."
Şamxəlil Məmmədov
("Azəbaycan müəllimi" qəzeti,
12 aprel 2001.)
* * *
"XX əsr Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri olan, həm ölkəmizdə, həm də xarici ölkələrdə geniş şöhrət qazanmış ölməz dramaturqumuz İlyas Əfəndiyevin bədii əsərləri kino sənətimiz üçün geniş material verir."
Sevda İmanova
("Azərbaycan müəllimi" qəzeti,
12 aprel 2001.)
* * *
"Ədibin xatirəsi əbədiləşdirilir" adlı yazıda Bakı şəhərindəki 41 nömrəli məktəbə İlyas Əfəndiyevin adının verilməsi və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetində İlyas Əfəndiyev adına iki xüsusi təqaüdün təsis edilməsi barədə məlumat verilmişdir.
("Ədəbiyyat qəzeti", 13 aprel 2001.)
* * *
"Mərhum yazıçımız İlyas Əfəndiyevin əsərləri rejissorluq fəaliyyətimin inkişafına təkan verib... İlyas Əfəndiyevin əsərlərindən sonra mən elə bir güclü dram əsəri oxumamışam. Lakin Elçinin atasının estafetini davam etdirməsi məni çox sevindirir. Hər il teatra yeni bir əsər təqdim edir."
Mərahim Fərzəlibəyov
("Yeni Azərbaycan" qəzeti,
19 aprel 2001.)
* * *
"Milli teatrın yenilik axtarışları ilə mənalanan müxtəlif mərhələləri tənqidçilərin diqqət mərkəzində olmuşdur. Bunlar ədəbiyyatşünaslıq elmimizdə, eləcə də ədəbiyyatımızda kifayət qədər tanınmış M.İbrahimov, M.Arif, M.Hüseyn, İlyas Əfəndiyev, Mir Cəlal. Ə.Şərif, M.Rəfili. M.Cəfər, C.Cəfərov kimi şəxsiyyətlər idi. Elə şəxsiyyətlər ki, hər birinin fikri və mövqeyi ilə teatr ictiamiyyəti hesablaşır, ictimai rəy flrmalaşırdı."
İsrafil İsrafilov
("Azərbaycan" jurnalı, 1001, 4.)
* * *
"Mingəçevir teatrının repertuarı çox zəngindir... İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı"... tamaşaçıların böyük rəğbətini qazanıb."
Hamlet Qasımov
("Xalq qəzeti", 3 may 2001.)
* * *
"- Yəqin sizin də sənətə sevginiz hansısa aktyora güclü rəğbətinizdən irəli gəlib.
- Məni aktrisa edən İlyas Əfəndiyev olub.
- Şəxsən tanımısınız?
- Yox, əsərlərindən. Özü ilə haradasa iyirmi ildən sonra tanış oldum, 90-cı ildə... Səsini eşitdim, əlini sıxdım.
Əsərlərindən ilhamlanıb sənətə gəldiyimi eşidəndə indiyədək niyə gəlib tanış olmadığımın səbəbini soruşdu. Dedim, utanırdım. Doğrudan utanırdım. Fikirləşirdim ki, bunu yarınmaq məqsədiylə etdiyimi düşünənlər olacaq.
- İlyas Əfəndiyev dramatik yazıçıdır, siz isə komik aktyor...
- Görürsünüz də... Oxuyub ağlaya-ağlaya komediya aktyoru oldum. Bəzən fikirləşəndə özümə də qəribə gəlir: "Söyüdlü arx" hara, Ümbülnisə hara..."
Kübra Əliyeva
("Yeni Azərbaycan" qəzeti, 5 may 2001.)
* * *
"Azərbaycanda iki görkəmli şəxsiyyətlə -- sənət dahisi ilə dostluq etmişəm. Biri xalq yazıçısı İlyas Əfəndiyev, o biri isə bəstəkar Soltan Hacıbəyovdur. Bunların hər ikisi vasitəsilə mən digər sənət xadimləri ilə -- bəstəkarlarla, rəssamlarla, yazıçılarla tanış olmuşam və onlarla tez-tez ünsiyyətdə olmuşam...
İlyas Əfəndiyevin əsərlərinin Azərbaycan mədəniyyətinin və dilinin zənginləşməsində müstəsna rolu vardır və bu əsərlər onun öz xalqına böyük hədiyyəsidir.
Mən Şuşada olan görkəmli yazıçılar haqqında bəzi qeydlərimi etdim. İndi həmin məktəbin görkəmli nümayəndələrindən bir olan İlyas Əfəndiyev haqqında... İlyas Əfəndiyev nəinki Natəvan, Zakir, Nəcəf bəy Vəzirov, Ə.Haqverdiyev, S.S.Axundov, Y.V.Çəmənzəminlinin davamçısı olmuş, eləcə də dünya dramaturgiyasını zənginləşdirən gözəl əsərlərin müəllifidir. Natəvanı əbədiləşdirmək nöqteyi-nəzərindən çox qiymətli "Natəvan" dram əsərini yazmışdır.
Mən dostum İlyas Əfəndiyevin bir çox əsərlərini oxumaqla bərabər, dram əsərlərinə qulaq asmışam və sevmişəm. Lakin bu əsərlərə lazımi qiymət verməyə mənim gücüm çatmır. Ona görə də təşbeh dili ilə desək, mən İlyas Əfəndiyevin yüksək simfonik dilini bilmirəm.
Mənim İlyas Əfəndiyevlə dostluğum bir çox görkəmli yazıçı və şairlə tanış olmağıma səbəb oldu. Mirzə İbrahimov, Cəfər Cəfərov, Əkrəm Cəfər, Süleyman Rüstəm, Hüseyn Abbaszadə, Əliağa Kürçaylı və başqaları ilə tanış oldum.
İlyas Əfəndiyevin qardaşı yazıçı Tofiq Əfəndiyevlə, oğlanları Elçin və Timurçin ilə tez-tez görüşüb söhbətlər edirdim. Mən Elçinlə söhbət etdikdə onun dünyagörüşünə heyrət edirdim... Mən yazıçı olsaydım "Əfəndiyevlər" adlı kitab yazardım. İlyas Əfəndiyevin qardaşı olan yazıçı Tofiq Əfəndiyevlə də dostluq edirdim. Tofiq bir neçə əsərini mənə xatirə kimi vermişdi. İlyas Əfəndiyevin qardaşlarından biri Mustafa Əfəndiyev "Azərnəşr" mətbəəsində (nəşriyyatında- tərt.) baş redaktor (sonra isə müdir- tərt.) işləyirdi."
Əmir Həbibzadə
("Professor Əmir Həbibzadə - 85",
Bakı Universiteti nəşriyyatı,
2001, səh.18 - 19. 29 - 31.)
* * *
"Əmir müəllim (professor Əmir Həbibzadə- tərt.) ədəbiyyat və incəsənətin bütün sahələri ilə maraqlanan yüksək zövqlü bir şəxsiyyətdir. Təsadüfi deyil ki, bu gözəl keyfiyyətlər riyaziyyatçı kimi tanınmış Əmir müəllimlə xalqımızın unudulmaz oğulları -- böyük yazıçı və dramaturq İlyas Əfəndiyev və məşhur bəstəkarımız Soltan Hacıbəyov arasında möhkəm dostluq yaratmışdı."
Yaşar Səlimov
Əli Əhmədov
("Xalq qəzeti", 23 may 2001.)
* * *
"Mən tarixi vərəqləmirəm, gördüklərimi xatırlayıram. Üzeyir Hacıbəyov, Hüseyn Cavid, Rəsul Rza, Yusif Məmmədəliyev, İlyas Əfəndiyev, Xudu Məmmədov kimi kamil, təmənnasız ziyalılarımızın varlığı az qala əfsanəvi obraza çevrilib."
İmamverdi Əbilov
("Yeni Azərbaycan" qəzeti, 2 iyun 2001.)
* * *
"Mövsüm (Akademik Milli Dram Teatrı nəzərdə tutulur- tərt.) İlyas Əfəndiyevin Mərahim Fərzəlibəyov tərəfindən səhnələşdirilən "Hökmdar və qızı" tamaşası ilə bağlanacaq. Xatırladaq, mövsüm elə bu əsərlə də açılmışdı... Tamaşada baş rolları xalq artistləri Əliabbas Qədirov, Bəsti Cəfərova, Həsən Məmmədov, Ramiz Novruzov və başqaları ifa edirlər."
Şərif
("Yeni Azərbaycan" qəzti, 14 iyun 2001.)
* * *
"İLYAS ƏFƏNDİYEV VƏ GƏNC
VERTERİN İZTİRABLARI
Hər dəfə Böyük ədəbiyyatdan, Böyük ədəbiyyat nümunələrindən söz düşəndə atam "Gənc Verterin iztirabları"nı da yada salır, onu da böyük kitablar sırasına əlavə edir.
Atam bu kitabı lap gənc yaşlarında oxuyub.
Və mənə elə gəlir ki, İlyas Əfəndiyevin bu kitaba belə bir münasibətində, Verterin iztirabları ilə bərabər, öz gəncliyi ilə bağlı, bəlkə də təhtəlşüur bir nostalgiya hissiyyatı da az rol oynamır."
Elçin
("525-ci qəzet, 19 iyun 2001.)
* * *
"Atam deyir ki, "Yeroşenko (söhbət rus, yapon və esperanto dillərində yazmış yazıçı Vasili Yeroşenkodan gedir- tərt.) istedadlı ədəbi avantüristdir".
İlyas Əfəndiyevin dediyini mən o mənada qəbul edirəm ki, "Əyləncəli riyaziyyat", "Əyləncəli fizika" kimi maraqlı kitablar mənasında, Yeroşenko da "əyləncəli yazıçı"dır, ancaq şübhəsiz ki, istedadlı, daha doğrusu, vergili şəxsiyyətdir."
Elçin
("525-ci qəzet", 20 iyun 2001.)
* * *
"... axşamüstü şırhaşır bir yağış yağırdı və işdən çıxıb Nizamla ("Vətən" cəmiyyətində işləyən sürücü- tərt.) atamgilə getdim. Atam küçə eyvanına çıxmışdı, eyvanın üstü örtülü idi və atam o baş-bu baş gəzişə-gəzişə o şırhaşır yağışa baxırdı. Mən də eyvana çıxdım. O yağış şırıltısı içində bir az ordan-burdan danışdıq və birdən atam ayaq saxlayıb başını yuxarı qaldırdı, göyə -- yağışın lap dibinə baxdı, əlini yuxarı qaldırıb:
- Görəsən, o yazıq Vidadi indi oralarda nə eləyir?- dedi. (Söhbət avtomobil qəzasında həlak olmuş ədəbiyyatçı, bizim qohumumuz rəhmətlik Vidadi Məmmədovdan gedir- tərt.)"
Elçin
("525-ci qəzet", 20 iyun 2001.)
* * *
"Sırağagün nəhayət ki, Qanadan qayıdıb gəldim.
Gedəndə belə bir marşurutla uçmuşdum: Bakı - Moskva - Budapeşt - Tripoli - Porto Novo (Beninin paytaxtı) - Akkra.
Atam sidq-ürəkdən heyrətlənərək:
- Hər şey bir tərəfə,- dedi.- Bəs, bu qədər aeroportda, bu qədər təyyarədə darıxmırdın?
- Yox,- dedim.- Tolstoyun cildini özümlə götürmüşdüm.
Atam özünü saxlaya bilməyib:
- Əşşi, sən Tolstoyu lap idealizə edirsən!..- dedi."
Elçin
("525-ci qəzet", 20 iyun 2001.)
* * *
"Gənc Tamaşaçılar Teatrında İlyas Əfəndiyevin "Büllur sarayda" pyesinin məşqləri gedir. Qurluşçu-rejissor -- Ağakişi Kazımovdur. Baş rolların ifaçıları -- Tariyel Kazımov, Mehriban Abdullayeva, Solmaz Qurbanova, Azər Mirzəyev, Kübra Dadaşova və başqalarıdır. Tamaşanın premyerası gələn teatr mövsümündə olacaqdır."
("Exo" qəzeti (rus dilində), 20 iyun 2001.)
* * *
"Dünən axşam çay içə-içə -- şırhaşır bir yağış yağırdı -- atamla iki saatdan çox telefonla danışmışıq.
Prustu ("İtirilmiş vaxtın sorağında") təzə oxuyub və belə bir fikir söylədi:
- Odetta deyir ki, "mən ancaq o kişiləri sevirəm ki, məni dəlicəsinə qısqanırlar."Amma mən bu sözlərə inanmıram, çünki bu sözləri deyən və belə olan adam canlı olmalıdır. Odetta isə canlı obraz deyil. Onu, misalçün, Emma Bovari ilə heç müqayisə etmək olmaz."
Elçin
("525-ci qəzet", 22 iyun 2001.)
* * *
"İlyas Əfəndiyev deyir ki, əgər "Hərb və sülh"ü şərti olaraq qəhrəmanlarına görə xatırlasaq, mənim üçün (yəni atam üçün) o -- Nataşa Rostovanın romanıdır."
Elçin
(525-ci qəzet", 22 iyun 2001.)
* * *
"İLYAS ƏFƏNDİYEV BAŞQA DİLDƏ
YAZA BİLMƏZDİ
Dünən Taqankada (Moskvadakı Taqanka Teatrı nəzərdə tutulur- tərt.) Faykoyla (Aleksey Mixayloviç Fayko məşhur rus dramaturqu və İlyas Əfəndiyevin dostu idi. "Bahar suları" pyesini rus dilinə tərcümə etmişdi və sonralar o tərcümə Moskvada ayrıca kitab kimi nəşr olunmuşdu -- İlyas Efendiyev. Veşniye vodı, Moskva, "İskusstvo", 1959.) rastlaşdım (səksəni keçib, amma qocalığı yaxına buraxmır) və onu Mərkəzi Ədəbiyyatçılar Evinin restoranına nahara dəvət etdim.
Nahar vaxtı belə bir fikir dedi:
- Əgər, İlyas Əfəndiyev rusca yazsaydı, indi Artur Miller kimi, bütün dünyada məşhur dramaturq idi.
Mən:
- Yəqin elə olardı,- dedim,- amma rusca yazanda da o -- İlyas Əfəndiyev olmayacaqdı."
Elçin
("525-ci qəzet", 22 iyun 2001.)
* * *
İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında yazılmış geniş portret-oəerkdə deyilir:
"Azərbaycan nəsrinin canlı, təravətli bədii surətlər və əlvan təsvir vasitələrilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük yaradıcılıq xtdmətləri vardır. Yarım əsr ərzində onun səhnəmizə verdiyi qiymətli əsərlər əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrlarımızın bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur."
Bəkir Nəbiyev
Şamil Salmanov
(Ədəbiyyat. 11-ci sinif üçün dərslik,
Bakı, "Maarif", 2001, səh. 288-300.)
* * *
"Axırıncı dəfə Cəfər müəllimi (Cəfər Cəfərovu- tərt.) 1973-cü ilin avqustunda gördüm və həmin görüş həmişəlik olaraq mənim hafizəmə, hisslərimə hopub. Atamla və qayınatam, şair Teymur Elçinlə birlikdə onu yoluxmağa getmişdik. Görkəmi, əhvalı əvvəlkilərdən də yaxşı idi, yenə də teatrdan danışırdı, özü də ona məxsus bir şövqlə danışırdı, sonra almışıncı illərin ortalarında atamla və mənimlə Sabirabada, doktor Əli Ağabəyligilə (İlyas Əfəndiyevin yaxın dostu, yazıçı və həkim idi- tərt.) getməyimizi, Kürlə Arazın qovuşağını gəzməyimizi, bərə ilə Kür boyu üzməyimizi və elə bərədəcə qurduğumuz məclisi xatırladı, doktorun zəngin kitabxanasını soruşdu və birdən-birə, tamamilə gözlənilmədən... ağladı."
Elçin
("525-ci qəzet", 23 iyun 2001.)
* * *
"Dünən Bakıya gəldim və gecənin yarısına kimi köhnə qəzet-jurnalları vərəqlədim və axırı ki, "Ədəbiyyat və incəsənət" qəzetinin 1959-cu ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti ongünlüyünə həsr olunmuş səhifəni tapdım. Yadıma gəlir, bu mətbəə səhifəsini o zamanlar qəzetin redaktoru işləyən Qasım Qasımzadə öz arxivindən götürüb mənə vermişdi.
Səhifədə Yuri Nagibinin mülahizələri dərc edilib və orada deyilir: "İlyas Əfəndiyev ehtirasların kəsgin şəkildə meydana çıxmasından , insan xarakterindəki qeyri-adi və həddindən çox qabarıq cəhətlərin göstərilməsindən çəkinmir. Bəzən o çox sadə süjet götürür. Sənə elə gəlir ki, gözəl bir qızın oğlana vurulması, məhəbbət və s. haqqındakı bu hadisələri nə vaxtsa eşitmisən. Lakin əslində bunların hamısı yenidir, inandırıcıdır, həm də oduqca həyəcanlandırıcıdır."
Elçin
("525-ci qəzet", 23 iyun 2001.)
* * *
"ŞEKSPİR İLYAS ƏFƏNDİYEV ÜÇÜN
ŞİLLERİ MÜƏLLİFLİKDƏN
UZAQLAŞDIRIR
Servantes, Şekspir, Tolstoy -- bu səviyyəli yazıçılar, əslində, elə bil ki, estetik bir kateqoriyaya çevrilirlər.
Dünən atamla söhbət edirdik, İrandan,Turandan, axırda yenə gəlib çıxdıq ədəbiyyatın üstünə və atam belə bir söz dedi:
- Əgər, "Mariya Stüart"ın üstündə Şillerin adı olmasaydı, mən elə bilərdim ki, bu, Şekspirin yazdığı bir faciədir.
Söhbət yalnız Şekspir səviyyəli hiss-həyəcandan (bu öz yerində!) yox, eyni zamanda həmin hiss-həyəcanın Şekspirsayağı ifadəsindən, yəni həmin estetik kateqoriyadan gedir."
Elçin
("525-ci qəzet", 23 iyun 2001.)
* * *
"Rəhmətlik İlyas Əfəndiyev böyük bir məqalə yazmışdı. Ömrünün sonunda çap elədiyi kitabda da o məqalə nəşr olunub. Latın qrafikasını həvəslə, şövqlə müdafiə edirdi...
... Atam, rəhmətlik, həmişə danışardı ki, bir nəfər (indi rəhmətə gedib, tanınmış adam idi) Yazıçılar İttifaqının Natəvan klubunda iclaslar olanda birinci çıxardı xitabət kürsüsünə. Başlardı professor Mikayıl Rəfilini ifşa etməyə (iclasın mövzusundan asılı olmayaraq). Növbəti bir iclasda Mikayıl Rəfili söz alıb qalxır tribunaya. Deyir ki, ay camaat, mən bilirdim ki, bu iclasda filankəs yenə söz alıb mənim yazılarımı ifşa edəcək. Mən də buna indiyə qədər fikir vermirdim. Qərara gəldim, cavab verəm. Getdim, oturdum kitabxanada, nə qədər axtardım, ora getdim, bura getdim, soraqlaşdım, bu adamın bir əsərini tapa bilmədim ki, indi onu tənqid edim. Ona görə də mən heç nə demirəm... Gedib oturur yerində."
Elçin
("İki sahil" qəzeti, 4 iyul 2001)
* * *
"Mərziyyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrı İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" pyesinin ilk tamaşası ilə teatr mövsümünə yekun vurmuşdur.
Tamaşaya teatrın baş rejissoru, respublikanın xalq artisti Zülfüqar Abbasov quruluş vermişdir. Teatrsevərlər uğurlu tamaşaya görə yaradıcı kollektivi təbrik etmiş, aktyorlara gül-çiçək dəstələri bağışlamışlar."
AzərTAC
("Azərbaycan" qəzeti, 10 iyul 2001.)
* * *
"1989- cu ilin oktyabr ayında M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram Teatrının direktoru Həsən Turabov Türk Dünyası Araşdırmaları Vəqfindən bir məktub aldı. Vəqf Azərbaycanın görkəmli dramaturqu İlyas Əfəndiyevin pyeslərini göstərmək üçün teatrı Türkiyəyə dəvət etmək fikrində idi. Əlbəttə, bu çox şad bir xəbər idi. Əvvala, Azərbaycan teatrı 117 illik taixinin son 70 ilində bir dəfə də olsun xarici ölkələrdə qastrolda olmamışdı. İkincisi, tənqidin çox doğru olaraq qeyd etdiyi kimi, uzun illərdir ki, teatrın əsas repertuar yükünün ağırlığı İlyas Əfəndiyevin öhdəsindədir; bu böyük dramaturqun yadıcılığı dünyanın bir sıra ölkələrinin, o cümlədən Türkiyə ictimaiyyətinin diqqət mərkəzində olmuşdur. Müasir türk mətbuatı onu Azərbaycan ədəbiyyatının canlı klassiki adlandırıb...
... Bakıya gələn ilk 158 nəfərlik nümayəndə heyətinə Vəqfin rəhbəri, iqtisad elmləri doktoru, professor Turan bəy Yazqan başçılıq edir. Onlar teatrda İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" tamamşasına baxırlar. Türk Dünyası Araşdırmaları Vəqfinin xüsusi mükafatını İlyas Əfəndiyevə təqdim edirlər...
... Azərbaycan teatrı 1990-cı il may ayının 1-dən 15-nə kimi Türkiyədə qastrolda olmalı, İstanbul, Ankara, İzmir şəhərlərində tamaşalar göstərməliydi. İstanbulda 6 tamaşa (üç tamaşa "Bizim qəribə taleyimiz", üçü isə "Sevgililərin cəhənnəmdə vüsalı"), Ankara və İzmirdə isə hər iki tamaşanı iki dəfə göstərmək nəzərdə tutulmuşdu.
... 1990-cı il may ayının 1-də Azərbaycan Dövlət Akademik Dram Teatrının 37 nəfər üzvü Sovet-Türk sərhəddini SƏRP-HOPA zolağından keçərək Türkiyə torpağına daxil olurlur. Türkiyədə Azərbaycan sənətçilərini gül-çiçəklə, duz-çörəklə, folklor ansamblının gözəl mahnı və rəqsləri ilə böyük diqqət, qayğı və məhəbbət hissi ilə qarşılayırlar...
... May ayının 2-də teatr birinci olaraq özünün "Bizim qəribə taleyimiz" adlı tamaşasını Türkiyənin ən möhtəşəm, ən müasir səhnə texnikasına malik, 1250 nəfərlik tamaşaçı salonu olan Atatürk Kultur Mərkəzində göstərdi. Tamaşalar çox böyük müvəffəqiyyətlə keçmiş, gözlənildiyindən daha artıq səmimiyyət və hərarətlə qarşılanmışdı. Teatrın o vaxtkı sərəncamçı direktoru Ədalət Vəliyev yazır ki, "tələbkar türk tamaşaçıları tamaşa bitdikdən sonra salonu tərk etmək istəmir, dəfələrlə aktyor heyətini, rejissoru səhnəyə dəvət edirdilər. "Yazar gəlsin, yazar gəlsin!"- deyə hörmətli dramaturqumuz İlyas Əfəndiyevi tələb edirdilər. Demək olar ki, hər bir tamaşadan sonra teatrımızın bədii rəhbəri, xalq artisti Həsən Turabov səhnəyə çıxır və sevimli yazıçımız İlyas Əfəndiyevin... adından hərarətli qəbul üçün qədirbilən türk tamaşaçılarına dərin minnətdarlığını bildirirdi...
... Türkiyənin ən mötəbər informasiya agentlikləri, Türk televiziyası və mətbuatı kollektivimizin uğurlu çıxışları ilə bağlı olaraq "Tərcüman", "Türkiyə", "Hürriyyət", "Cümhuriyyət", "Milliyyət", "Günəş", "Zaman", "Dünya" və s. qəzet səhifələrində tanınmış, görkəmli səhnə xadimi, yazıçı Niyazi Yıldırım Gəncosmanoğlunun, kinodramaturq Sevinc Çokumun, Naşir Tahı Açyolun, teatrşünas Fatma xanımın və Hüseyn Başüstənin, qəzetçilər Murad Arvaz və Səlcuk Alkun, teatrşünas və sənətçi Həyati Əsilyazıçı, türk ziyalı və oxucularının, teatrsevərlərinin diqqəti cəlb edəcək "İlyas Əfəndiyev məktəbdir", "Azərbaycanın böyük yazarı İlyas Əfəndiyev", "Böyük Azərbaycan dramaturqu" və s. onlarca bu kimi başlıqlar altında geniş məqalə və resenziyalar, fotoşəkillər dərc edirdilər....
... May ayının 14-də "Sevgililərin cəhənnəmdə vüsalı" son vida tamaşasından sonra, Türkiyə Respublikasının mədəniyyət naziri Namiq Kamal Zeybək bəy gecədən xeyli keçmiş kollektivin şərəfinə düzəltdiyi gözəl ziyafətdə xalq yazıçısı İlyas Əfəndiyev haqqında çox qiymətli fikirlər söylədi...
... 1998-ci ilin noyabr ayında Azərbaycan Dövlət Milli Akademik Dram Teatrının kollektivi Türkiyənin Ərzurum, Sivas, Kayseri və Ankara şəhərlərində İlyas Əfəndiyevin "Hökmdar və qızı", B.Vahabzadənin "Özümüzü kəsən qılınc", Elçinin "Mənim sevimli dəlim" əsərlərinin tamaşalarını göstərdilər..."
İnqlab Kərimov
(Azərbaycan-Türkiyə teatr əlaqələri,
Bakı, 2000, səh.161 - 176.
Qeyd. Kitabın nəşri gecikərək
2001-ci ildə işıq üzü görüb.)
* * *
"Səməd Vurğun, Rəsul Rza, İlyas Əfəndiyev, Mehdi Hüseyn ona görə ölməzdir ki, müxtəlif janrlarda görkəmli əsərlərini eyni səviyyədə yazmışlar."
Allahverdi Eminov
("Palitra" qəzeti, 8-9 avqust 2001.)
* * *
"Biz dramaturqlarımızı qəbul edirik, lakin zirvədə İlyas Əfəndiyev dayanır."
Allahverdi Eminov
("Palitra" qəzeti, 28 avqust 2001.)
* * *
"M.Şeyxzamanov mərhum sənətkarımız İlyas Əfəndiyevin "Mahnı dağlarda qaldı" tamaşasında Həsənalı obrazını yaradıb. Onu da qeyd edək ki, 70-ci illərin əvvəllərində İlyas Əfəndiyevin tarixi mövzu ilə bu, ilk görüşü idi. Tamaşa 1971-ci ildə Əliheydər Ələkbərovun rejissorluğu ilə səhnəyə qoyuldu. Aktyor bu tamaşada cəmi iki dəfə səhnədə görünür. Lakin erizodik rolun xarakterini aktyor elə açmış, elə göstərmişdir ki, obrazın səhnədə iki dəfə görünməsi kifayət edirdi."
Zümrüd Bayramova
("Səs" qəzeti, 30 avqust 2001.)