KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

"AZƏRBAYCAN RESPUBLİKASI BAKI ŞƏHƏRİ İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI SƏRƏNCAM

          

                                         

            N  577                                                  31. 08. 2001

            ---------                                                  -----------------

 

 

Xalq yazıçısı İlyas Əfəndiyevin

adının əbədiləşdirilməsi haqqında

 

 

Azərbaycan Respublikası Prezidentinin, xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsinə dair 9 mart 2001-ci il tarixli, 642 saylı sərəncamın icrasını təmin etmək məqsədilə:

 

1. Xalq yazıçısı İlyas Əfəndiyevin yaşamış olduğu binaya (Hüsü Hacıyev küçəsi, 19) xatirə lövhəsi vurulsun.

 

2. Xatirə lövhəsinin hazırlanıb vurulması Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinə tapşırılsın.

 

 

                                                 

H. ABUTALIBOV"

 

*   *   *

 

"Yeni teatr mövsümünün açılışı ilə bağlı bəstəçi (Elza Seyidcahan- tərt.) İrəvan teatrından dəvət alıb. Ona İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" əsərinin tamaşasına musiqi yazmaq təklif olunub. Tamaşanı gənc rejissor Azər Şabanov səhnələşdirəcək."

 

("Paritet" qəzeti, 6-7 sentyabr 2001.)

 

 

*   *   *

 

"Teatrın (söhbət Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından gedir- tərt.) bədii rəhbəri, xalq artisti, professor Ağakişi Kazımov... yaradıcılıq işi haqqında danışarkən bildirdi ki, hazırda İlyas Əfəndiyevin "Büllur sarayda"... pyesi üzərində çalışır:

- "Büllur sarayda" əsəri üzərində işlər altmış faiz görülüb. Rolları xalq artistləri Solmaz Qurbanova, Tariyel Qasımov, əməkdar artist Azər Mirzəyev, gənc aktrisa Mehriban Abdullayeva və başqaları ifa edirlər.

- Vaxtilə Akademik Milli Dram Teatrında səhnəyə qoyduğunuz "Billur sarayda" tamaşası çox böyük uğur qazandı, uzun müddət repertuardan düşmədi. Yenidən bu mövzuya qayıtmağınız nə ilə bağlıdır? Və indi səhnəyə qoyduğunuz "Büllur sarayda"nı Akademik Milli Dram Teatrının səhnəsində üç yüz dəfədən çox oynanılan tamaşanın bərpası hesab etmək olarmı?

- Yox, bu, bərpa deyil. Təcrübədən bilirəm ki, bərpa olunan tamaşalar baxılmır. Hər dövrün öz ifa tərzi, sənətkarlıq xüsusiyyətləri var. Əsərin ideyası on il qabaq olduğu kimi, bu gün də aktualdır və bütün dövrlərdə də aktual olaraq qalacaq."

 

Sadıq Zamanoğlu

("Xalq qəzeti", 9 sentyabr 2001.)

 

*   *   *

 

"Mənim ən böyük arzum Bakıda nümunəvi bir teatr yaratmaqdır... Bu teatra biz ən hörmətli qonaqlarımızı dəvət edə bilək, burada bizim klassiklərimiz Mirzə Fətəli Axundov, Hüseyn Cavid, Əbürrəhim bəy Haqverdiyev, Səməd Vurğun, İlyas Əfəndiyev və başqalarının əsərləri oynanılsın."

 

Amalya Pənahova

("İki sahil" qəzeti, 14 sentyabr 2001.)

 

*   *   *

 

"Mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi əsasında tamaşa ilə açırıq. Teatrın talismanına çevrilmiş məhz bu tamaşa ilə mövsümü açmaq və bağlamaq -- artıq ənənəyə çevrilmişdir. Qarabağ torpağı işğalçılardan azad olanacan, əvvəlki tək ruhən yüksəlmiş və çiçəkləyən bir diyar olanacan, biz bu tamaşanı oynayacağıq. Və inanırıq ki, bizim sözümüz real qüvvəyə malik olacaq."

 

Həsənağa Turabov

("Bakinski raboçi" qəzeti, 19 sentyabr 2001.)

 

*   *   *

 

"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni -- 127-ci (əslində 129-u- tərt.) teatr mövsümünü sentyabrın 21-də saat 19.00-da İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açacaq. Tamaşanın qurluşçu rejissoru Mərahim Fərzəlibəyov, rəssamı İsmayıl Məmmədov, musiqi tərtibatı Polad Bülbüloğlu ilə Vasif Adıgözəlovundur. Əsas rolları Bəsti Cəfərova, Səyavuş Aslan və Kübra Əliyeva ifa edəcək."

 

("Yeni Azərbaycan" qəzeti, 21 sentyabr 2001.)

 

*   *   *

 

"Sentyabrın 21-i sizin qəzetinizin çıxan günü teatrımız 129-cu teatr mövsümünü açacaq. İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşası ilə. Biz ötən mövsümü də həmin əsərlə başlamışıq. Kollektivimiz Qarabağ azad olunana kimi həmin əsərin repertuardan düşməməsinə söz verib. Azərbaycan xalqının birliyindən, onun yadelli düşmənə qarşı mübarizəsindən bəhs edən bu əsəri biz torpaqlarımız işğaldan azad olunandan sonra Şuşada göstərmək arzusundayıq.

... Oktyabrın 3-ü İlyas Əfəndiyevin xatirə günüdür. Uzun illər Milli Teatrın repertuarını çiyinlərində saxlayan bu dramaturqun vəfat günü Fəxri Xiyabandakı qəbrini də ziyarət edəcəyik. "

 

  Həsənağa Turabov

("Ədəbiyyat qəzeti", 21 sentyabr 2001.)

 

*   *   *

 

Kitabda İlyas Əfəndiyev haqqında "Sözün ağsaqqalı, ağsaqqal sözü" adlı esse nəşr
olunmuşdur. Həmin essedən kiçik bir parça:

"Böyük ədəbiyyata "Kənddən məktublar"la gələn nasir ədəbiyyatda böyük iz qoydu. XX əsr Azərbaycani ədəbiyyatının, xüsusilə dramaturgiyanın bütöv bir dövrü, mərhələsi İlyas Əfəndiyevin adı ilə bağlıdır. "Bahar suları", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən","Qəribə oğlan", "Məhv olmuş gündəliklər", "Mənim günahım", "Unuda bilmirəm", "Mahnı dağlarda qaldı", "Xurşid banu Natəvan", "Billur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Bizim qəribə taleyimiz", "Sevgililərin cəhənnəmdə vüsalı", "Tənha iydə ağacı", "Hökmdar və qızı" kimi əsərləri ilə ədəbiyyatın bir qolunun ağır yükünü çəkən böyük dramaturq bu sahədə məktəb -- "İlyas Əfəndiyev məktəbi" yaratmağa müvəffəq olmuşdur. Onun səhnə əsərlərini, Azərbaycan ədəbiyyatı tarixində son dərəcə ziddiyyətli və zəngin br dövr kimi xarakterizə edilə biləcək Azəröbaycan sovet ədəbiyyatı dövrü dramaturgiyamızın bel sütunu adlandırmaq olar."

 

Abid Tahirli

(Sözlə yarananlar, sözü yaşadanlar.  

Bakı, 2001, səh. 203-204.)

 

*   *   *

 

"Dünən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı 129-cu mövsümünü böyük dramaturqumuz İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə açdı"

("Azərbaycan" qəzeti, 23 sentyabr 2001.)

 

*   *   *

 

"Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə özünün 128-ci (129-cu- tərt.) teatr mövsümünü açdı... 1996-cı ildən teatrın səhnəsində oynanılan, repertuardan düşməyən "Hökmdar və qızı" əsərinin sayca 65-ci tamaşası göstərildi."

 

("Xalq qəzeti", 23 sentyabr 2001.)

 

*   *   *

 

"Milli Akademik Dram Teatrı özünün növbəti 128-ci (129-cu- trt.) mövsüm açılışına xalq yazıçısı İlyas Əfəndiyevin "Hökmdar və qızı" tamaşası ilə başladı. Məlumdur ki, artıq neçə ildir teatr mövsüm açılışını bu tamaşa ilə edir. Səbəb isə Qarabağ erməni işğalından azad olunana qədər Milli Akademik Dram Teatrı mövsümü məhz bu tamaşa ilə başlayacaq.

Beləliklə, teatr öz açılışına "Hökmdar və qızı" ilə başladı. Salonda sakitlik hökm sürürdü. Artıq uzun bir müddətdir ki, bu tamaşa teatrın repertuarındadır. Nə tamaşaçı, nə də ki, yaradıcı heyət bundan usanır. Hər dəfə tamaşaçı əsərdə nəsə yenilik axtarmağa, onu tam dərk etməyə, incə məqamları duymağa  çalışır."

 

("Səs" qəzeti, 25 sentyabr 2001.)

 

x   x   x

 

"Oktyabrın 3-də böyük ədibimiz İlyas Əfəndiyevin dünyasını dəyişdiyi gündən beş il keçmiş olur. Lakin bu müddət ərzində milyonlarla oxucu və tamaşaçılar mənən onun yoxluğunu hiss etməmişlər. Azərbaycan Dövlət Milli Akademik Dram Teatrı builki teatr mövsümünü də sentyabrın 21-də İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşası ilə açmışdır.

Bu sayımızda ədibin qardaşı Arif Əfəndiyevin İlyas müəllim haqqında xatirələrindən bir parçanı dərc edirik."

Qəzetin dərc etdiyi həmin xatirədə İlyas Əfəndiyevin Füzulidə keçirdiyi ilk gənclik çağlarından bəhs olunur.

 

("Ədəbiyyat qəzeti", 28 sentyabr 2001.)

 

*   *   *

 

"İlyas Əfəndiyev haqqında düşünəndə, nədənsə, kitablardan oxuduğum XIX əsr ziyalılarını, yazıçılarını xatırlayıram. Yerişində, duruşunda ağırlıq, alicənablıq, sözündə-söhbətində ufaq bir səmimiyyət, uşaq sadəlövhlüyü, doğmalıq, simsarlıq... İndi bu dünyada olmayan, tanıdığım, gördüyüm, söhbət etdiyim görkəmli şəxsiyyətlərin, köhnə kişilərin heç biri İlyas Əfəndiyev kimi dünənimizi bütöv şəkildə, bütün rəngləri ilə yaşaya bilmədi...

... İlyas Əfəndiyev beş ildir ki, aramızda yoxdur. "Yoxdur" deməyə dilim gəlmir. "İlyas Əfəndiyev teatr məktəbi" yaşayırsa, onun yaratdığı neçə-neçə ölməz səhnə əsərləri bizi sevməyə, sevilməyə, millətimizin sabahkı taleyini düşünməyə səsləyirsə, deməli, yazıçı, sənətkar ömrü davam edir. Sağlığında İlyas Əfəndiyev çox mükafatlar aldı. Ancaq ən böyük mükafatı canından artıq sevdiyi doğma xalqının sevgisi oldu.

Yaddan çıxmaz torpağın

Taleyini yazanlar.

İlahi bir səs deyir:

Sən səbr elə, yazan var.

Yazan var, sözlərini

Qəlbinə, ürəyinə,

Halallıq qatılıbdı

  Bu xalqın çörəyinə.

"- Eheyy!!!

Dayan!"- səs gəlir. -

Geriyə baxma, qoca!"

Baxıram, İlyas müəllim

Dayanıb -- dağdan uca."

 

Zülfüqar Şahsevənli

("Günay" qəzeti, 30 sentyabr 2001.)

 

*   *   *

 

"Yaxın günlərdə gözlənilən tədbirlər haqda danışarkən, Həsənağa Turabov qeyd etdi ki, oktyabrın 3-də dramaturq İlyas Əfəndiyevin xatirə günü və bununla bağlı Fəxri Xiyabanda toplantı keçiriləcək."

 

Ceyran

("Günya" qəzeti, 30 sentyabr 2001.)

 

*   *   *

 

"C.Cabbarlı adına İrəvan Azərbaycan Dövlət Dram Teatrı özünün yeni -- 122-ci mövsümünü açmağa hazırlaşır. Teatrın aktyoru, əsəkdar artist Vidadi Əliyev: "... Hazırda isə İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesini hazırlayırıq. Tamaşanın rejissoru Azər Şabanov, bəstəkarı Elza Seyidova, qurluşçu rəssamı İlqar Əkbərovdur."

 

Sadıq Zamanoğlu

("Xalq qəzeti", 30 sentyabr 2001.)

 

*   *   *

 

Yazıçı Natiq Rəsulzadənin İlyas Əfəndiyev haqqında essesi dərc edilmişdir.

 

("Bakinskiy raboçiy" qəzeti,

3 oktyabr 2001.)

 

*   *   *

 

"Neçə-neçə sənət fədaisi haqq dünyasına qovuşub. Amma İlyas Əfəndiyevin itgisi bir an belə unudulmayıb...

... Əsərlərinin əksəriyyəti ilə tanış olsaq da, hərdən mənə elə gəlir ki, İlyas Əfəndiyev irsini lazımı səviyyədə mənimsəməmişik. Yoxsa... Yoxsa bu günə düşməzdik, vallah... "Üçatılan"ı sinəmizə basıb "dağlar arxasında üç dost" olardıq. "Geriyə baxma"zdıq ölsək də...

Mamırlı daşlarla döş-döşə durub, "söyüdlü arx"larımızı kişi kimi qoruyardıq. Yoxsa Şuşanın "büllur saray"larında özümüz əyləşərdik. "Xurşid banu Natəvan"ın ruhu qarşısında xəcalət çəkməzdik. "Mahnımız dağlarda qalmazdı" heç vaxt.

Odur ki, İlyas Əfəndiyevi oxuyaq, oxuyaq, oxuyaq...

Oxuduqca ona Ulu Tanrıdan rəhmət diləyək."

 

Şərif Ağayar

("Yeni Azərbaycan" qəzeti, 3 oktyabr 2001.)

 

*   *   *

 

"Artıq 5 ildir ki, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev dünyasını dəyişib. Azərbaycan ədəbimyyatı və mədəniyyəti tarixində əvəzsiz xidmətləri olmuş yazıçının unudulmaz xatirəsi bu gün də ürəklərdə əziz tutulur...

... "İlyas Əfəndiyevin Azərbaycan teatrı, dramaturgiyası önündəki xidmətləri"- deyə düşünəndə, göz önünə Çexovun rus mədəniyyəti üçün etdikləri gəlir."

 

Xan Rəsul

("Yeni Azərbaycan" qəzeti, 3 oktyabr 2001.)

 

*   *   *

 

"Beş il öncə -- 3 oktyabr 1996-cı ildə xalq yazıçısı İlyas Əfəndiyev dünyadan köç etdi. Bu köç xalımız üçün böyük itgi oldu, ədəbiyyatımızda bir boşluq yarandı..."

 

                                                                                                      Zümrüd

("Səs" qəzeti, 3 oktyabr 2001.)

 

*   *   *

 

"... Həmişə müasir İlyas Əfəndiyev... Onun haqqında düşünəndə hər şeydən öncə, bu müasirlik ifadəsi yada düşür. Yəni həmişə təzə, təravətli, novator bir sənət."

 

Vaqif Yusifli

("Azərbaycan" qəzeti, 3 oktyabr 2001.)

 

*   *   *

 

"Sovet həyat tərzinin, kommunist dünyagörüşünün sonunun başlanğıcını sənətkar intuisiyası ilə birincilər sırasında duyan İlyas Əfəndiyev elə birincilər sırasında da milli mənəviyyatımızın dirçəlişinə, tarixi yaddaşımızın bərpasına xidmət edən "Mahnı dağlarda qaldı", "Xurşid banu Natəvan", "Şeyx Məhəmməd Xiyabani", "Hökmdar və qızı" tarixi dramlarını, "Geriyə baxma, qoca" taixi romanını yazır."

 

İlham Abbasov

("Xalq qəzeti", 3 oktyabr 2001.)

 

*   *   *

 

"... Mədəniyyət naziri Polad Bülbüloğlu Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, dramaturgiyasının inkişafında İlyas Əfəndiyevin böyük xidmətlərindən danışdı. Bildirdi ki, İlyas müəllim bu gün cismən aramızda olmasa da, onun sənəti yaşayır. Təsadüfi deyil ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı son beş ildə hər mövsümünü İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesi ilə açır."

 

AzərTAc

("Azərbaycan" qəzeti, 4 oktyabr 2001.)

 

*   *   *

 

"Azərbaycan ədəbiyyatı taixində görkəmli yer tutan və özünəməxsus dəst-xətti olan İlyas Əfəndiyev bu gün də sevilə-sevilə oxunur"

 

Elçin Əlioğlu

Zaur Zeynallı

("525-ci qəzet", 4 oktyabr 2001.)

 

*   *   *

"Böyük yazıçının vəfatının 5-ci ildönümü ərəfəsində jurnalist Abid Tahirli yaşına, təhsilinə, peşəsinə görə fərqlənən müxtəlif adamlarla görüşmüş, İlyas Əfəndiyev və onun irsi
haqqında təəssüratları ilə maraqlanmışdır."

Filologiya elmləri doktoru M ə h ə r r ə m  Q a s ı m l ı:

"... Mən cəsarətlə deyərdim ki, İlyas Əfəndiyev dramaturgiyamızda, bütövlükdə ədəbiyyatda lirik-psixoloji üslubun yaradıcısı idi.

... Əminəm ki, Azərbaycan teatrını on illər boyu yaşadan  İlyas Əfəndiyevi Azərbaycan teatrı əbədi yaşadacaqdır."

Filologiya elmləri  doktoru, professor Q ə z ə n f ə r K a z ı m o v:

"..."İlyas Əfəndiyev" sözündə ədəbi bir işıq, bir kövrəklik, yuxu aləmində uca insanın hiss etdiyi rahatlıq, yüngüllük, ecazkarlıq var.

... Digər nəsr ustalarımızın böyük zəhmətinə, müqəddəs ruhuna etinadsızlıq göstərmədən deyə bilərik ki, əgər nəsrin şeriyyətini öyrənmək lazım gələrsə, "Dədə Qorqud"dan sonra İlyas Əfəndiyevin "Qarı dağı", "Qəhrəman ilə bülbülün nağılı", "Tar", "Kiçik bir poema", "Apardı sellər Saranı" və başqa hekayələrini öyrənmək lazım gələrdi. Bu əsərlərdəki şeriyyət tədricən genişlənərək "Söyüdlü arx"a, "Körpüsalanlar"a, "Sarıköynəklə Valehin nağılı"na və başqa əsərlərə hopmuşdur."

Bakıdakı 151 saylı məktəbin biologiya müəllimi S a l e h ə  Ə m r a h z a d ə:

"... Ədəbiyyatşünaslar İlyas Əfəndiyev yaradıcılığından danışanda "İlyas Əfəndiyev məktəbi", yaxud "İlyas Əfəndiyev teatrı" ifadələrini işlədirlər. Mən İlyas Əfəndiyevin əsərlərini həyat dərsliyi, onun özünü isə həyat müəllimi adlandırardım."

Yazıçı-jurnalist M ə h ə m m ə d  B a h a r l ı:

"İlyas müəllim 82 yaşında vəfat etmişdir. Bu, böyük yaşdır. Amma istər sağlığında və istərsə də bu gün o, mənim üçün gənclik simvoludur. Çünki İlyas müəllimi mən gəncliyimdən əsərləri ilə, obrazları ilə tanıyıram. Burada hər şey təzədir, təravətlidir, burada həyat qaynayır, gənclik, məhəbbət mühitə hakimdir. Odur ki, İlyas Əfəndiyevin obrazlarını qocalmayan qəhrəmanlar, onun özünü ölməz insan, ölməz sənətkar adlandırsaq, səhv etmərik.

Bir məsələni də qeyd etmək istərdim. Milli mənlik hissinin, milli qürurun, milli şüurun formalaşmasında və inkişafında İlyas müəllimin rolu misilsizdir. Əlbəttə, o, heç bir əsərində "gəlin milli şüurumuzu yüksəldək", yaxud "eşq olsun bizim millətə" yazmayıb. Lakin 60-70-80-ci illərdə (mən bu illəri milli özünüdərkin yeni təzahür dövrü adlandırardım) yeni söz eşitmək ehtiyacı ilə yaşayan nəslə tarixçilər, elm adamları heç nə demirdi, yaxud deyə bilmirdi. Amma İlyas müəllimin qəhrəmanlarının gur səsi salonu titrədir, qəlblərə od salırdı. Səhv etmirəmsə, xalq artisti Amalya Pənahova İlyas müəllim haqqında demişdi ki, heç kəsin cəsarəti çatmayanda, onun qələmi qılınc kimi parlayar və həqiqəti yazardı..."

Xalça ustası D a ğ l a r  S ə f ə r o v:

"... Az-çox ədəbiyyatla maraqlandığım üçün özümdə cəsarət tapıb İlyas müəllimin dili ilə bağlı bir fikir söyləmk istəyirəm. Vaqifin dili poeziyada nədirsə, İlyas Əfəndiyevin dili nəsrdə odur. Bu dil, onun sahibi olan xalq durduqca, İlyas Əfəndiyev də yaşayacaqdır..."

Beynəlxalq Münasibətlər İnstitunun aspirantı A y g ü n    H ə s ə n o ğ l u:

"... Azərbaycan dramaturgiyası nisbətən gənc olsa da, ədəbiyyatımıza M.F.Axundov, C.Cabbarlı, H.Cavid kimi nəhənglər bəxş etmişdir. Lakin bu üç böyük dramaturqdan sonra, uzun müddət dramaturgiyamızda bir borşluq yarandı. Ayrı-ayrı maraqlı əsərlər yaransa da, bütövlükdə Azərbaycan teatrının ağırlığını öz çiyinlərinə götürə bilən dramaturqun nəfəsi duyuldmurdu. Belə bir nəfəsi teatrımıza İlyas Əfəndiyev gətirdi...

... Mənim üçün maraqlı cəhətlərdən bir də odur ki,İlyas Əfəndiyev hətta durğunluq dövründə belə, teatrı sovet idiologiyasının tribunasına, silahına çevirmədi, süni bir-birinə bənzər sovet obrazları ilə səhnəni doldurmadı, əksinə, sözün həqiqi mənasında maraqlı, rəngarəng, köhnə çərçivələri dağıdıb parçalayan, sosializm realizminin qəliblərindən cəsarətlə kənara çıxa bilən qəhrəmanlar yaratdı..."

Filologiya elmləri namizədi B a b a  B a b a y e v:

"... Beş il nə tez gəlib keçdi... Nurlu siması gözümüzün önündən, şirin, ağıllı, müdrik sözləri qulaqlarımızdan getməyib İlyas müəllimin. Elə bil ədəbiyyatın ağırlığı onun boy-buxununa biçilmişdi. Minlərin, milyonların həsəd apardığı işıqlı sima beş il öncə -- 1996-cı ilin oktyabrında həyata vida deyib torpağa tapşırılanda astaca pıçıldadım ki, ədəbiyyatımız yetim qaldı, Milli Dram Teatrımızın səhnəsi boş. Şükürlər olsun ki, oğlu Elçin atasının ruhunu nigaran qoymadı. Çiyinlərini irəli verib varis kimi, oğul kimi, ən nəhayət, kişi kimi "Ah, Paris, Paris!", "Dəlixanadan dəli qaçıb" və "Sənim ərim dəlidir" pyeslərini yazıb tamaşaçılara ərmağan etdi... 30 ildən çox bu məbədə krallıq etmiş İlyas Əfəndiyev estafeti uğurla oğlu tərəfimndən davam etdirildi.

... Mərhum yazıçımız Yusif Səmədoğlunun dəfn günü Elçin müəllimin izdihamdan uzaqlaşıb atasıın qəbri yanındla sakit dayandığı anı heç vaxt xatirimdən çıxara bilməyəcəyəm. İlyas Əfəndiyevin yoxluğu övladlarını, əzizlərini necə yandırırsa, ədəbiyyatsevərləri də, bax, eləcə yandırıb yaxır."

 

("Azərbaycan müəllimi" qəzeti,

4 oktyabr 2001.)

 

  *   *   *

 

"Oktyabrın 3-də xalq yazıçısı İlyas Əfəndiyevin vəfatı günüdür. Artıq beş ildir ki, görkəmli ədib dünyasını dəyişib. Bu müddlət ərzində o hər gün yüz minlərlə oxucusunun və tamaşaçısının hafizəsində yaşayıb və yaşayır. Əsərlərinin işığı onsuz keçən illərdə də qəlblərə nur saçıb, yaddaşları hərəkətə gətirib, oyadıb. Yazıçıya, onun sanballı ədəbi irsinə hörmət əlaməti olaraq qələm dostları, səhnə ictimaiyyətinin nümayəndələri, çoxsaylı oxucuları onun Fəxri Xiyabandakı məzarını ziyarət etmişlər.

Tədbiri giriş sözü ilə açan Mədəniyyət naziri Polad Bülbüloğlu İlyas Əfəndiyevin Azərbaycan ədəbiyyavtındakı mövqeyindən və səhnə sənətimizin inkişafındakı xidmətlərindən danışmışdır. Xalq yazıçısı Anar, xalq şairi Qabil, xalq artistləri Həsən Turabov, Əlabbas Qədirov, Bəsti Cəfərova, Firəngiz Mütəllibova, sənətşünaslıq doktoru İlham Rəhimli ədibin əsərlərindən, onların səhnə təcəssümündən, şərəfli ömür yolundan söhbət açmış, xatirələrini söyləmişlər. Qeyd olunmuşdur ki, Azərbaycan nəsrində öz dəst-xətti ilə seçilən yazıçı səhnə sənətimizdə öz teatrını -- "İlyas Əfəndiyev teatrı"nı yaratmışdır. Bu teatrın çıxış edən nümayəndələri İlyas Əfəndiyev dramaturgiyasının onların yaradıcılığındakı rolu ilə əlaqədar ədibin qayğıkeşliyindən, xeyirxahlığından söhbət açmışlar.

Ədibin oğlu, xalq yazıçısı Elçin atasının xatirəsini əziz tutduğuna, bu beş ildə onlara həyan olduqlarına, atasının yaradıcılıq irsinə hörmətlə yanaşdıqlarına görə respublikanın ədəbi-mədəni ictimaiyyətinə təşəkkürünü bildirmişdir.

Mərasim ədibin ruhuna oxunan dualarla başa çatmışdır."

 

("Ədəbiyyat qəzeti", 5 oktyabr 2001.)

 

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011