1 9 9 7 / səhifə 1
Səhifələr : 1 2 3 4
"Ümumiyyətlə, rol saymağı xoşlamıram. Amma neyləməli, əlliyə qədər baş rol oynamışam. Bunların əksəriyyəti müsbət rollardır. Onu da qeyd edim ki, ən çox hörmətli dramaturqumuz İlyas Əfəndiyevin əsərlərində oynamışam. "Büllur sarayda" (Lalə), "Şeyx Xiyabani" (Gülrux), "Tənha iydə ağacı" (Südabə), "Dəlilər və ağıllılar" (Azadə xanım), "Mahnı dağlarda qaldı" (Gülgəz), "Hökmdar və qızı" (Ağabəyim ağa) və b.
Bir aktrisa kimi, İlyas Əfəndiyevi həmişə minnətdarlıq hissi ilə xatırlayaraq deyirəm: İlyas müəllim, ey sənət eşqi böyük olan insan, cismən ürəyi susub, mənəviyyatca həmişəyaşar dramaturq, Siz mənə sənətin böyüklüyünü hiss etdirdiniz.
Çox təəssüf edirəm ki, İlyas müəllim "Hökmdar və qızı" əsərinin səhnə ömrünü görə bilmədi. Teatrın təmirə dayanması tamaşanın vaxtında oynanılmasına mane oldu. İlyas müəllim deyirdi ki, əsəri Antalyada tamaşaya qoyarıq. Çox qəribədir ki, bu tamaşadan sonra əsərin Türkiyədə oynanılması üçün teatr dəvət alıb. İlyas müəllimin bu arzusunun da çin olacağı günə az qalıb."
Bəsti Cəfərova
(Azərbaycan qadını" jurnalı, 1, 1997.)
* * *
Ramiz Məmmədzadənin İlyas Əfəndiyevə həsr etdiyi şeri rus dilində "Uzaqlara üzən planet" adı ilə dərc edilmişdir.
("Bakinskiy raboçiy" qəzeti, 17 yanvar 1997.)
* * *
"Ötən ilin payız günlərinin birində KÖHNƏ KİŞİLƏRİN (burada və aşağıda kursiv müəllifindir- tərt.) birini -- bəlkə də sonuncusunu -- İlyas müəllimi də itirdik. Bu ölüm bolluğunda, ölümə az qala öyrəşdiyimiz, alışdığımız, ölümün belə ucuzlaşdığı bu əcayib günlərdə İlyas müəllimin ölüm xəbəri çoxları kimi, məni də sarsıtdı, məni də göynətdi.
Çayxana dedi-qodularında bircə dəfə də adının hallandığını eşitmədim İlyas müəllimin. Şərəfli, namuslu bir ömür yaşadı, əsl YAZIÇI ÖMRÜ yaşadı İlyas müəllim. Hamıya örnək ola biləcək bir ömür..."
Maarif Soltan
("Qobustan" jurnalı, 1-2, 1997.)
* * *
"İlyas Əfəndiyevdə teatra, səhnə sənətinə olduqca aydın, ciddi və vicdanlı bir münasibət var idi. O. sələfləri M.F.Axundov, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə, N.Nərimanov, S.M.Qənizadə, S.S.Axundov kimi, teatra "müqəddəs məkan", "məbədgah" kimi baxırdı...
"İlyas Əfəndiyev teatrı"nın estetikası artıq çoxdan formalaşmış və özünün qüvvətli və işıqlı cəhətləri ilə seçilmişdir. Bu teatr estetikasının incə və dözümlü qəlblərin hərarətindən, vətənə, xalqa sədaqətindən yoğrulmuş məhəbbət, igidliyin, cəsarətin, dönməzliyin birliyindən yaranmış qəhrəmanlıq və mübarizlik, el-obaya, onun sənətinə vurğunluqdan qidalanmış fədakarlıq başlıca keyfiyyətləridir. Bütün bunlar təbiilik, həyatilik, realizm və humanizmlə cilalandığından, eyni zamanda parlaq məfkurəviliyə və güclü ideala əsaslandığından onun idrakı və tərbiyəvi təsiri olduqca güclüdür."
İnqilab Kərimov
("Qobustan" jurnalı, 1-2. 1997.)
* * *
"Mövludun (Mövlud Süleymanlı- tərt.) "Dəyirman" povestinin Yazıçılar İttifaqında məhkəmə-müzakirəsi, əslində, bu nəslin (M.Süleymanlının mənsub olduğu ədəbi nəsl nəzərdə tutulur- tərt.) mühakiməsi idi. Bu ağır məhkəmədə məhrum İmran Qasımov, İshaq İbrahimov (Yazıçılar İttifaqının o zamankı katibləri- tərt.) və xüsusilə İlyas Əfəndiyev və Ənvər Məmmədxanlı tərəfindən müdafiə edilən, gənclik tərəfindən dəstəklənən yeni nəsl qələbə çaldı."
Kamil Vəli Nərimanoğlu
("Azadlıq" qəzeti, 1 fevral 1997.)
* * *
"Xəbər verildiyi kimi, bu yaxınlarda bir qrup incəsənət işçisi, o cümlədən Azərbaycanın xalq artisti Səyavuş Aslan "Qızıl Dərviş" mükafatına layiq görülmüşdür.
- Səyavuş müəllim, oxucularımız bilirlər ki, "Qızıl Dərviş" mükafatını Siz İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsərindəki Vanya koxa rolunun ifasına görə almısınız. Səhnədə yaratdığınız bu obraz barəsində nə deyə bilərsiniz?
- Vanya koxa hiyləgər bir ermənidir. Araqarışdırandır, fırıldaqçıdır. Bu keyfiyyətlər isə Vanya koxaya kökdən gəlir. Başqa sözlə, Vanya koxa ümumiləşdirilmiş erməni obrazıdır. Milli teatrımızın yaranması gününə həsr olunmuş builki müsabiqənin münsiflər heyəti və tamaşaçılar, görünür, mənim oyunumu bəyəndilər ki, belə bir gözəl mükafata layiq görüldüm.
... İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" pyesində Azərbaycanın xalq artisti Mirzağa Əliyevin prototipini yaratmışam. Bu tamaşanı Türkiyədə də göstərdik. Çox bəyəndilər. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm: orada qeyd etdilər ki, bu, dünyamiqyaslı aktyorlar səviyyəsində yaradılmış obrazdır."
("Günay" qəzeti, 6 aprel 1997.)
* * *
"İnstitutda kursumuzun rəhbəri Dram Teatrının baş rejissoru mərhum Tofiq Kazımov idi. O ikinci kursda məni teatra -- İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesində Savalan roluna dəvət etdi. İlk rolumdan sonra məni teatrın hey'ətinə dəvət etdilər. Elə o vaxtdan oxuya-oxuya işləməyə başladım."
Fuad Poladov
("Millət" qəzeti, 6 may 1997.)
* * *
"MİLLİ DRAM TEATRI İLYAS ƏFƏNDİYEVİN ADINI DAŞIYACAQMI?
Əməkdar artist Eldəniz Zeynalovun 60 illik yubiley gecəsində çıxış edənlər yubilyara 70 illiyini İlyas Əfəndiyev adına Teatrda keçirməyi arzu etdilər."
("7 gün" qəzeti, 9 may 1997.)
* * *
"Bir gecə (cümə axşamına açılan gecə) yuxuda İlyas müəllimi gördüm. İlyas müəllim zolaqlı pijamada bizə gəlmişdi, mənə bir boşqab meyvə gətirmişdi. Mən boşqabdan çəhrayı ərikləri yığıb yedikcə mehriban, gülümsər gözlərini məndən çəkmədi...
... Müəyyən qism adamlar var ki, onların dünyamızdan köçüb getməsi çox vaxt bizi özümüzün də özümüzə aydın olmayan qəribə əhvallara, ovqatlara salır..."
Afaq Məsud
("525-ci qəzet", 20 avqust 1997.)
* * *
"İlk mətbu şerim haqqında ilk yazıçı sözü eşitdim. Elə bil, həmin gün 18 yaşlı Qabilə 30 yaşlı İlyas müəllim şairlik vəsiqəsi verdi."
Qabil
("Ədəbiyyat qəzeti", 29 avqust 1997.)
* * *
"- Necə oldu ki, teatra qayıtdınız?
- Məni teatra qaytardılar. Çünki teatrın mənə ehtiyacı var idi. İlyas Əfəndiyev, kino naziri Azad Şərifov, mədəniyyət naziri Zakir Bağırovun təkidi ilə yenidən səhnəyə qayıtdım."
Amalya Pənahova
("Ekspres" qəzeti, 6 sentyabr 1997.)
* * *
"H.K.Sanılı barəsində 18 may 1957-ci ildə Azərbaycan Sovet yazıçılar İttifaqı Rəyasət Heyətinin üzvləri Mir Cəlal, Məmməd Arif, İlyas Əfəndiyev və Bəxtiyar Vahabzadənin imzası ilə müsbət rəy verilmişdir... 12 iyun 1957-ci ildə ona bəraət verilir."
Cəlal Qasımov
("Sərhəd" qəzeti, 6 sentyabr 1997.)
* * *
"- Necə oldu ki, "Hökmdar və qızı" tamaşasında sizə erməni rolu tapşırdılar?
- Mən onda Musiqili Komediya Teatrında işləyirdim. Nə qədər çağırdılar, getmədim. İncidilər. Sonra tamaşanı hazırlayıb daxili baxış keçirdilər. Xoşa gəlmədi. İlyas Əfəndiyevin oğlu Elçin məni çağırdı. Əlabbas və Kübranı da sonra dəvət etdilər.
İlyas müəllim aktyorlara qarşı çox tələbkar idi. Bir kəlmə söz artıq, ya əskik deyəndə əsəbiləşərdi: "Sən məndən çox bilirsən, mənim yazıma düzəliş edirsən?"- deyərdi. Mən isə "Qəribə tale"də, "Sevgililərin cəhənnəmdə vüsalı"nda bəzən söz artırmışam. Məndən xoşu gələrdi, deyərdi: "- Ə, bu kopolu çox gözəl aktyordu, mən bunu çox istəyirəm."
Səyavuş Aslan
("Avrasiya" qəzeti, 9 sentyabr 1997.)
Səhifələr : 1 2 3 4