VƏFATINDAN SONRAKI İLLƏRDƏ
İLYAS ƏFƏNDİYEV
HAQQINDA DƏRC OLUNMUŞ YAZILARDAN
SEÇMƏLƏR
Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10
"İLYAS MƏHƏMMƏD OĞLU ƏFƏNDİYEV
Azərbaycan ədəbiyyatı və mədəniyyətinə ağır itgi üz vermişdir. Görkəmli nasir və dramaturq, xalq yazıçısı, mədəniyyətimizin qocaman və nüfuzlu nümayəndələrindən biri İlyas Məhəmməd oğlu Əfəndiyev 82 yaşında vəfat etmişdir.
İlyas Əfəndiyev 1914-cü il mayın 28-də Füzuli şəhərində anadan olmuşdur. O, əmək fəaliyyətinə kənd müəllimliyindən başlamış, müxtəlif vəzifələrdə, o cümlədən Azərbaycan Yazıçılar İttifaqının katibi vəzifəsində çalışmışdır. İlyas Əfəndiyevin əsas fəaliyyət sahəsi isə onun parlaq bədii yaradıcılığı olmuşdur. Məhz yaradıcılığa olan tükənməz həvəsi onu respublikada formalaşan ədəbi prossesin fəal iştirakçılarından birinə çevirmişdir.
Müasir Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi İlyas Əfəndiyevin adı ilə bağlıdır. Hələ 30-cu illərdə ədəbiyyata kənd həyatı ilə bağlı hekayələrlə gələn İlyas Əfəndiyev yeni dövr bədii ədəbiyyatımızın təməl daşını qoyanlardan biri olmuşdur. Müxtəlif illərdə yazdığı nəsr və dram əsərləri Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynamışdır. Onun Azərbaycan nəsrinə bəxş etdiyi "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" kimi ölməz əsərləri dərin məzmunu, parlaq və zəngin insani xarakterləri ilə geniş oxucu kütlələrinin böyük rəğbətini qazanmışdır.
İlyas Əfəndiyevin ciddi ictimai-sosial problemlər qaldıran, gözəl mənəvi keyfiyyətlər aşılayan bu roman və povestləri müasir Azərbaycan nəsrinin yüksək bədii-estetik səviyyəli nümunələri kimi qiymətləndirilir. Onun əsərlərinin şöhrəti respublikamızın hüdudlarını aşmış, müxtəlif dillərə tərcümə edilmişdir.
İlyas Əfəndiyevin yüksək vətəndaşlıq pafosu, incə lirizm, dərin psixoloji tapıntılarla zəngin olan pyesləri teatr sənətimizdə yeni bir mərhələ açdı, özünəməxsus cəhətləri ilə seçilən "İlyas Əfəndiyev teatrı" yaratdı. "Bahar suları", "Atayevlər ailəsində", "Sən həmişə mənimləsən", "Unuda bilmirəm", "Məhv olmuş gündəliklər", "Mahnı dağlarda qaldı", "Mənim günahım", "Qəribə oğlan", "Xurşidbanu Natəvan", "Büllur sarayda", "Şeyx Məhəmməd Xiyabani", "Sevgililərin cəhənnəmdə vüsalı" pyesləri milli teatrımızın əsas repertuarını təşkil edir.
Bu əsərlərin tamaşaları istedadlı aktyor və rejissor nəsillərinin yetişməsində mühüm rol oynamışdır.
İlyas Əfəndiyevin dramaturgiyası öz xəlqiliyi, müasir həyata nüfuzu, vətəndaşlıq qayəsi, aydın sənətkar mövqeyi və ideya-bədii dəyəri ilə seçilir, həyatı bədii cəhətdən çox inandırıcı və təsirli təsvir edir. Onun pyeslərində hər zaman Qarabağa bağlılıq, bu müqəddəs torpağı tərənnüm etmək arzusu duyulur.
İlyas Əfəndiyev son günlərinə qədər yaradıcılıq şövqünü əvvəlki kimi hifz etmiş, qələmi əlindən yerə qoymamışdır. O, sənətimizə son hədiyyəsini -- "Hökmdar və qızı", "Polkovnik Allahyarov" pyeslərini də bitirib teatra təhvil vermişdir.
İlyas Əfəndiyevin xalq qarşısında xidmətləri yüksək qiymətləndirilmişdir. O, xalq yazıçısı adına layiq görülmüş, ədəbiyyat və incəsənət sahəsində Dövlət mükafatı laureatı olmuş, orden və medallarla təltif edilmişdir. Sənət adamları arasında müstəqil Azərbaycanın "Şöhrət" ordenini alan ilk sənətkar da İlyas Əfəndiyev olmuşdur.
Görkəmli sənətkar, gözəl insan, böyk vətənpərvər İlyas Əfəndiyevin klassik yaradıcılıq irsi ədəbiyyatımızın, teatrımızın qiymətli inciləri kimi daim parlayacaq, onun əziz xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.
Heydər Əliyev, Arif Rəhimzadə, Artur Rasizadə, Abbas Abbasov, Ramiz Mehdiyev, Rəfael Allahverdiyev, Fatma Abdullazadə, Polad Bülbüloğlu, Nizami Xudiyev, Anar Rzayev, Tofiq Quliyev, Fərhad Xəlilov, Həsənağa Turabov, Yusif Səmədoğlu, Çingiz Abdullayev, Mirvarid Dilbazi, Qılman İlkin, Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Məmməd Araz, Qabil İmamverdiyev, Hüseyn Abbaszadə, Bəkir Nəbiyev, Leyla Bədirbəyli, Şəfiqə Məmmədova, Amalya Pənahova, Məlik Dadaşov, Əliabbas Qədirov, Fuad Poladov."
("Azərbaycan" qəzeti, 4 oktyabr 1996; "Xalq qəzeti",
4 oktyabr 1996; "Ədəbiyyat qəzeti", 11oktyabr 1996.)
Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10