1996-cı il
3 oktyabr. Cümə axşamı.
Saat 13.45.
İlyas Əfəndiyevin dünyasını dəyişdiyi il, gün, saat, dəqiqə...
Bu tarixdən sonra İlyas Əfəndiyevin -- yazıçının, mütəfəkkirin, vətəndaşın -- ikinci ömrü (sənət ömrü! yaradıcılıq ömrü! əməllər ömrü!) başlanır...
Bu ömrün -- sənətkarın ikinci ömrünün -- müddəti (davamlığı, uzunluğu) insan ömrünün çərçivəsi ilə müqayisəyə belə gəlmir və sənətkarın bu dünyada qoyub getdiyi Sözün əhəmiyyəti, əslində, o ikinci ömrün zaman vahidinə çevrilir...
İlyas Əfəndiyev ömrü davam edir...
Onun haqq dünyasına köçdüyü bu beş ildə -- 1996-cı ilin oktyabrından 2001-ci ilin oktyabrınacan -- sənət adamları, yazıçılar, alimlər, jurnalistlər, adi oxucular mətbuat səhifələrində İlyas Əfəndiyev haqqında məxsusi qələmə alınmış bir çox xatirələrdən, məqalələrdən başqa, müxtəlif mövzulu yazılarında, müsahibələrində də tez-tez onu nisgil dolu bir səmimiyyətlə xatırlamış, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı haqqında, bu yaradıcılığın XX əsr Azərbaycan ədəbiyyatının inkişafındakı rolu barədə ürək dolusu bir hərarətlə söz demiş, onunla bağlı tarixi faktlara diqqət yetirmiş, müxtəlif məlumatlar vermişlər.
Mətbuatdakı, nəşr olunan kitablardakı həmin yazıların, mə'lumatların hamısını izləmək praktiki cəhətdən mümkün deyil.
Bu beş ildə İlyas Əfəndiyev yaradıcılığı haqqında nəşr olunmuş monoqrafiyaları, "Sən həmişə bizimləsən" adlı xatirələr kitabını, onun şəxsiyyətindən və yaradıcılığından bəhs edən məqalələri, xatirələri, deyilən fikirləri, mülahizələri, açıqlanan faktları bir yerə toplasan, neçə cilddən ibarət bir nəşr ola bilər.
Mən, salnamə xarakterli bu kitabda, həmin yazılardan elə kiçicik hissələr seçib oxucuya təqdim etməyə çalışdım ki, mövzunun ehtiva dairəsi imkan daxilində əhatəli olsun, İlyas Əfəndiyevin şəxsiyyəti və yaradıcılığı, eləcə də, onun müasir Azərbaycan ictimai fikrindəki yeri barədə dəqiq təsəvvür yaratsın.
Yazılardan seçdiyim nümunələrdə, mən, təbii ki, müəlliflərin üslubuna toxunmamışam. Həmin nümunələr mətbuatda necə getmişdirsə, bu kitabda da eləcə verilmişdir.
Elçin