ARXİVLƏR






 

USTAD DƏRSLƏRİ

"Unuda bilmirəm"

  1 nümunə 2 nümunə 3 nümunə
2 nümunə  
Akademik Milli Dram Teatrı, 1981. Akademik Milli Dram Teatrı, 1968.
Quruluşçu rejissor: Tofiq Kazımov
Bərpaçı: Məmmədrza Şeyxzamanov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Nurəddin Quliyev
Quruluşçu rejissor: Tofiq Kazımov
Rejissor : Lütfi Məmmədbəyov
Rejissor assistenti: Araz Təhmasib
Rəssam: Sənan Qurbanov
Bəstəkar: Emin Sabitoğlu
Rollarda: Nərmin – Amaliya Pənahova,
Kamran – Həsən Turabov

 

Əsərin mətni

 

Birinci pərdə

Nərmin (Pianinoya işarə ilə) Bunu sən almısan?
Kamran (gülümsəyir). Mənim o qədər pulum haradaydı? Ev sahibi qızına cehiz alıb.
Nərmin Çalsaq, acıqları tutmaz ki?
Kamran Yox. (Qədəhini götürür.) Sənin sağlığına. (İçir.)
Nərmin (pianinonun qabağında oturaraq). Nə çalım?
Kamran. Özün bilirsən.
Nərmin (Kamranın xoşladığı havanı çalıb oxuyur).

Məni sənə bağlayan
Eşqin, məhəbbətindir,
Yollarında saxlayan
Sənin sədaqətindir.
Tutsun ərşi duman, çən,
Qar olsun, dözərəm mən.
Ürəyimi isidən
Sənin hərarətindir.
İstəmirəm gül-çiçək,
Ömrün yolu daş-kəsək.
Hər bəlaya dözəcək,
Sənin dəyanətindir,
Nədir vəfa, etibar,
Söz desəm, artıq olar.
Mənim bu eşqim ki, var
Sənin əmanətindir.
İstəmirəm gül-çiçək,
Ömrün yolı daş-kəsək.
Hər bəlaya dözəcək,
Sənin dəyanətindir.
(Şeir Əliağa Kürçaylınındır).

Kamran. Sənin gozlərinin ifadəsi bu gün çox qəribədir.
Nərmin. Yəni nə cür qəribə?
Kamran. Elə bil ki, xəyalın dalğa-dalğa gəlib sahilə dəyərək parçalanır, yenə də geri qayıdır,
Nərmin (gülümsəyir.) Mən səndən qorxuram, Kamran.
Kamran. Nə üçün?
Nərmin. Başqasının ürəyindən keçənləri duymaq qabiliyyəti səndə o qədər güclüdür ki...
Kamran. Sənin məndən gizlin nə fıkrin ola bilər ki?
Nərmin. Əlbəttə ki, yoxdur, ancaq bəzən heç özümdən də asılı olmayaraq, xəyalıma elə şeylər gəlir ki, onu öz-özünə belə, etiraf etməyə utanırsan. (Qədəhi götürərək) Sən həyatda həmişə xoşbəxtliyi yaxşı hisslərin qələbəsində görürsən, elə deyilmi?
Kamran. Elədir.
Nərmin. Bir-birimizə olan gözəl hisslərin qələbəsi şərəfinə!
Kamran (gülümsəyir.) Yaxşı.
Nərmin (gülümsəyir). Uçduq.
Kamran. Kosmosa!
Nərmin (gülümsəyir). Kosmosa!
İçirlər.
Kamran (papiros yandıraraq). Təzə namizəd sənə nə cür təsir bağışladı?
Nərmin. Zənənə gözəl?!. (Bərkdən gülür.)
Kamran (birdən acıqlanaraq, əlini stola çırpıb qışqırır). Bəsdir! (Gərgin pauza.) Biz insanlar heç zaman yaxamızı daxilimizdəki saxtakarlıqdan qurtara bilməyəcəyik! (Gərgin pauza. Susurlar, Kamran olduqca pərtdir. Birdən Nərmin heç bir söz demədən jaketini, koftasını soyunmağa başlayır.) Nə edirsən? (Qız cavab vermədən soyunmağına davam edir.) Niyə soyunursan?
Nərmin. Burada qalacağam!
Kamran (həyəcanla). Sən dəli olmusan, nədi?
Nərmin (eyni sakitliklə). Dəli nə üçün oluram. Məni istəmirsən?
Kamran (həyəcanla). Çox da istəyirəm. Sən özbaşına deyilsən, sənin atan-anan var.
Nərmin (əsəbi halda geyinir). İndı ki, olmaz, təhqir etmə!
Kamran (onun əlindən tutaraq). Yaxşı, bağışla.
Nərmin (qışqırır). Burax!
Kamran onun əlini buraxır, qız iti addımlarla çıxır.
Kamran. Səni ötürməyim?
Nərmin. Lazım deyil.