KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 7 / səhifə 4

Səhifələr : 1 2 3 4

 

"ULU SƏNƏTKARIMIZ

İLYAS ƏFƏNDİYEVİN XATİRƏSİ

YAD EDİLDİ

 

Dünən görkəmli Azərbaycan dramaturqu, misilsiz yazıçı və əvəzsiz şəxsiyyət olan xalq yazıçısı İlyas Əfəndiyevin ölümünün 1 ili tamam oldu. Bu münasibətlə Fəxri Xiyabanda, böyük sənətkarın qəbri üstündə çoxsaylı pərəstişkarların və sənət adamlarının iştirakı ilə matəm toplantısı keçirildi.

Anım günündə Azərbaycan Mədəniyyət naziri Polad Bülbüloğlu ilk söz söylədi. Yazıçılardan Anar, Hüseyn Abbaszadə, Cavad Heyət, Ramiz Məmmədzadə və başqaları çıxış edib unudulmaz İlyas müəllim barədə kövrək duyğularını ifadə etdilər.

Axırda yazıçının oğlu Elçin söz alaraq İlyas Əfəndiyevin xatirəsini əziz tutanlara dərin hörmət və ehtiramını bildirib minnətdarlıq etdi."

 

("Ədalət" qəzeti, 4 oktyabr 1997.)

 

* * *

 

"Bir ildir ki, əsərlərindən mərdlik, sevgi, müdriklik dərsi aldığımız görkəmli bir sənətkar, gözəl bir insan xatirələrə köçüb, yaddaşlarda iz salıb. Nargiləsi, Kamranı, Natəvanı, Şeyx Xiyabanisi, İbrahim xanı və neçə-neçə qəhrəmanı isə bizimlədir və yəqin ki, həmişə də bizimlə olacaq.

Xalq yazıçısı İlyas Əfəndiyev 125 yaşlı Azərbaycan teatrının tarixinə 18 əsər, saysız-hesabsız qəhrəman bəxş eləyən, səhnəmizdə bir nəsl aktyorun yetişməsi üçün gözəl zəmin yaradan qüdrətli qələm sahibidir. Büllur saraylarda yaşayan dəliləri ilə ağıllıları çətin ayrıd edilən mühiti məharətlə qamçılayıb xalqla, onun qayğılarıyla bir nəfəs alan sənətkar bu gün də bizimlə yanaşı addımlayır, həyatımızda, mübarizəmizdə köməyimizə yetir."

("Ekran-efir" qəzeti, 29 sentyabr -

5 oktyabr 1997.)

 

*   *   *

 

"30-cu illərdən baş alıb 90-cı illərə yetən İlyas Əfəndiyev irsi həyat materialı, psixoloji təhlil dərinliyi, bədii üslubu, dili, bu dilin qeyri-adi aydınlığı, yığcamlığı, təhkiyyəsinin emossionallığı, axıcılığı ilə dərin iz qoydu, yadda qaldı. Ona görə elmi-nəzəri fikirdə də qeyd edildiyi kimi, haqlı olaraq bu əsərlər nəsrimizdə lirik-psixoloji üslubun ən parlaq örnəyi hesab edilməyə başladı."

 

Mövlud Süleymanlı

("Ekran-efir" qəzeti, 29 sentyabr -

5 oktyabr 1997.)

 

*   *   *

 

"Azərbaycan ədəbiyyatının təqribən yarım əsrlik bir mərhələsində öz yaradıcılığı ilə ona böyük uğurlar qazandırmış görkəmli ədib, xalq yazıçısı İlyas Əfəndiyevin zəngin irsi haqqında sanballı elmi-tədqiqat əsərləri, onun zəngin həyat salnaməsi, eləcə də barəsində əsl xatirələr hələ bundan sonra yazılacaq və ədəbiyyatşünaslıq elmimizdə öz layiqli yerini tutacaqdır."

 

Bəkir Nəbiyev

("Açıq söz" qəzeti, 9 oktyabr 1997.)

 

 

*   *   *

 

"... "Yaddaş" studiyasında "Sən həmişə mənimləsən" adlı yeni sənədli filmin çəkilişi başlanmışdır. Dövlət sifarişi ilə çəkilən bu film Azərbaycanın tanınmış nasiri və dramaturqu, xalq yazıçısı İlyas Əfəndiyevin həyat və yaradıcılığına həsr olunmuşdur.

Film İlyas Əfəndiyevin zəngin bədii irsindən, o cümlədən Azərbaycan teatr mədəniyyəti tarixində bütöv bir mərhələ təşkil edən səhnə əsərlərindən bəhs edir. Ssenarinin müəllifi Mailə Muradxanlı, qurluşçu rejissoru Cəmil Fərəcovdur."

 

("Günay" qəzeti, 14 oktyabr 1997.)

 

 

*   *   *

 

"HƏMİŞƏ BİZİMLƏ"

 

Aldığımız məlumata görə, Mailə Muradxanlı Cəmil Fərəcov ilə birlikdə görkəmli yazıçımız İlyas Əfəndiyevin xatirəsinə həsr olunmuş "Sən həmişə mənimləsən" adlı kinofilmin çəkilişinə başlayıblar. 2 hissəli kinofilmə fondda saxlanan İlyas Əfəndiyevin canlı kadrları da daxil edilib. Mailə xanımın dediyinə görə, bu film, əsasən, mərhumun yaxınlarının, dost-tanışların söylədiklərinə əsaslanıb.

"Sən həmişə mənimləsən" gələn ilin əvvəlində mavi ekran qarşısına İlyas Əfəndiyevi sevənləri və onu xatırlayanları dəvət edir."

 

("7 gün" qəzeti, 14 oktyabr 1997.)

 

 

 *   *   *

 

"Oktyabrın 15-də Akademik Dram Teatrında İlyas Əfəndiyevin əsəri əsasında "Dəlilər və ağıllılar" tamaşasının növbəti nümayişi idi. Vaxt yaxınlaşdıqca teatrın qarşısında toplaşanların sayı artırdı...

...Oynaq musiqinin sədaları altında pərdə açılır. Müxtəlif vəzifəli, müxtəlif zövqlü adamların ev və iş otaqlarını əks etdirən dekorasiya "salamlayır" tamaşaçıları.

Əsərin baş qəhrəmanı Şahmar institutu bitirsə də, özünə münasib iş tapa bilmir. Səbəb? O, cəmiyyətdəki "ağıllı" adamlar sırasında deyil. Ona görə də istəklərinə çata bilmir. Hadisələrin gedişində o günahkar bir qadın -- nazir xanımının köməyilə vəzifə sahibi olur. Lakin özünün dediyi kimi, vicdanı və Allahı ona rahatlıq vermir. Budur reallıq: ya "ağıllı" olub yüksək cəmiyyətdə yer tutasan, ya da ki, "dəli" olub həyatın girdabında çapalayasan..."

                                      

("525-ci qəzet", 18 oktyabr 1997.)

 

*   *   *

 

"Mən bir sənətkar kimi, teatr sənətində başqalaşmağımın, az-çox nəyəsə nail olmağımın səbəbini o qüdrətli sənətkarın -- İlyas Əfəndiyevin öyüd-nəsihətlərində görürəm.

Allah ona rəhmət eləsin. Torpağı nurla dolsun."

 

Hacı Səyavuş Aslan

("Mədəniyyət" qəzeti, 18 oktyabr 1997.)

 

*   *   *

 

"İlyas Əfəndiyevin həyat sevinci yazmaq olub, bütün ömrü yazmaqda keçib: hekayələr, povestlər, pyeslər, romanlar... Ədəbiyyatımızın incilərinə çevrilmiş, Azərbaycan hüdudlarını çoxdan aşmış bu əsərlərlə o gələcək əsrlərə, gələcək nəsillərə üz tutub. Yolun uğurlu olsun, ustad!"

 

Nahid Hacızadə

("525-ci qəzet", 12 noyabr 1997.)

 

*   *   *

 

Yazıçı Hüseyn Abbaszadə ilə müsahibə və onun haqqında vaxtıyla İlyas Əfəndiyevin yazdığı sözlər verilmişdir.

 

("Azadlıq" qəzeti, 19 noyabr 1997.)

 

 

*   *   *

 

"Məhv olmuş gündəliklər" tamaşasının işıqları altında Fuad Poladov ilk dəfə Azərbaycan Milli Dram Teatrının səhnəsinə çıxır. 1969-cu il. Teatrdan seyrçilərin bir gün də əskik olmadıqları çağlar. Tamaşanın afişasında zikr olunan adların özü elə nəyə desən dəyər: İlyas Əfəndiyev, Tofiq Kazımov... 21 yaşlı aktyor üçün bu xoşbəxtlik deyil, bəs nədir?"

 

 Aydın Talıbzadə

("Xalq qəzeti", cümə əlavəsi, 21-27 noyabr 1997.)

 

 

*   *   *

 

"Amalya xanım, sizin səhnə fəaliyyətinizin çoxu Akademik Milli Dram Teatrı ilə bağlıdı...

- Bəli, mən 25 il orada fasiləsiz çıxış etmişəm. 1964-cü ilin noyabr ayında İlyas Əfəndiyevin "Sən həmişə mənimləsən" əsərinin baş qəhrəmanı Nargilə obrazı ilə tamaşaçılar qarşısına çıxdım və o vaxtdan 1992-ci ilə kimi orada çalışdım... Böyük dramaturqumuz İlyas Əfəndiyevin bu illər ərzində teatra təqdim etdiyi 15 əsərin 11-nin baş qəhrəmanını oynamışam. Bizim çox sıx yaradıcılıq əlaqələrimiz olub. "Büllur sarayda" Aynur obrazında 500 dəfə tamaşaçı qarşısında çıxış etmişəm. 350-yə yaxın "Sən həmişə mənimləsən"də, 470 dəfədən artıq "Unuda bilmirəm"də oynamışam. 1968-ci ildə gənc qadın surətlərini müvəffəqiyyətlə oynadığıma görə Respublika Lenin Komsomolu mükafatı laureatı, 1972-ci ildə isə "Mahnı dağlarda qaldı" tamaşasına görə Dövlət mükafatı laureatı adına layiq görüldüm."

 

Amalya Pənahova

("İki sahil" qəzeti, 25 noyabr 1997.)

 

 

*   *   *

 

"... İlyas Əfəndiyev... Mən ömrümdə bu insana çox borcluyam. İlyas müəllimin əsərlərində oynamışam. Bir-birimizə bağlı insanlarıq. Çətin gündə məni həmişə axtaran o olub. "Büllur saray"da oynayanda 22-23 yaşım varıydı. Mənimlə elə danışırdı ki, böyük sənətkar kimi. Həmişə məni özünə yaxın dost bilirdi.  Ölümündən üç gün qabaq mənə zəng vurmuşdu."

 

Bəsti Cəfərova

"Xalq qəzeti", 7 dekabr 1997.)

 

                         

*   *   *

 

"Akademik Milli Dram Teatrının səhnəsində mənim ilk böyük rolum İlyas Əfəndiyevin "Unuda bilmirəm" əsərində Kamran olub. Haqq, ədalət, düzlük, millətə xidmət... bütün bunlar
var idi Kamranda. Bu mənada o mənə yaxındır, doğmadır. Amma taleyini bölüşdürdüyüm, taleyini yaşamaq istədiyim və hansısa mənada yaşadığım bir obrazım olub -- İlyas Əfəndiyevin "Sevgililərin cəhənnəmdə vüsalı" əsərindəki Ayaz Turan obrazı. Əslində o, mənəm, mən də o. Ayaz Turan bütöv Türküstandan, bütöv Turandan danışan, onun uğrunda həyatını qurban verən aktyordur. Böyük sənətkarımız Abbasmirzə Şərifzadə həmin obrazın prototipidir. O obraz mənim taleyimdir. Bundan sonra heç bir rol oynamasam da, səhnəyə çıxmasam da, o mənim əbədi sənət taleyimdir."

                              

Nurəddin Mehdixanlı

("Millət" qəzeti, 11 dekabr 1997.)

 

 

*   *   *

 

"- Hazırda sənətinə inandığınız dramaturq və rejissor varmı? Əgər, varsa, kimdir?

- Vallah, dramaturq deyəndə ki, İlyas Əfəndiyevdən sonra böyük bir boşluq görünür. Bu boşluğu doldurmaq olacaqmı? Eh..."

 

Səyavuş Aslan

("Super market - Həftə", 14 dekabr 1997.)

 

 

*   *   *

 

"Xatirələr özləri insan ömrünün acılı, şirinli səhifələridir. İlyas Əfəndiyev fenomeni zəngin bir aləmdir. Dalğalı, qısırğalı bir ümmandır. Mən bu ümmandan saf dalğalar götürmək istəyirəm. Deyirlər, bir damlada bir dənizin tərkibini görmək, dərk etmək mümkündür. Bəlkə dalğalar özləri də böyük bir ümmanın səhifələridir. Elə buna görə də mən bir ömrün neçə dalğasının səsini eşitmək, xatirələrin səhifəsini varaqlamaq arzusundayam..."

 

Nəbi Xəzri

("Azərbaycan" jurnalı, 11-12, 1997.)

 

 

*   *   *

 

"Yuxarıda adı çəkilən və çəkilməyən çoxsaylı bədii əsərlərində görkəmli müəllif (İlyas Əfəndiyev) Azərbaycan xalqının həyatını və inqilabi mübarizə tarixini dərindən bilən və lazım gəldikdə rəsmi sənədlərdən öyrənən bu müdrik tədqiqatçı şəxsiyyət - cəmiyyət problemini, insan psixologiyasını, inkişafda yeniliklə köhnəliyin mübarizəsini, mənəvi-əxlaqi keyfiyyətləri böyük ustalıqla qələmə almışdır"

 

İsrafil İsmayılov

(Dünya Azərbaycanlıları XX əsrdə,

Bakı, 1977, səh. 131.)

 

 

İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş oçerk verilmişdir. Oçerkdə deyilir: "Azərbaycan nəsrinin canlı, təravətli bədii surətlər və əlvan təsvir vasitələri ilə zənginləşməsində, dramaturgiyamızda lirik-psixoloji üslubun inkişafında İlyas Əfəndiyevin böyük yaradıcılıq xidmətləri vardır. Yarım əsr ərzində onun səhnəmizə verdiyi qiymətli əsərlər əsasında hazırlanmış tamaşalarda aktyor və rejissor kadrlarımızın bütöv bir nəsli yetişib püxtələşmiş, "İlyas Əfəndiyev teatrı" bərqərar olmuşdur."

 

(Bəkir Nəbiyev. Şamil Salmanov.

Ədəbiyyat, XI sinif üçün dərslik,

Bakı, 1987, səh. 332 - 343.)

 

 

 


Səhifələr : 1 2 3 4

 
   
 
       
     © Musigi Dunyasi, 2011