1 9 9 7 / səhifə 2
Səhifələr : 1 2 3 4
"AZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV MİLLİ DRAM TEATRINDA "HÖKMDAR VƏ
"QIZI" TAMAŞASINA BAXMIŞDIR
Sentyabrın 20-də Azərbaycan Akademik Milli Dram Teatrında görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşası göstərilmişdir.
Salona toplaşanlar tamaşaya baxmaq üçün teatra gələn Azərbaycan Prezidenti Heydər Əliyevi alqışlarla qarşıladılar.
Tamaşa başlanmazdan əvvəl teatrın direktoru və bədii rəhbəri Həsən Turabov teatrın 125-ci mövsümünün başlanması münasibətilə tamaşaçıları bütün truppa adından təbrik etdi.
Mərhum sənətkarımız İlyas Əfəndiyevin bu əsəri Azərbaycan tarixinin ağır dövrlərindən birinə həsr edilmişdir. Tamaşanın qurluşçu rejissoru əməkdar incəsənət xadimi Mərahim Fərzəlibəyov, bədii tərtibatçısı rəssam İsmayıl Məmmədovdur.
Baş nazirin müavinləri Elçin Əfəndiyev, İzzət Rüstəmov, Prezidentin İcra Aparatının şöbə müdiri Fatma Abdullazadə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rəfael Allahverdiyev, habelə pediatriya cəmiyyətlərinin sentyabrın 21-də Bakıda açılacaq IV Beynəlxalq Konqresinin nümayəndələri olan xarici qonaqlar da tamaşaya baxmışlar.
Prezident Heydər Əliyev tamaşadan sonra səhnə arxasına gələrək yaradıcı heyətlə görüşmüş, tamaşanın müvəffəqiyyəti münasibətilə onları təbrik edərək yeni uğurlar arzulamışdır."
AzərTAC
("Azərbaycan" qəzeti, 21 sentyabr 1997.)
* * *
"Şübhəsiz ki, biz bu gün ilk növbədə əsərin ("Hökmdar və qızı") müəllifinin -- böyük yazıçımız, dramaturqumuz İlyas Əfəndiyevin xidmətlərini qeyd etməliyik...
İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir, çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı, bir də ona görə əhəmiyyətlidir ki, o öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünkü nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir. Beləliklə,
xalqımızı həm tarixə hörmət bəsləməyə sövq etmişdir və bu barədə xidmətlər göstərmişdir, tarixi bilmək üçün xalqımıza yardım etmişdir, eyni zamanda yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, vətənə və millətə sədaqət ruhunu aşılamışdır. Hesab edirəm ki, xalqımız bu əsərlərdən çox bəhrələnmişdir.
Ona görə də mən bu gün İlyas Əfəndiyevin bütün yaradıcılığını, onun yazdığı əsərləri böyük minnətdarlıq hissi ilə xatırlayıram. Hesab edirəm ki, o xalqımız qarşısında öz borcunu, daha doğrusu, öz missiyasını şərəflə yerinə yetirmişdir, xalqımıza, mədləniyyətimizə, teatrımıza, ədəbiyyatımıza çox böyük irs, böyük sərvətlər qoyub getmişdir. Güman edirəm ki, bunu xalqımız heç vaxt unutmayacaqdır. Şübhəsiz ki, biz İlyas Əfəndiyevin xatirəsini əbədiləşdirmək üçün qərarlar da qəbul edəcəyik, şəxsən mən edəcəyəm, çünki o buna layiqdir. Belə əsərlərlə o, onsuz da özünü xalqın qəlbində yaşadacaqdır.
Onun son əsəri -- bu gün sizin təqdim etdiyiniz əsər həyatımız üçün çox əhəmiyyətlidir. Bu gün salonda üç saatdan artıq vaxt çox tez gəlib keçdi. Yəni tamaşa o qədər maraqlı, məzmunlu, mənalı idi, həm də siz hamınız o dərəcədə gözəl ifa etdiniz, salonda oturanlara bu əsəri gözəl çatdırdınız,-- o cümlədən mənə də,-- heç hiss etmədim ki, nə qədər vaxt keçibdir. Bu da ona görədir ki, birincisi -- əsərin həsr olunduğu mövzu çox aktualdır, çox vacib bir mövzudur. Bu əsərlə İlyas Əfəndiyev yeni bir xidmət edibdir, bizim tariximizin o dövrünü açıb xalqımıza göstəribdir..."
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
("Azərbacan" qəzeti, 23 sentyabr 1997)
* * *
"Hökmdar və qızı" əsəri böyük bir tarixi tablodur və mən inanıram ki, Allah-təala Azərbaycanı əbədi müstəqil və payidar edəcəkdir... Mən çox həyəcanlandım. Əlbəttə ki, bu gözəl əsəri tez-tez təkrarlamaq lazımdır. Təklifim budur ki, tamaşanı vidiolentə çəkib, heç olmasa, ayda bir dəfə televiziya vasitəsilə xalqa göstərmək lazımdır. Əsər çox mühüm mövzuya həsr olunub, Azərbaycan müstəqilliyi baxımından çox ibrətamiz əsərdir."
İhsan Doğramacı
Türkiyə
("Xalq qəzeti", 23 sentyabr 1997)
* * *
"İşıqlı yollar"ın premyerasını hərarətlə qarşılayan tamaşaçılar əsərin müəllifinə xeyli gül-çiçək bağışladılar. Səhnənin ortasında tamaşa iştirakçılarının əhatəsində dayanan İlyas kəsilməyən alqışlara məmnun-məmnun baş əyirdi. Mən onu tanıyandan belə fərəhli və xoşbəxt görməmişdim."
Hüseyn Abbaszadə
("525-ci qəzet", 24 sentyabr 1997.)
* * *
"125-Cİ MÖVSÜMÜNÜZ MÜBARƏK!
Akademik Milli Dram Teatrımız 125-ci mövsümü İlyas Əfəndiyevin "Hökmdar və qızı" əsəri ilə açdı. Teatrın bədii rəhbəri və direktoru, respublikanın xalq artisti H. Turabov yubiley mövsümündə dövlət başçısının iştirak etməsini hadisə kimi səciyyələndirdi.
Respublika Prezidenti Heydər Əliyev cənabları dərin məzmunlu nitqi ilə tamaşaya yüksək qiymət verdi. Məşhur alim və xeyriyyəçi, Azərbaycanın dostu İhsan Doğramacı bu əsərdən həyəcanlandığından və onu təkrar-təkrar göstərmək lüzumundan danışdı. Mədəniyyət naziri P. Bülbüloğlu tamaşanı Türkiyədə göstərməyi təklif etdi. Prezident hər iki fikri dəstəklədi. Üstəlik bu mövzuda tarixi film yaratmaq lazım olduğunu vurğuladı. Xalq artisti Ə. Qədirov yaradıcı kollektiv adından Prezidentə təşəkkür etdi."
("Mədəniyyət" qəzeti, 25 sentyabr 1997.)
* * *
"Xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından bir il keçir. Düz bir ildir ki, qədirbilən oxucular və tamaşaçılar onun nurlu üzünə, mehriban səsinə həsrət qalıblar... Lakin əsl sənətkar ölümündən sonra yenidən doğulur. Bu mənadda İlyas Əfəndiyevin əbədilik qazanmış ömrü yenicə başlayıb.
"Şöhrət" ordenli yazıçının qələmindən çıxan hər bir əsər, janrından asılı olmayaraq millidir, emossionaldır, xalqın arzu və istəklərindən xəbər verir. Ələxsus qüdrətli sənətkarın bir-birindən gözəl dram əsərləri həmişə teatrlarımızın bəzəyi olmuş və olacaqdır."
Hüseyn Abbaszadə
("Şəhriyar" qəzeti, 25 sentyabr 1997.)
* * *
"Azərbaycan Akademik Milli Dram Teatrı sentyabrın 20-də öznün 125-ci mövsümünü görkəmli dramaturqumuz İlyas Əfəndiyevin "Hökmdar və qızı" pyesinin tamaşası ilə açmışdır. Azərbaycan Prezidenti Heydər Əliyev və respublikamızda qonaq olan türkdilli ölkələrin Milli Pediatriya Cəmiyyətləri Birliyinin fəxri prezidenti professor İhsan Doğramacı teatr mövsümünün açılışında iştirak etmiş, tamaşaya baxmışlar. H. Əliyev tamaşa haqqında yüksək fikirdə olduğunu söyləmiş, yaradıcı kollektivə təşəkkür etmişdir."
("Sərhəd" qəzeti, 26 sentyabr 1997.)
* * *
"Azərbaycan Milli Teatr sənəti möhtəşəm bir binadır. Bu sənət sarayı "Axundov teatrı" təməli üzərində yüksəlirsə, onun özünəməxsus mərtəbələrini "Mirzə Cəlil teatrı", "Hüseyn Cavid teatrı", "Cəfər Cabbarlı teatrı" təşkil etməkdədir...
İlyas Əfəndiyev ömrü boyu bu xoşbəxtliyə yeriməkdəydi və sonucda niyyəti onu arzuladığı mənzilə çatdırdı.
Çünki Azərbaycan Milli Teatr sənətinin ulu binasının ən incə, lirik, həssas və qeyrətli mərtəbəsi artıq "İlyas Əfəndiyev teatrı"na məxsusdur."
Həsənağa Turabov
("Azərbaycan" qəzeti, 28 sentyabr 1997.)
* * *
"Cəfər Cabbarlıdan sonra Azərbaycan Dövlət Dram Teatrında özünə həmişəlik, arasıkəsilməz yer tutan İlyas Əfəndiyevin pyesləri oldu."
Əzizə Cəfərzadə
("Azərbaycan" qəzeti, 28 sentyabr 1997.)
* * *
"İlyası bir müddət mənim həyat məsələlərimdə onun oğlu, zahirində də, batinində də atasından geri qalmayan Elçin əvəz etdi. Amma bu əvəz deyildi. Təsəlliydi. İlyasın yoxluğuna inana bilmirəm. İlyasın indi də haradasa sakit bir guşədə əyləşib bizi heyrətə gətirən əsər yazdığına ümid bəsləyirəm.
Allah sənə rəhmət eləsin, qardaşım, sən onun, o böyük Allahın sənə bağışladığı istedadı xalqından, millətindən əsirgəmədin. Geriyə baxmaya bilərsən. Nigaran, nəyisə demədim deyə düşünməyə bilərsən. Qardaşım, sən o Allahın neməti olan yaradıcılığını bol-bol verdin insanlara. Ruhun şad olsun!"
Əzizə Cəfərzadə
("Yeni Azərbaycan" qəzeti, 27 sentyabr 1997.)
* * *
"Каждый такой уход достоин отдельного слова и почтительного молчания . Но календарь приблизил вплотную конкретную дату - годовшину того дня , когда нам всем пришлось - по неумолимой воле рока - говорить о народном писателе республики Ильясе Эфендиеве в прошедшем времени: "был". Он трудился , можно сказать до последнего вздоха."
Сиявуш Мамедзаде
("Bakinskiy raboçiy" qəzeti, 1 oktyabr 1997.)
* * *
"İlyas müəllim aktyorları çox istəyirdi, tamaşalardan sonra zəng çalar, onlarla yaradıcılıq söhbətləri edirdi. Hər dəfə teatra gələndə, məşqlərin fasilələrində bu və ya digər aktyoru kənara çəkər, məşqlərin gedişatında gələcək tamaşanın müvəffəqiyyətli alınması naminə çox dəyərli, maraqlı məsləhətlər verərdi. Demək olar ki, onun bütün tamaşaları bilavasitə özünün iştirakı ilə hazırlanırdı. Bir sözlə, o, teatrla nəfəs alırdı."
Əliabbas Qədirov
("Naxçıvan" qəzeti, 1 oktyabr 1997.)
* * *
"İlyas müəllimin ölümündən təxminən bir həftə əvvəl bizim Buzovnadakı bağımızda toplaşmışdıq. Elçin, Nüşabə xanım, qızları, kürəkəni, akademik Eldar Salayev və Dilarə xanım gəlmişdilər. Artıq on iki illik bir ənənəsi olan bu yay məclislərinin bir ənənəsi də vardı. Biz həmişə mütləq İlyas müəllimin sağlığına içir, ona möhkəm cansağlığı, uzun ömür arzulayır, bizi yeni əsərlərlə sevindirməsini istəyirdik. Bu dəfə də həmin ənənə pozulmadı. Hamı yekdilliklə deyilən sağlığa qoşuldu.
Ancaq təbii ki, bizim xoş arzularımız taleyin yazısını dəyişməyə qadir ola bilməzdi.
Bir həftə sonra xalq yazıçımız İlyas Əfəndiyevin vəfat etdiyini eşitdim...
İlyas müəllim bütün həyatı boyu üzü gələcəyə gedən sənətkar olmuşdu. Və bu gün, vəfatından 1 il keçəndən sonra görürük ki, hər şeyə qadir saydığımız ölüm də onu bu bitib-tükənmək bilməyən yoldan saxlaya bilməyib."
Vilayət Quliyev
("Ədalət" qəzeti, 1 oktyabr 1997.)
Səhifələr : 1 2 3 4