KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

 

1 9 9 7 / səhifə 3

Səhifələr : 1 2 3 4

 

                       

    

"İlyas müəllimin vəfatından 1 il keçir. Yəqin hər birimizin yadındadı: onunla vidalaşdığımız anlarda böyük bir kədər qəlbimizi elə bürümüşdü ki, özümüzü ələ ala bilmirdik. Doğma xalqın taleyinə öz əsərləri ilə işıq saçan, onun təəssübünü çəkən, haqq səsini aləmə yayan dəyanətli, cəsarətli, vicdanlı böyük el ağsaqqalını itirmək xalqımız üçün böyük dərd idi. Axı indiyə kimi neçə aktyor nəsli yetirmiş İlyas Əfəndiyev dramaturgiyası, həqiqətən, Azərbaycan teatrının simasıdır."

 

Polad Bülbüloğlu

("7 gün" qəzeti, 2 oktyabr 1997.)

 

*   *   *

 

"İlyas Əfəndiyev heç kimə bənzəməyən şəxsiyyət idi və ədəbi mühitdə böyük nüfuzu vardı... Özünəməxsus dünyagörüşü və mövqeyi vardı. Yaxşı yadımdadır, "Vaqif" pyesinin şıdırğı getdiyi, böyük rəğbətlə qarşılandığı, ədəbi aləmdə böyük marağa səbəb olduğu bir vaxtda İlyas Əfəndiyev Səməd Vurğuna çox səmimi şəkildə iradlarını belə izah etdi:

- Əzizim Səməd, Napoleon Qərb üçün nədirsə, Ağa Məhəmməd şah Qacar da Şərq üçün odur. Hər ikisi ölkələr fəth edib, insan qırıb. İbrahim xan məhz belə bir zülmkara qarşı mərdliklə mübarizə aparıb, Əskəran qalasını tikdirib, savaş zamanı Topxananı qaydaya salıb. Mənə belə gəlir ki, əsərdə ona qarşı ədalətsizlik etmisən. Bəlkə bu barədə fikirləşəsən?

Səməd Vurğun dedi:

- Ay İlyas, ayağını lap yaralı ayağımın üstünə qoydun. Artıq gecdir. Görünür, mənim bu səhvimi zaman düzəltməli olacaq...

İlyas Əfəndiyev çox obyektiv bir insan idi və ən çətin anlarda belə, imkan tapıb öz fikrini deyirdi."

 

Kamran Hüseynov

("Günay" qəzeti, 2 oktyabr 1997.)

 

 

*   *   *

 

"Yaxşı yadımdadır, bir dəfə Natəvan adına klubda Ə.Haqverdiyevin "Dağılan tifaq" əsərinin yeni tamaşasının müzakirəsi gedirdi. Çıxış edənlər qurluşçu rejissor Mehdi Məmmədovu çox ciddi şəkildə ittiham edirdilər ki, guya, o, əsərə düzgün mövqedən yanaşmayıb, tamaşaçıların qəlbində bəylərə, xanlara nifrət yaratmaq əvəzinə rəğbət aşılayıb...

Salonda 1937-ci ili xatırladan bir əhval-ruhiyyə vardı.

Müzakirənin son dərəcə kəsgin xarakter aldığı bir vaxtda şıx geyinmiş, cüssəli bir yazıçı söz aldı və dedi:

- Mən bu ittihamları qəbul etmirəm. Fikrimcə, rejissor Mehdi Məmmədov bu tamaşanı hazırlayarkən haqlı olaraq ədəbi və tarixi həqiqətlərə sadiq qalıb, həyatı təhrif etmədən, olduğu kimi göstərməyə çalışıb. Bu siyasi savadsızlıq deyildir, əksinə, keçmişə düzgün baxışdır. Bundan əlavə, mən rejissorun yeni tapıntılarını da uğurlu hesab edirəm. O, başqalarından fərqli olaraq teatra təzə gözlə baxır və öz üslubunu yaratmaq istəyir. Tapdanmış yollardan cəsarətlə ayrılmış bu rejissora hər cür kömək etmək borcumuzdur.

Bu şıx geyinmiş, cüssəli yazıçı İlyas Əfəndiyev idi və həmin məqamda o cür çıxış etməsəydi, kim bilir, istedadlı rejissor Mehdi Məmmədovun sənət taleyi necə həll olunacaqdı..."

 

Fərəməz Maqsudov

("Azərbaycan müəllimi" qəzeti, 2 oktyabr 1997.)

 

* * *

 

"İlyas Əfəndiyevin yaradıcılığı böyük bir xəzinədir. Bu xəzinədə kiçik hekayələrdən, nağıllardan, povestlərdən tutmuş romanlara, böyük dram əsərlərinə kimi, incilər çoxdur. "Söyüdlü arx", "Körpüsalanlar", "Dağlar arxasında üç dost", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Üçatılan" və onlarla pyes... Bu xəzinədə itmək olar. İnana bilmirsən ki, bütün bunlar bir qələmin məhsuludur."

 

Ələviyyə Babayeva

("Xalq qəzeti", 2 oktyabr 1997.)

 

* * *

 

"GÖRKƏMLİ YAZIÇI-DRAMATURQUN

XATİRƏSİ

 

Görkəmli nasir və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyev bir il bundan əvvəl, oktyabrın 3-də dünyasını dəymişmişdir.

Ustad sənətkarın vəfatının ildönümü günü onun xatirəsini yad etmək üçün, respublikamızın ədəbi, mədəni, elmi ictimaiyyətinin nümayəndələri, İlyas Əfəndiyev yaradıcılığının pərəstişkarları Fəxri Xiyabana -- ədibin məzarı önünə toplaşmışdılar.

Mərhumun ruhuna dua oxuduqdan sonra, xatirə mitinqi keçirildi. Mədəniyyət naziri Polad Bülbüloğlu mitinqi açaraq dedi ki, biz İlyas Əfəndiyevə söz vermişdik ki, təmir işləri başa çatdıqdan sonra, Milli Dram Teatrını onun "Hökmdar və qızı" əsərinin tamaşası ilə açacağıq. Təəssüf ki, bunu görmək görkəmli dramaturqumuza qismət olmadı. Ancaq əsəri səhnəyə qoyan teatr yeni mövsümü də məhz həmin tamaşa ilə açdı. Möhtərəm Prezidentimiz Heydər Əliyevin də baxdığı bu tamaşa böyük uğurla keçdi. Azərbaycan Prezidenti bu əsəri və aktyorların ifasını yüksək qiymətləndirdi.

Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, Milli Məclisin üzvü Anar, respublika Elmlər Akademiyasının prezidenti, Milli Məclisin üzvü Fərəməz Maqsudov, İrandan gəlmiş soydaşımız, professor Cavad Heyət, xalq artisti Əlabbas Qədirov, ədibin vətəni olan Füzuli rayonu icra hakimiyyətinin başçısı Nəbi Muxtarov, xalq yazıçısı Hüseyn Abbaszadə çıxış etdilər. Natiqlər vurğuladılar ki, İlyas Əfəndiyevin zəngin ədəbi irsi, xüsusən teatr mədəniyyətimizin tarixində mərhələ təşkil edən səhnə əsərləri daim yaşayacaq, xalqımızın neçə-neçə nəslini vətənə, torpağa məhəbbət ruhunda tərbiyə edəcəkdir.

Şair Ramiz Məmmədzadə İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar yazdığı şerini oxudu.

Görkəmli ədibin oğlu Elçin atasının xatirəsini yad etmək üçün toplaşanlara razılıq etdi, İlyas Əfəndiyevin ədəbi irsinə göstərdiyi böyük diqqət və ehtirama, onun yaradıcılığına verdiyi yüksək qiymətə görə Azərbaycan Prezidenti möhtərəm Heydər Əliyevə mərhumun ailəsi adından minnətdarlığını bildirdi."

 

AzərTAC, 3 oktyabr 1997.

("Azərbaycan" qəzeti, 4 oktyabr 1997.)

 

* * *

 

"İlyas Əfəndiyevin yazıçı obrazını nəzərdən keçirəndə gördüm ki, qələmə aldığım xatirəni ancaq belə adlandırmaq olar: "Məhəbbətin tərənnümü..." İlyas Əfəndiyev nasir idi, dramaturq idi, ancaq o, məhəbbəti şair kimi tərənnüm etmişdir. Məhəbbət - ədibin əsərlərində bir nəğmə kimi oxunmuşdur. İlyas yaradıcılığı bütövlükdə bir məhəbbət dastanıdır, əvvəli, axırı olan, sevgi macəraları ilə dolu şairanə bir hekayətdir.

Məhəbbət -- bu lirik-romantik, çoxşaxəli, bütöv bir ömrü əhatə edən ilhamlı yaradıcılığın baş mövzusudur. Məhəbbət -- İlyası şəxsiyyət, ədib, insan kimi başa düşmək üçün, onun mənəvi dünyasına yol açmaq, onu duymaq və açmaq üçün, ən gərəkli, ən dəqiq açardır... Məhəbbət -- ədibin dünənlə, bugünlə, gələcəklə əlaqəli düşüncələrini tərənnüm edir. Məhəbbət -- cavan İlyasda necə təzə-tər, növraqlı, ehtirasla dolu idisə, qoca İlyasda da eyni ruha, eyni məzmuna, eyni qüvvəyə -- dəyişməz, qocalmaz bir qüvvəyə malik idi."

 

Kamal Talıbzadə

("Ədəbiyyat qəzeti", 3 oktyabr 1997.)

 

* * *

 

"İlyas müəllim haqqında mənim qucaq dolu xatirələrim var. Bunlar bir kitaba sığa bilməz. O xatirələr həyatımın ən xoş, ən əziz, ən sevimli anları kimi, mənim ürəyimdə və həyatımda ömrüm boyu yaşayacaq...

İlyas müəllim pyeslərdə yaratdığı obrazları necə namuslu, ismətli, mərd, qəhrəman kimi yazıb tamaşaçılara sevdirirdisə, həmin qəhrəmanlarını canlandıran aktyor və aktrisaları da həyatda elə görmək istəyirdi. Mən bunu duyur, dərk edir və dahi İlyas Əfəndiyevin pyeslərində oynaya-oynaya, obrazdan-obraza dəyişir, püxtələşir, həyatda bir şəxsiyyət kimi formalaşırdım. Həyatda kimə və nəyə görə yaşamağımın səbəbini dərk etdiyimə və bir də Vətənimə, xalqıma olan sonsuz sevgimə görə tək bir insana -- unudulmaz İlyas Əfəndiyevə borcluyam."

 

Firəngiz Mütəllimova

("Bakı" qəzeti, 3 oktyabr 1997.)

 

* * *

 

"... Teatr uzun illər təmirdən sonra ilk dəfə yenidən öz tamaşaçılarını qoynuna alıb. Teatrın yaradıcı heyəti ilə birlikdə səhnəyə çıxıram. Mövsüm açıq elan olunur və mənə söz verilir. Ağlım kəsəndən səhnədəyəm və ilk dəfədir ki, söz üçün ehtiyac duyuram. Yox, danışmaq üçün söz çoxdur. Lakin söhbət etmək, üz tutub söz demək istədiyim adam öz yerində -- həmişə adət etdiyimiz lojasında yox idi. Onun yerində, eynilə onun kimi, ağ saçlı, lap İlyas müəllimin cavanlıq şəkillərinin eyni olan dostum Elçin əyləşib. Və mən İlyas müəllimin dəfnində dediyim sözləri xatırlayıram: ... İlyas müəllim, rahat yatın, teatrımız həmişə Sizin adınızla yaşayacaq. Teatrımız tamaşaçı ilə neçə illik ayrılıqdan sonra, öz pərdələrini Sizin "Hökmdar və qızı" pyesinizlə açacaq, ancaq heyflər olsun ki...

Fikirlərim burada qırılır və yenə də gözlərim önünə həmişə adət etdiyimiz lojadan üzünü əlləri arasına sıxaraq məsum uşaq təbəssümü ilə səhnədəki aktyorları süzən İlyas müəllim gəlir..."

 

Polad Bülbüloğlu

("Xalq qəzeti", 3 oktyabr 1997.)

 

 

* * *

 

"Bir yarpaq da düşdü ömrümün təqvimindən,

Nə sənə məhəbbətim, nə həsrətim azaldı.

Nigar Rəfibəyli

Günlər nə tez-tez dəyişir, bu bir il göz qırpımında gəlib keçdi... Bir göz qırpımımı?.. Yoxsa qərinə?..

Heç alışa bilmirəm, İlyas müəllim...

Səhnəmizin premyerasını -- sənin tamaşanın premyersını Sənsiz təsəvvür edə bilmirəm...

Ürəyim düşdü alqışlar altında aktyorlarımız baş əyməyə gələndə, Səni ön cərgədə görməyəndə...

Ürəyim əsdi əksin başımızın üstündə yüksələndə. Öz təbəssümünlə, elə bil, deyirdin, mən getsəm də, yenə sizlərləyəm... Və bir anlıq mənə elə gəldi ki, yaradıcı qrupla səhnədəsən, baş rolların ifaçılarını irəli çəkib tamaşaçılara təqdim edirsən... Güllər içində... Mən belə premyeralara vərdiş etmişdim..."

 

Amalya Pənahova

("Xalq qəzeti", 3 oktyabr 1997.)

 

 


Səhifələr : 1 2 3 4

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011