2 0 0 0 / səhifə 4
Səhifələr : 1 2 3 4
"Həmişəyaşar sənət dünyamızda heç zaman sönməyən əbədi bir ocaq var -- İlyas Əfəndiyev ocağı, Elçin ocağı, Timuçin Əfəndiyev ocağı... Çox evlərə işıq düşüb bu ocaqdan. Doğulduğu torpğa, xalqa, milli ruha və irsə sədaqəti ilə seçilib bu ocağın övladları. "Yox açan kimsə qapım, badi səbadan qeyri" deyənlərə hər an ümidgah olub bu ocaq. Xeyirxahlığı, təmənnasız yaxşılıqları ilə qəlblərdə yaşayır bu insanlar."
Vəfa Əliyev
("525-ci qəzet", 15 noyabr 2000.)
* * *
"Filmin (söhbət "Uzun ömrün akkordları" filmindən gedir.- tərt.) bir hissəsi Üzeyir bəyin Şuşada keçən uşaqlıq illəri idi. Uşaqların şəkillərinə baxarkən onun ifadəli gözləri diqqətimi cəlb etdi. Yalçının kino sınaqları da uğurlu oldu. Onu bu rola təsdiq edəndən sonra bildim ki, yaxın dostum Elçinin qardaşı Timurçinin oğlu, görkəmli sənətkarımız İlyas Əfəndiyevin nəvəsidir. Nə yazıq ki, bu böyük gələcək, çox erkən keçmişə, xatirələrə çevrildi, olacaqlar olub bitdi."
Anar
("525-ci qəzet", 16 noyabr 2000.)
* * *
"Xurşidbanu Natəvan"ı öyrədərkən" adlı böyük məqalədə orta məktəbdə bu əsərin tədrisinin metodoloji problemləri qaldırılır.
Soltan Hüseynoğlu
("Azərbaycan müəllimi" qəzeti, 16 noyabr 2000.)
* * *
"Ona (Zemfira Nərimanovaya- tərt.) bəzən səhnəmizin Sarıköynəyi də deyirlər. 1982-ci ildə bu cazibədar, üzündən nur yağan sarışın qız yazıçı-dramaturq İlyas Əfəndiyevin Sarıköynəklə Valehin nağılı" pyesində (eyni adlı roman əsasında yazılmışdır- tərt.) Sarıköynəyin obrazını elə canlı oynamışdı ki, onu uzun müddət elə bu adla çağırırdılar. Hətta Z.Nərimanovanın bu tamaşadakı tərəf-müqabili İlham Əsgərov (Valeh rolunun ifaçısı) doğulduğu Masallı rayonuna gedərkən qonum-qonşusu ondan soruşmuşdu: "Valeh, bəs, gələndə Sarıköynəyi niyə gətirmədin?"
Deməli, tamaşaçı hər şeyi olduğu kimi qəbul etmişdi. Budur sənətin gücü, sənətkarın qələbəsi."
Zemfira Məhərrəmli
("Bakı" qəzeti, 17 noyabr 2000.)
* * *
"Noyabrın 15-də Vəcihə Səmədova adına Sərgi salonunda dünyasını vaxtsız dəyişmiş istedadlı rəssam Yalçın Əfəndiyevin vəfatından sonra ilk fərdi sərgisinin açılışı oldu... Çıxışçılar belə bir istedadlı şəxsin dünyasını vaxtsız dəyişməsindən kədərləndiklərini söylədilər, mərhumun valideynlərinə və qohumlarına -- Əfəndiyevlər ailəsinə bir daha başsağlığı verdilər."
A.Əbilov
("Ədəbiyyat qəzeti", 17 noyabr 2000.)
* * *
"Vəcihə Səmədova adına Sərgi salonuna mərhum rəssam Yalçın Əfəndiyevin fərdi sərgisinin işığına toplaşmışdılar. Yazıçı İlyas Əfəndiyevin nəvəsi olan Yalçın bir müddət öncə dünyasını dəyişmişdi. Onun yaradıcılığının işığına toplaşanlar nikbin ruhlu əsərlərinə baxıb Yalçını xatırlayırdılar. Sərgini açan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov uşaqlıqdan incəsənətə maraq göstərən Yalçının qeyri-adi düşüncə tərzinə malik olmasından danışdı."
("Bu gün" qəzeti, 17 noyabr 2000.)
* * *
"Qardaşlarım etiraz edirdilər. Deyirdilər, bacımız hara, teatr hara? Ancaq tale öz işini gördü. Elə oldu ki, tanınmış dramaturqumuz İlyas Əfəndiyevlə tanış oldum. Mən həmişə demişəm və indi də deyirəm. Məni teatra gətirən İlyas Əfəndiyev oldu. Cəfər Cabbarlının da, onun da əsərləri uşaqlıqdan havam, suyum olub. Və çox vaxt özümü bu əsərlərdəki qəhrəmanlara bənzətmişəm.
İlyas müəllimlə şəxsi tanışlığım isə, çox sonralar oldu. İyirmi ildə sonra... Amma ürəyimi aça bilmədim. Biləndə ki, onun əsərlərindən ilham almışam, dedi "bəs indiyə qədər niyə gəlib görüşməmisən mənimlə?"
Kübra Əliyeva
("Kaspi" qəzeti, 21 noyabr 2000.)
* * *
"... Azərbaycdan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timurçin Əfəndiyev... böyük və əsl-nəcabətli bir nəslin ocağında dünyaya gəlib, pərvəriş tapıb. Onun atası Azərbaycanın bənzərsiz yazıçısı, ədəbiyyatımızın heç bir siyasətə və ideologiyaya baş əyməmiş klassiki, bəy oğlu İlyas Əfəndiyev oğlanları, görkəmli ədib və ictimai xadim Elçin və Timurçin üçün canlı universitet olub. Mən onu təkcə bədii fikir korifeyi yox, həm də milli özünüdərk universiteti adlandırardım. İlyas Əfəndiyevdən öyüd və ərkan götürmək, hər gün onun nəfəsini duymaq, böyük söz abidələri yaratmış qüdrətli əlinin tumarını hiss etmək əsl xoşbəxtlikdir və Timurçin Əfəndiyev bu xoşbəxtlik nurunda həyata qədəm qoyub."
Nizaməddin Şəmsizadə
("Azərbaycan" qəzeti, 23 noyabr 2000.)
* * *
"Sevgililərin cəhənnəmdə vüsalı" faciəsi ilk dəfə dərc edilmişdir.
("Azərbaycan" jurnalı, 11, 2000.)
* * *
"Yalçın Əfəndiyev 30 yaşına çatmasa da, bu nəslin -- Əfəndiyevlər ailəsinin layiqli davamçısı kimi özünü tanıtdı."
Zümrüd
("Səs" qəzeti, 23 noyabr 2000.)
* * *
"Qəhrəman ilə bülbülün nağılı" hekayəsi ingilis dilində dərc edilmişdir. Əsəri Nərgiz İsmayılova tərcümə edib.
("Xəzər Xəbər" jurnalı, 15 noyabr 2000. Xəzər Universitetinin nəşri.)
* * *
"1969-cu ildə namizədlik dissertasiyası müdafiə edəndə, o zaman elmi dərəcələr Moskvada təsdiq olunduğu üçün, ora böyük bir anonim məktub göndərilmişdi: "Bu dissertasiyanı Elçin üçün atası yazıb."
Rəhmətlik İlyas Əfəndiyev gülə-gülə deyirdi: "Əşşi, mənim dissertasiya yazmaq həvəsim olsaydı, indiyə qədər elə oturub özüm üçün yazardım də!"
Elçin
("525-ci qəzet", 29 noyabr 2000.)
* * *
"Büllur sarayda" əsərinin məşqləri çox gərgin keçirdi. Yaradıcılıqla yanaşı, ətrafda dedi-qodu, paxıllıq, çoxlu maneələr yaranmışdı. İş o yerə çatmışdı ki, mən tamaşadan imtina etmək istəyirdim. Lakin İlyas müəllimin təkidi ilə Aynur rolunu hazırladım və həmin tamaşada 700 dəfədən artıq iştirak etdim."
Amalya Pənahova
("Qobustan" jurnalı, 3, 2000. səh. 49.)
* * *
"Timurçin Əfəndiyevin ömür kitabı da müasir və gələcək nəsillərə örnək ola biləcək bir kitabdır. Onun ömür kitabını "vərəqləyəndə" həmişə xəyalların keçmişi -- heç vaxt sönməyən sənət məşəlinin işığına qərq olmuş qaranlıqları gəzir. Bu qaranlıqlarda keçmişdən bu günə doğru gələn yollara nur saçmış bir məşəl də alovlanır. Bu, İlyas Əfəndiyevin yandırdığı məşəldir ki, onun işığından çoxları pay götürüb. Amma Timurçin müəllimin ziyalandığı bu məşəl, qızındığı bu ocaq sadəcə pay deyil, həm də atanın övladına yadigar qoyduğu, etibar etdiyi əmanətdir..."
Natiq Rəsulzadə
("Azərbaycan müəllimi" qəzeti, 30 noyabr 2000.)
* * *
"Mən... hələ 1980-ci ildə "Xurşidbanu Natəvan"da Qarabağdan danışında siyasətə qədəm qoymuşam."
Amalya Pənahova
("İki sahil" qəzeti, 1 dekabr 2000.)
* * *
"Mən özümü mərhum dramaturqumuz İlyas Əfəndiyevin yetirməsi sayıram."
Firəngiz Mütəllimova
("Yeni Azərbaycan" qəzeti, 7 dekabr 2000.)
* * *
"Əslində Yalçın bu dünyada özü üçün yaşamırdı, insanlar üçün yaşayırdı. Bəlkə elə buna görədir ki, babası, görkəmli yazıçı-dramaturq İlyas Əfəndiyev ondakı bu yaradıcılıq istedadını görüb demişdi:
- Bundan dövlət adamı olmaz, bu sənət adamıdır, görmürsünüz, onda sənətə, rəssamlığa necə sevgi, həvəs var? Niyə başqa sahəyə getsin, qoy elə ürəyi istədiyi yaradıcılıq yolu seçsin, bu yolla getsin, inkişaf etsin.
İlyas müəllimin dediyi kimi də oldu. Gələcək illərdə Yalçın bir aktyor kimi filmlərdə, o cümlədən Anarın "Üzeyir Hacıbəyov. Uzun ömrün akkordları", "Xəzan yarpaqları" filmlərində çəkildi, bir rəssam kimi şöhrət qazandı, Bakıda, İstanbulda sərgiləri açıldı."
Şükufə
("Bakı" qəzeti, 8 dekabr 2000.)
* * *
"İlham Əsgərov... xüsusilə bir vaxtlar İlyas Əfəndiyevin "Sarıköynəklə Valehin nağılı" adlı televiziya tamaşasında yaratdığı Valeh obrazı ilə geniş tamaşaçı auditoriyasına özünü xüsusi bir biçimdə təqdim etdi. Özü kimi sadə, səmimi, təmiz, ülvi bir məhəbbətlə sevən, hiylə və məkrdən uzaq kəndli gəncin öz nişanlısı ilə gəlib Bakıya, qarmaqarışıq şəhərə düşməsini, yaxşı və pis adamlarla qarşılaşması epizodlarını elə ustalıqla yaratmışdır ki, uzun müddət xalq onu Valeh kimi tanıyırdı..."
Adilə Qocayeva
("İki sahil" qəzeti, 9 dekabr 2000.)
* * *
" Həmin povestlə ("Toyuğun diri qalması"- tərt.) bağlı o vaxt Kommunist Partiyasının Mərkəzi Komitəsinə və Moskvaya anonim məktublar yazılmışdı. Bu o dövr idi ki, həmin əsər SSRİ Komsomol mükafatına da təqdim edilmişdi. O zaman Həsən Həsənov Mərkəzi Komitənin ideoloji işlər üzrə katibi idi. Onun mənimlə söhbətini sonra atama da danışdım. İlyas Əfəndiyev dedi ki, "hamının hərəkətinə haqq qazandırırsan, bəraəti var deyirsən. Bu adamların bəraəti nədən ibarətdir? Axı, onlar anonimdə sənin rus xalqının əleyhinə oduğunu, sovet Azərbaycanında müsbət heç bir şey görmədiyini yazıb?" Mən isə dedim ki, yox, onun da bəraəti var. Bu anonim məktubu yazan yazıçı öz-özünə fikirləşir ki, Elçindən yaxşı yazıçıdır, Elçindən daha düzgün yazır, niyə mənim əsərlərim çap olunmur, onunkular olur. Həmin adam öz yazısının səviyyəsinin aşağı olmasını düşünmür."
Elçin
("Ekspress" qəzeti, 14 dekabr 2000.)
* * *
"- Vaqif Səmədoğlu "atamı qınayıram ki, dövrün həqiqətləri haqqında heç olmasa, oğul kimi mənim üçün bir şey yazıb qoymadı" deyirdi. Sizin atanızın arxivi necə, orada o dövrün deyilməyən həqiqələri haqqında nə isə oldumu?
- Mən yazıçı kimi, sənətkar kimi qətiyyən atamı heç bir şeydə qınamıram. İlyas Əfəndiyev nə lazım idisə, ədəbiyyatda hamısını deyib. Deyə bilmədiklərini isə özü ilə götürüb apardı. Onun arxivində bir sıra yazılar var ki, yavaş-yavaş işıq üzü görəcək.
- İlyas Əfəndiyev evdə adam olmayanda Mircəfər Bağırovu "dördgöz" adlandırırmış...
- Bəli, amma bunları bilmək istəyən adam "Geriyə baxma, qoca", "Üçatılan" romanlarını oxusun, hamısı orada yazılıb. Həm də sovet dövründə. Yəni mənim İlyas Əfəndiyevi qınayacaq elə bir səbəbim yoxdur. Belə hesab edirəm ki, o Azərbaycan ədəbiyyatında öz sözünü deyib
- Deməli, repressiya dövrünün küləyi atanıza dəyməmiş keçib?
- Yox. Çünki atam o dövrdə ədəbi mühitdə yox idi. Otuz doqquzuncu ildə Bakıya gəlib və elə o il də ilk hekayəsi çap olunub, Yazıçılar İttifaqına isə 1941-ci ildə daxil olub. Amma İlyas Əfəndiyevin atasının qolçomaq adı ilə səsini almışdılar. O, qanundan kənar idi, nə seçmək, nə də sçilmək hüququ var idi. Atam da o zaman APİ-nin coğrafiya fakültəsinə daxil olmuşdu, lakin elə bu məsələlərə görə, təhsilini davam etdirə bilməyib. Onlar çox məşəqqətli br həyat keçiriblər. Sonra babamı çərlədib öldürdülər, Bilqeyis nənəm böyük oğul olan atamın köməkliyi ilə yeddi uşağı böyüdüb. Atam yazıçı, ondan kiçik qardaşı Mustafa Əfəndiyev tərcüməçi olub. O Lev Tolstoyun "Hacı Murad" əsərini Azərbaycan dilinə tərcümə edib. Digər qardaşları Tofiq Əfəndiyev də yazıçıdır. Məşhur "Prokuror" romanının müəllifidir."
Elçin
("Ekspress" qəzeti, 15 dekabr 2000.)
* * *
"İlyas Əfəndiyev yaratdığı obrazların bədii təqdimində surətlərin mənəvi aləminə nüfuz edərək, onların özünəməxsus konkret daxili dünyasını, həyata, insanlara, cəmiyyətdəki prosseslərə münasibətini bütün dəqiqliyi və bədii-psixoloji çalarları ilə əsaslandırmağı bacarır. İlyas Əfəndiyevin dram yaradıcılığında, hər şeydən əvvəl, adi həyat faktının yeni məna, yeni məzmunda işıqlandırılması əsas diqqət mərkəzində dayanır. Bu həyat faktında böyük və dərin mətləblərin incə mənalandırılmağın məğzini anlayıb nəticə çıxarmaq, böyük istedad və bacarıq, eyni zamanda, yüksək əqli-intellektual səviyyəyə malik zəngin, dolğun bilik tələb edir. İlyas Əfəndiyev məhz belə ənətkardır."
Xanverdi Turaboğlu
("Elm" qəzeti, 19 dekabr 2000.)
* * *
İlyas Əfəndiyev haqqında oçerk və "Xurşidbanu Natəvan" əsərinin təhlili verilmişdir.
(Ədəbiyyat.
Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti, Bakı, 2000.)
* * *
"İlyas Əfəndiyevin yaradıcılığında tarixi dram janrı" adlı məqalə Mirzə İbrahimovun vaxtilə yazdığı bu sözlərlə başlayır: "Azərbaycan ədəbiyyatı mənim nəzərimdə böyük və rəngarəng bir gülüstan isə, İlyas Əfəndiyevin yaradıcılığı bu gülüstanda öz gözəlliyi, ətri və təravəti ilə dərhal nəzəri cəlb edən cazibədar toplu və dolğun bir çiçəklikdir." Sonra müəllif "Hökmdar və qızı", "Xurşidbanu Natəvan", "Mahnı dağlarda qaldı", "Şeyx Xiyabani", "Tənha iydə ağacı" kimi əsərlər əsasındakı tamaşaları geniş təhlil edir və nəticə olaraq yazır: "İlyas Əfəndiyevin dramaturgiyasında tarixi həqiqətin mənası və dövrün ruhu qorunub saxlanılmışdır. Dramaturq yarıməsrlik bir dövrdə Milli teatrımıza 19 əsər bəxş etmişdir. Dünya teatr tarixində nadir hadisə sayılan bu cəhət "İlyas Əfəndiyev teatrı"nın qüdrətini əks etdirir, onun məna və mahiyyətini aydın göstərir."
Zəminə Axundova
("Qobustan" jurnalı, 4, 2000.)
Səhifələr : 1 2 3 4