KİTABIN İÇİNDƏKİLƏR

 
1996-cı il
 
Vəfatından sonrakı beş ildə İlyas Əfəndiyev haqqında dərc olunmuş yazılardan
Seçmələr
1997
1998
1999
2000
2001
 
İ.M.Əfəndiyev xatirəsinin əbədiləşdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin SƏRƏNCAMI
 
Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyev adına xüsusi təqaüdün təsis edilməsi barədə
 
Bakı şəhərindəki 41 saylı orta ümumtəhsil məktəbində Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin adının verilməsi barədə
 
Azərbaycan Respublikası Bakı şəhər içra hakimiyyəti başçısının SƏRƏNCAMI (Xalq yazıçısı İlyas Əfəndiyevin adının əbədiləşdirilməsi haqqında)

Tədbir edəni və redaktoru: ELÇİN
    

© ÇİNAR-ÇAP, 2002


 

VƏFATINDAN SONRAKI İLLƏRDƏ İLYAS ƏFƏNDİYEV HAQQINDA DƏRC OLUNMUŞ YAZILARDAN SEÇMƏLƏR

Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 

"MƏHƏMMƏD OĞLU İLYAS

Böyük sənətkarımız
İlyas Əfəndiyevin işıqlı ruhuna.

 

Üzündə, gözündə

peyğəmbər nuru vardı,

Saçları rüzgardan qopmuş dalğalardı.

Yerindəydi danışığı, gülüşü, yerişi,

Əfsanəydi, möcüzəydi bu kişi.

 

Burulğanlı, tufanlı günlərdən

Şimşək kimi sıyrılıb çıxdı

Məhəmməd oğlu İlyas,

Böhtanlardan, iftiradan uzaqdı

Məhəmməd oğlu İlyas!

 Duyğuları şeh kimi

Səpildi ömrünün yarpaqlarına,

O dağların, dərələrin

büllur bulaqlarına.

 

Hərdən qanrılıb geriyə baxanda

Gizli bir sızıltı keçdi ürəyindən...

Yox, üzmədi əllərini

Sevdalı günlərinin ətəyindən.

 

Könüllərdən-könüllərə

Sevgi körpüsü saldı,

Ülvi istəklərin

fövqündə ucaldı.

Hələ oxunmamış neçə mahnısı qaldı--

orda -- dağlarda,

O dağların arxasında

qalan dostları harda?

 

Bir dənizdi, dalğasıyla,

Bir aləmdi, qovğasıyla,

Bir ürəkdi, sevdasıyla,

Sirrini bilən oldumu?

 

Zəmisi, xırmanı vardı,

Dəni, dəyirmanı vardı,

Öz dərdi, dərmanı vardı,

Dərdini bölən oldumu?

 

Ömür yolu -- halal, haqdı.

Qismət bildi belə bəxti.

Qılıncsız vuruşan vaxtı

Hayına gələn oldumu?

 

Ruhunda -- Araz, Köndələn,

Sarı sim üstə köklənən,

Baharda doğulub gələn,

Payızda ölən odumu?

 

Köksündə bir Qarabağ

düyünü qövr elədi,

Gördü bu fələk belədi.

Əlində ələk ələdi...

Hər gecə şam kimi

yandırdı barmaqlarını.

Sonra işıq kimi

Səpdi qaranlıqlara könül varını.

 

İndi doğma yuvasından

ucalır fəxri, vüqarı,

Nur balaları --

Elçini, Timurçini,

Nəvəsi, nəticəsi...

Rəngi solmayan səsi.

İndi otağı darıxır,

Qələmi, varağı darıxır,

Gecələr onunla yanan

                      

O qanadlar

səmada görünməz indi.

O göylər üfüqlərə endi...

Məkanını dəyişmiş planetdi

Məhəmməd oğlu İlyas.

Dostu-yarı tərk eləmiş

Bir ömür qatarından düşüb getdi

Məhəmməd oğlu İlyas..."

 

Ramiz Məmmədzadə

("Azərbaycan" qəzeti, 9 noyabr 1996.)

 

 

 *   *   *   

 

"ACI XƏBƏR: İLYAS ƏFƏNDİYEV TANRININ RƏHMƏTİNƏ QOVUŞDU

 

ANKARA - Bakıdan aldığımız acı xəbər Azərbaycan Kultur Dərnəyi Yönetimi və mənsublarını acılara boğdu.

Azərbaycan Cumhuriyyətinin olduğu qədər Türk Dünyasının da ən böyük dram yazarlarından biri olan İlyas Əfəndiyev Bakıda Tanrının rəhmətinə qovuşdu.

İlyas Əfəndiyev 72 illik kommunist Rus işğalı dönəmində Kommunist partiyasına üzv olmağı rədd edən görkəmli şəxsiyyətlərdən biri  idi. O, sovet ordusunun Azərbaycanı işğal etdiyini, Azərbaycan xalqının bir müstəmləkə həyatı yaşadığını gördükdən sonra, mühacirətdə Müsavat Partiyasının rəhbəri olmuş Məmməd Azər Aranla* birlikdə Türkiyəyə qaçmağa qərar vermişdir. Lakin son anda atası onun qaçmasına mane olmuşdur.

İlyas Əfəndiyev sonralar, yeniyetməlik dostu Məhəmmədi xüsusi bir hərarət və maraqla tez-tez xatırlayırdı, onun çox ağıllı və bacarıqlı olduğunu deyirdi və şübhə etmirdi ki, əgər salamat qalıbsa, hörmətli bir adam olub.

Sonralar mən Türkiyə səfərlərim zamanı, həmişə bu adamı axtarırdım və nəhayət Türkiyədəki müsavatçıların köməkliyi ilə onun kimliyini müəyyən edə bildim: mühacirətdəki Azərbaycan milli azadlıq hərəkatının görkəmli xadimlərindən biri Məmməd Azər Aran.

 Bu xəbər İlyas Əfəndiyevi sevindirmiş və ona çox təsir etmişdi. Atam M.A.Arana məktub yazdı və mən bu məktubu ona çatdıra bildim. Eşitdiyimə görə, M.A.Aran da bu məktuba çox sevinmişdi, ancaq çox da təəssüf ki, artıq ağır xəstə idi və az sonra vəfat etdi.

Mən onun vəfat etdiyini atama demədim və cavabın gəlməməyinə belə bir səbəb göstərdim ki, ağır xəstədir, ona görə də cavab yazmır, amma deyir ki, sağalan kimi Bakıya gəlib İlyasla görüşəcəyəm. Sonra İlyas Əfəndiyev özü vəfat etdi...  

Məmməd Azər Aran isə İrandan keçməklə Türkiyəyə gəlmiş, Hərbi Tibb fakültəsinə daxil olmuş və buranı bitirdikdən sonra türk ordusunda hərbi həkim kimi xidmət etmişdir. Əsəb xəstəlikləri üzrə mütəxəssis olan Məmməd Azər Aran polkovnik rütbəsinə kimi yüksəlmişdir. O, Türkiyəyə gəldikdən sonra, Müsavat Partiyası sıralarına üzv yazılmış və Məmməd Əmin Rəsulzadənin ən mötəbər silahdaşlarından biri olmuşdur. Məmməd Azər Aran Kərim Ödər rəhmətə getdikdən sonra Müsavat Partiyasıa rəhbərlik etmişdir. Onun sağlığında Divanın qəbul etdiyi bir qərarla Musavat Partiyasının Azərbaycanda gizli fəaliyyəti qətiləşmişdr.

Azərbaycan Cümhuriyyəti Baş nazirinin müavini olan Elçin Əfəndiyev bir yazısında** Türkiyənin və azad dünyanın radiolarını müntəzəm olaraq gizli şəkildə dinləyən atası İlyas Əfəndiyevin gözləri yaşarmış halda bir səhər nənəsinə "Türkiyə radiosu Kişinin (Məmməd Əmin Rəsulzadənin) rəhmətə getdiyini" söylədiyinin şahidi oduğunu qeyd edir. Elçin Əfəndiyev başda olmaqla Əfəndiyevlər ailəsinə Azərbaycan Kultur Dərnəyinin üzvləri adından başsağlığı verir və İlyas Əfəndiyevə Allahdan rəhmət diləyirik (İlyas Əfəndiyev və əsərləri ilə bağlı geniş yazılar növbəti nömrələrimizdə dərc olunacaqdır)."


* Bu adam İlyas Əfəndiyevin tez-tez "Məhəmməd" deyə xatırladığı uşaqlıq və yeniyetməlik dostu olub və Füzuli rayonunda onunla bir məktəbdə oxumuşdu. Hadisə isə, İlyas Əfəndiyevin sözlərinə görə, belə olmuşdu: təxminən 30-31-ci illərdə bolşeviklərin əməllərini heç cürə qəbul etməyən iki gəncin -- İlyasla Məhəmməd bir gün gizlicə qərarlaşırlar ki, sübh tezdən Araz qırağında görüşsünlər və çayı keçib İrana qaçsınlar, oradan da Türkiyəyə getsinlər.

Sübh çağı deyilən yerdə görüşürlər.

İlyas Əfəndiyev deyirdi: "Çayı keçməyə hazırlaşırdıq ki, birdən-birə anam, atam, balaca qardaşlarım, bacılarım yadıma düşdü. Fikirləşdim ki, bunları burada qoyub gedirəm, axırları necə olacaq? Bolşeviklər atama, anama, bütün ailəmizə zülm edirdilər, fikirləşdim ki, bu zülmə necə tab gətirəcəklər? Bunlar qalır burada, mən Türkiyədə necə rahat yaşaya bilərəm? Məhəmmədə dedim ki, yox, mən getmirəm. Nə qədər elədisə də, getmədim. Məhəmmədlə vidalaşdıq, onu ötürdüm, çayı keçdi, mən geri qayıtdım."

.............................................................................................................................................

** Söhbət mənim M.Ə.Rəsulzadə haqqındakı monoqrafiyamda təsvir edilmiş bir epizoddan gedir. Həmin epizodu monoqrafiyada yazıldığı kimi təqdim edirəm:

"Onda mən 190 nömrəli məktəbin 5-ci sinifində oxuyurdum və yaxşı yadımdadır, Novruz bayramı ərəfəsi idi. Məktəbdən gəlib heç evə girməmişdim və Mirzə Fətəli küçəsində yaşadığımız 110 nömrəli evdən azacıq yuxarıda, Sarı hamamın qabağında məhəllə uşaqları ilə futbol oynayırdım. Bir azdan atam Yazıçılar İttifaqında işdən qayıtdı və mən onunla birlikdə evə getdim. Atam çox qayğılı idi, sözlü adama oxşayırdı və nənəm də çox hissiyyatlı adam olduğu üçün, o saat bunu duydu və sual dolu nəzərlərlə atama baxdı.

Atam əvvəlcə qapı-pıncərəyə nəzər saldı, sonra az qala pıçıltıyla:

- Deyirlər kişi rəhmətə gedib...- dedi.

Nənəm yavaşdan:

- Nə bildin?- soruşdu.

Atam:

- Deyirlər, guya, o tərəfdən radio ilə xəbər veriblər...

Nənəm titrəyən barmaqlarının arasına bir papiros alıb yandırdı.

"Kişi" kim idi? Yadıma gəlir, fikirləşdim ki, bəlkə Mir Cəfər Bağırovu deyirlər? Yox, Bağırov ola bilməzdi, çünki onun haqqında bizim evdə belə həyəcanlı danışmazdılar... Özü də ki, Moskva Bağırovu işdən götürüb, ondan danışanda daha qapı-pəncərəyə baxmaq lazım deyildi...

Özümü saxlaya bilmədim və:

- Kim ölüb?- soruşdum.

Atam:

- Get, oyna...- dedi.

Və mən sonralar bildim ki, söhbət Məmməd Əmin Rəsulzadədən gedirmiş... Daha sonralar isə bildim ki, o 1955-ci il martın 6-da o zaman bizim üçün əlçatmaz, ünyetməz bir məmləkət olan Türkiyədə vəfat edib. Bizə xəbər bir az gec gəlib çatıbmış..." (Bax: Elçin. Məmməd Əmin Rəsulzadə, Bakı, 1994, səh. 4.)


"Azərbaycan" (Türk Kultur Dərgisi),
Türkiyə, oktyabr nömrəsi, 1996.)

 

*   *   *

 

"AZƏRBAYCAN" QƏZETİ REDAKSİYASINA

Hörmətli baş redaktor!

Qəzetiniz vasitəsilə əziz və unudulmaz İlyas Əfəndiyevin vəfatı ilə əlaqədar bizə dərin hüznlə başsağlığı vermiş, ağır dərdimizi bizimlə birlikdə bölüşmüş bütün şəxslərə, idarə, müəssisə və təşkilatlara ən səmimi arzularımızı, böyük təşəkkür və minnətdarlığımızı bildiririk.                                

İlyas Əfəndiyevin ailəsi."

("Azərbaycan" qəzeti, 3 dekabr 1996;
"Xalq qəzeti", 3 oktyabr 1996.)

 

*   *   *

 

"İqdırlı Hacı İbrahim Güləli 25 ildir ki, Hollandiyada -- qürbətdə yaşayır... Hacının Azərbaycana bu dəfəki gəlişi səvab bir işlə bağlıdır. Yəni görkəmli yazıçımız İlyas Əfəndiyevin yas mərasimində şəxsən iştirak etmək üçün gəlibmiş."

 

Söhbət Səfərli
("Azərbaycan" qəzeti, 4 dekabr 1996.)

 

*   *   *

 

"QARA XƏBƏR VƏ BAŞSAĞLIĞI

 

Xəbər aldığımıza görə, Azərbaycan Cumhuriyyətinin görkəmli və məşhur yazıçı və nəmayəşnamə yazanı (dramaturqu- tərt.) və bir çox çağdaş yazıçıların ustadı İlyas Əfəndiyev 82 yaşında Allahın rəhmətinə qovuşdu.

Bu böyük itgini başda onun ailəsinə, hörmətli oğlu Elçin müəllim və qardaşına və Azərbaycan yazıçılarına başsağlığı deyib, ulu Tanrıdan o mərhuma məğferət və qalanlarına uzun ömür və səbr diləyirik."

 

("Varlıq" (İran) jurnalı, 101-2, 1375-ci il.)

 

 


Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10

 

 
   
 
       
     © Musigi Dunyasi, 2011