VƏFATINDAN SONRAKI İLLƏRDƏ
İLYAS ƏFƏNDİYEV
HAQQINDA DƏRC OLUNMUŞ YAZILARDAN
SEÇMƏLƏR
Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10
"İlyas Əfəndiyevin dəfnini təşkil etmək üçün aşağıdakı tərkibdə hökumət komissiyası təşkil edilmişdir: Abbas Abbasov (sədr), Rəfael Allahverdiyev, Ağa Bala Hacıyev, İsmayıl Sadıxov, Polad Bülbüloğlu, Anar Rzayev, Çingiz Abdullayev.
Vidalaşmaq üçün mərhumun cənazəsi oktyabrın 4-də saat 14-dən 16-ya kimi Şəhriyar adına Mədəniyyət Mərkəzində qoyulacaqdır.
Dəfn mərasimi Fəxri xiyabanda olacaqdır."
("Azərbaycan" qəzeti, 4 oktyabr 1996.)
* * *
"Azərbaycan Respublikası Nazirlər Kabinetinin rəhbərliyi və aparatın əməkdaşları Baş nazirin müavini Elçin Əfəndiyevə atası, Azərbaycanın xalq yazıçısı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."
("Azərbaycan" qəzeti, 4 oktyabr 1996.)
* * *
"Eldar Salayev və Salayevlər ailəsi Elçinə, xalqımızın böyük sənətkarı, əziz və unudulmaz İlyas müəllimin vəfatından kədərləndiklərini bildirir və Əfəndiyevlər ailəsinin dərdinə şərik olurlar."
("Azərbaycan" qəzeti, 4 oktyabr 1996.)
* * *
"Azərbaycan ədəbiyyatına itgi üz verib. Tanınmış yazıçı-dramaturq, respublika Dövlət mükafatı laureatı, yüzlərlə ədəbi əsərin müəllifi İlyas Məhəmməd oğlu Əfəndiyev oktyabrın 3-də 82 yaşında vəfat edib.
Əbülfəz Elçibəy, AXCP rəhbərliyi, "Azadlıq" qəzetinin kollektivi hörmətli yazıçının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin"
("Azadlıq" qəzeti, 4 oktyabr 1996.)
* * *
"Hakimiyyət" qəzetinin kollektivi görkəmli yazıçı, gözəl dramaturq İlyas Əfəndiyevin vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə, qohumlarına dərin hüznlə başsağlığı verir."
("Hakimiyyət" qəzeti, 3-10 oktyabr 1996.)
* * *
"Press-fakt" qəzetinin əməkdaşları görkəmli yazıçı-dramaturqumuz İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir, mərhumun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı verirlər.
Allah rəhmət eləsin."
("Press-fakt" qəzeti, 4-10 oktyabr 1996.)
* * *
"Azərbaycan xalqına ağır itgi üz vermişdir. Görkəmli yazıçı və dramaturq İlyas Əfəndiyev ömrünün 82-ci ilində həyatını dəyişmişdir. Azərbaycan xalqına və xalqımızın sevimli yazıçısı İlyas bəyin ailəsinə, qohum-əqrabasına dərin hüznlə başsağlığı veririk."
("Ədalət" qəzeti, 5 oktyabr 1996.)
* * *
"Məmməd Araz və Aqil Abbas ailə üzvləri ilə birlikdə Əfəndiyevlərə, görkəmli yazıçı İlyas Əfəndiyevin vəfatından kədərlədiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."
("Ədalət" qəzeti, 5 oktyabr 1996.)
* * *
"Ədalət" qəzetinin kollektivi görkəmli yazıçı İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə, qohum-əqrabasına dərin hüznlə bahşsağlığı verirlər."
("Ədalət" qəzeti, 5 oktyabr 1996.)
* * *
"Oktyabrın 4-də respublikamızın ictimaiyyəti görkəmli nasir və dramaturq, xalq yazıçısı, mədəniyyətimizin qocaman və nüfuzlu nümayəndələrindən biri olan İlyas Məhəmməd oğlu Əfəndiyevi son mənzilə yola saldı.
Mərhumun cənazəsi Şəhriyar adına Mədəniyyət Mərkəzinin salonunda postamentin üzərinə qoyulmuşdu. Postamentin ətrafına Azərbaycan Prezidenti Heydər Əliyevin adından, respublika Milli Məclisinin, Nazirlər Kabinetinin və digir dövlət və hökumət təşkilatlarının, Yazıçılar Birliyinin, Teatr Xadimləri İttifaqının, elm, mədəniyyət, təhsil müəssisələrinin, ictimai təşkilatların adından əklillər düzülmüşdü.
İlyas Əfəndiyevin nurlu sənətinin pərəstişkarları xalqımızın sevimli yazıçısı ilə vidalaşmaq üçün axın-axın Mədəniyyət Mərkəzinə gəlir, görkəmli söz ustasına son borclarını verirdilər.
İlyas Əfəndiyevin sənət və qələm dostları, elm, mədəniyyət xadimləri, Milli Məclisin üzvləri mərhumun cənazəsi yanında fəxri qarovulda dayandılar.
Dəfni təşkil edən Hökumət Komissiyasının sədri, Baş nazirin birinci müavini Abbas Abbasov matəm mitinqini açaraq görkəmli ədibin həyat və yaradıcılığından danışdı. O dedi: Qüdrətli sənətkarımız ömrünün son anına kimi məhsuldar işləmiş, sənətə yeni ab-hava gətirmiş, psixoloji dramaturgiyamızın əsasını qoymuş, respublikada ədəbi prossesin fəal iştirakçılarından biri olmuş, ədəbiyyat tariximizə öz adını əbədi həkk etmişdir. Müasir Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi İlyas Əfəndiyevin adı ilə bağlıdır. O, "Söyüdlü arx", "Sarıköynəklə Valehin nağılı", "Geriyə baxma, qoca", "Atayevlər ailəsi", "Sən həmişə mənimləsən", "Xurşudbanu Natəvan", "Şeyx Məhəmməd Xiyabani" kimi ölməz sənət əsərləri ilə ədəbiyyat və mədəniyyət xəzinəmizi zənginləşdirmişdir. Ədibin bir çox əsərləri dünyanın müxtəlif xalqlarının dillərimnə tərcümə olunmuşdur və indi də tərcümə edilməkdədir. Yeni dövr bədii ədəbiyyatımızın təməl daşını qoyanlardan biri olan İlyas Əfəndiyevin xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. O, xalq yazıçısı, Dövlət mükafatı laureatı adlarına layiq görülmüş, müstəqil Azərbaycanın "Şöhrət" ordeni ilə təltif edilən ilk şəxslərdən biri (birincisi- tərt.) olmuşdur."
Natiq qeyd etdi ki, itgimiz ağır, kədərimiz sonsuz olsa da, bununla təsəlli tapırıq ki, İlyas Əfəndiyev özündən sonra onu əbədi yaşadacaq böyük ədəbi irs qoymuşdur. Görkəmli sənətkar, gözəl insan İlyas Əfəndiyevin əziz və parlaq xatirəsi qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, mədəniyyət naziri Polad Bülbüloğlu, akademik Bəkir Nəbiyev, xalq artisti Amalya Pənahova, xalq yazıçısı Hüseyn Abbaszadə, xalq şairi Qabil, Bəstəkarlar İttifaqının sədri, xalq artisti Tofiq Quliyev, xalq artisti, Milli Məclisin üzvü Mikayıl Mirzə görkəmli ədibin gözəl insani keyfiyyətlərindən və işıqlı yaradıcılığının xüsusiyyətlərindən söz açdılar. Natiqlər vurğuladılar ki, İlyas Əfəndiyev ilk əsərlərindən başlayaraq xalqın istəkli yazıçısı olmuş, sonralar isə ədəbiyyatımızın canlı klassikinə çevrilmişdir. Azərbaycan Dram Teatrında onun iyirmi pyesi tamaşaya qoyulmuş, həmişə də böyük müvəffəqiyyət qazanmışdır. Onun səhnə əsərləri sayəsində hər birinin özünəməxsus yaradıcılıq dəst-xətti olan istedadlı aktyorların, rejissorların bütöv bir nəsli yetişmişdir.
Azərbaycan ədəbiyyatının XX əsrdə yetirdiyi ən qüdrətli sənətkarlardan biri olan ədibin pyeslərinin hər biri dramaturgiyamızın tarixində əlamətdar hadisəyə çevrilib və bu əsərlərin hamısı birlikdə İlyas Əfəndiyevin teatrını yaratmışdır. Azərbaycan söz xəzinəsinə yüksək sənətin ölməz incilərini bəxş edən İlyas Əfəndiyev eyni zamanda ana torpağa, doğulub boya-başa çatdığı Qarabağa qəlbən bağlı idi və bu mövzular onun yaradıcılığında xüsusi yer tuturdu. Görkəmli ədibin vəfatı xalqımız, ədəbiyyatımız, mədəniyyətimiz üçün ağır itgidir.
Matəm mitinqinin sonunda mərhumun oğlu, yazıçı Elçin Əfəndiyev çıxış edərək dedi ki, İlyas Əfəndiyev bütün ömrünü milli ədəbiyyata, teatra, mədəniyyətə həsr etmişdir. Eyni zamanda o, Azəbaycanı bütün varlığıyla sevirdi və ölkəmizin müsəqillik qazanmasına qəlbən sevinirdi. Qarabağ faciəsi onu sarsıtmışdı, lakin inanırdı ki, Azərbaycan Prezidenti Heydər Əliyevin möhkəm iradəsi, zəngin təcrübəsi, yorulmaz fəaliyyəti sayəsində xalqımız işğal olunmuş torpaqları mütləq geri qaytaracaq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəkdir. Əminəm ki, belə bir gün gələcək və o gün İlyas Əfəndiyevin ruhunun ən şad məqamı olacaqdır.
Elçin Əfəndiyev atasının xatirəsini əziz tutduqları üçün respublika Prezidentinə, dövlət və hökumət təşkilatlarına, yaracdıcılıq qurumlarına, matəm mərasiminin bütün iştirakçılarına öz adından və mərhumun bütün ailə üzvləri adından minnətdarlığını bildirdi.
" " "
Azərbaycan Prezidenti Heydər Əliyev xalq yazıçısı İlyas Əfəndiyev ilə vida mərasimində iştirak etmək üçün Mədəniyyət Mərkəzinə gəldi.
Respublika Prezidenti Heydər Əliyev, Milli Məclis sədrinin birinci müavini Arif Rəhimzadə (o zaman sədr vəzifəsini icra edirdi- tərt.), Baş nazirin birinci müavinləri Artur Rasizadə (o zaman Baş nazir vəzifəsini icra edirdi- tərt.) və Abbas Abbasov mərhumun cənazəsinin yanında fəxri qarovulda dayandılar.
Sonra dövlətimizin başçısı Heydər Əliyev mərhumun övladlarına, qohum-əqrabasına dərin hüznlə başsağlığı verdi.
" " "
Xalq yazıçısı İlyas Əfəndiyevin cənazəsi ictimaiyyətin minlərlə nümayəndəsinin müşayiəti ilə Birinci Fəxri Xiyabana gətirildi. Qələm dostları onun haqqında ürək sözlərini söylədilir, din xadimləri mərhumun ruhuna dua oxudular. Azərbaycan ədəbiyyatı və mədəniyyətinin görkəmli xadimi İlyas Məhəmməd oğlu Əfəndiyevin cənazəsi doğma torpağa tapşırıldı. Məzarın üzərinə əklillər, gül dəstələri düzüldü.
Allah rəhmət eləsin, qəbri nurla dolsun!"
AzərTAC
("Azərbaycan" qəzeti, 5 oktyabr 1996.)
* * *
"Adil Minbaşıyev və "Femida" qəzetinin kollektivi Elçin Əfəndiyevə və Çingiz Əlioğluya əzizləri İlyas Əfəndiyevin vəfatından kədərləndiklərini bildirir və dərin hüznlə başsağlığı verirlər."
("Femida" qəzeti, 5 oktyabr 1996.)
* * *
"Əlican Əliyev ailəsi ilə birlikdə Əfəndiyevlər ailəsinə əzizləri İlyas Əfəndiyevin vəfatıdan kədərləndiyini bildirir və dərin hüznlə başsağlığı verir."
("Femida" qəzeti, 5 oktyabr 1996.)
Səhifələr : 1 2 3 4 5 6 7 8 9 10